CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Allah eləsin, ona heç araba lazım olmasın..."

© Sputnik / Ilham MustafayevElçin Musayev
Elçin Musayev - Sputnik Azərbaycan
Abunə olmaq
Dərdli ana: "İldən-ilə yaşı çoxalır, sinirləri ölür, 5 il necə gözləyə bilərəm?"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Elçin Musayev Tovuz rayonunun Aşağı Mülkülü kəndində yaşayır. Əksər insanlar kimi, o da bütün əzaları sağlam olaraq dünyaya gəlib. Lakin 21 yaşında baş verən bədbəxt hadisə nəticəsində yerimə qabiliyyətini itirib.

Qış üçün ot tədarükü görərkən ot tayasının üstündən yıxılan Elçin, onurğa sütununu zədələyib. O, həyatının bir ilini yataqda keçirməyə məcbur olub. Amma bütün ömrünü yataqda keçirmək fikri ilə barışmayıb.

Saç qırxmağı öyrənərək, valideynlərinin köməyilə kiçik bərbərxana açıb. O, burada həm bərbərlik edir, həm də çayçılıq edərək, gələn qonaqlara çay dəmləyir. Əlil arabasına məhkum olan gənc, çətinliklə də olsa, hər iki işin öhdəsindən gəlməyə çalışır.

Daim evdə oturmağın çox darıxdırıcı olduğunu deyən Elçin, işləyərək, müalicəsi üçün tələb olunan dərmanları almağa çalışır. Lakin günü-gündən artan qiymətlərin qarşılığında çox çətinlik çəkir. Artıq 9 ilə yaxındır yeriyə bilməyən gəncin ayaqlarında yataq yaraları yaranıb. Bunların da müalicəsini etmək ona o qədər də asan başa gəlmir.

Hazırkı durumu haqda Sputnik Azərbaycan-a danışan Elçin, yeriməyə ümidini üzmədiyini deyir: "Ayaqlarımda hissiyyat var. Yerimə qurğusundan tutaraq, addımlaya bilirəm. Həkimlər yeriməyim üçün ciddi müalicə almalı olduğumu deyirlər. Lakin bunun üçün imkanım yoxdur. Saç qırxıb, çay satmaqla bunun öhdəsindən gələ bilmərəm".

Elçinin anası Laçın xanım onu bir çox həkimlərin yanına aparsa da, imkanı olmadığından müalicəsini davam etdirə bilməyib. Hətta Bakıdakı Respublika Əlillərin Bərpa Mərkəzində olsa da, onu orada qəbil etmədiklərini deyir.

"Mənə dedilər ki, "burada növbəyə düşmək üçün, azı 5 il gözləməlisən". İldən-ilə yaşı çoxalır, sinirləri ölür. 5 il necə gözləyə bilərəm?" — qadın danışır.

Dərdli ananın sözlərinə görə, rəsmi qurumlardan da heç bir kömək görməyib: "Yıxılandan 1 il sonra bir araba verdilər. Elə araba idi ki, oğlumun gününün çoxu, elə onu təmir eləməyə gedirdi. Sağ olsunlar yaxşı insanlar. Hazırda işlətdiyi arabanı Bakıda yaşayan bir kəndçimiz alıb bağışladı. Neçə ildir onu istifadə edir. Allah eləsin, ona heç araba lazım olmasın, özü qalxıb yerisin".

Elçin Musayev 5 il öncə uşaqlıqdan sevdiyi qızla ailə həyatı qurub. Bütün ev işlərində həyat yoldaşı ona dəstək olur. Hələ övladları olmasa da, öz körpəsini qucağına alacağı, yeriyə biləcəyi günün uzaqda olmadığına çox inanır. Bunun üçün isə onun köməyə ehtiyacı var.

Xəbər lenti
0