11:33 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
367201

"Yaxın günlərdə problem həll olunacaq, çalışacağıq ki, insanlara mane olmadan tez bir zamanda işləri yekunlaşdıraq"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Bir balaca yağış yağan kimi çıxılmaz gölə çevrilən Binəqədi yolu, uzun müddətdir təmir edilir, amma ortada nəticə yoxdur. Yol tamamilə sıradan çıxdığı üçün, yayda toz-torpaq, qışda palçıq-çirkab suları və yağan yağış buranı keçilməz vəziyyətə salır. Təbii ki, küçənin bu vəziyyətdə olması vətəndaşların gediş-gəlişinə problem yaradır.

Sputnik Azərbaycan-a müraciət edən rayon sakini Arzu İsgəndərli bildirir ki, 5 ildən artıqdır Binəqədi ərazisində yaşayır. Deyir ki, yol yayda da, qışda da bərbad vəziyyətdə olur: "Yolun təmirsiz olması ərazidə saatlarla davam edən tıxacların yaranmasına gətirib çıxarır. Səhər və axşam saatlarında "Zəngəzur"-un qarşısı bərbad şəkildə tıxac olur. Saatlarla tıxacda qalırıq".

"Vallah, Binəqədi şosesi elə gündədir ki, ömrümüz tıxaclarda keçir. Yayda yol bərbad, çınqıl-şebel-torpaq qarışığı olduğu üçün toz-torpaq əlindən nəfəs almaq olmur. Bununla yanaşı, yol elə tıxac olur ki, bilmirsən, nə edəsən. Payız-qış aylarında yol o qədər palçıq-çirkab olur ki, avtobuslar, avtomobillər keçməkdən imtina edir" — sakin vurğulayır.

Elə bu məsələ ilə bağlı yolumu Binəqədi şosesindən saldım. Yol doğrudan da acınacaqlı vəziyyətdədir. Bir tərəfdə qalaqlanmış daş-kəsək, bir tərəfdə şebel-çınqıl qarışığı olan yol tam təmirsizdir. Sürücülər də öz növbəsində bu vəziyyəti nəzərə almır, təmirsiz yolda yüksək surətlə şütüyürlər. Nəticədə, yol keçilməz hala düşür.

Ərazi sakinləri deyirlər ki, onları daha məşəqqətli günlər gözləyir. Belə ki, payız-qış aylarında yolun "Venesiya"dan heç bir fərqi olmur. Ötən il isə Binəqədi rayonu yağış suları altında qalanda, FHN əməkdaşları bu ərazidə yaşayan sakinləri qayıqlarla xilas ediblər…

  • Binəqədi şosesində təmir işləri
    Binəqədi şosesində təmir işləri
    © Sputnik / Irade JELIL
  • Binəqədi şosesində təmir işləri
    Binəqədi şosesində təmir işləri
    © Sputnik / Irade JELIL
  • Binəqədi şosesində təmir işləri
    Binəqədi şosesində təmir işləri
    © Sputnik / Irade JELIL
  • Binəqədi şosesində təmir işləri
    Binəqədi şosesində təmir işləri
    © Sputnik / Irade JELIL
  • Binəqədi şosesində təmir işləri
    Binəqədi şosesində təmir işləri
    © Sputnik / Irade JELIL
  • Binəqədi şosesində təmir işləri
    Binəqədi şosesində təmir işləri
    © Sputnik / Irade JELIL
  • Binəqədi şosesində təmir işləri
    Binəqədi şosesində təmir işləri
    © Sputnik / Irade JELIL
  • Binəqədi şosesində təmir işləri
    Binəqədi şosesində təmir işləri
    © Sputnik / Irade JELIL
1 / 8
© Sputnik / Irade JELIL
Binəqədi şosesində təmir işləri

Binəqədi sakini Asif Haqverdiyevin sözlərinə görə, ərazi sakinləri daha çox axşam saatlarında problem yaşayırlar: "İnanın, 7-8 ildir eşidirik ki, yol təmir ediləcək. Hər dəfə bir problemlə bağlayırlar. Amma arada heç nə yoxdur. Axşam saatlarında vəziyyət daha acınacaqlı olur. Yolda o qədər avtomobil olur ki, bu yoldan çıxmaq 2-3 saata başa gəlir".

"İki gün öncə də təmir üçün yolu bağladılar və açdılar. Yenə arada təmir adlı heç nə yoxdur. Yadıma gəlir, qışda burada yağış suları yola dolanda prezident qərar vermişdi. Amma əməl edən yoxdur. Görünür, prezident məsələyə şəxsən bir daha qarışmalı olacaq" — Haqverdiyev əlavə edir.

"Azəravtoyol" ASC-nin mətbuat xidməti Anar Nəcəfli də etiraf edir ki, yol həqiqətən uzun zamandır acınacaqlı vəziyyətdədir: "Bilirsiniz ki, ötən il yağış yağanda həmin ərazi su altında qalmışdı. Və hətta bir neçə gün orada su çəkilməmişdi. Çünki həmin ərazidə nə yağış kollektoru, nə də kanalizasiya sistemi var".

Nəcəflinin sözlərinə görə, ölkə başçısının Bakı şəhərində yağış sularının idarə edilməsi ilə bağlı sərəncamına uyğun olaraq yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı ekspertiza keçirilib: "Həmin sərəncama uyğun olaraq "Azəravtoyol" və "Azərsu" tərəfindən Binəqədi şosesində işlərə başlanıldı. İlkin olaraq yola yağış kollektoru çəkildi. 2,8 km uzunluğunda olan kollektor Böyük Şor Gölünə axıdılacaq".

"Ərazidə qaz xətləri, su xətləri dəyişdirilib. Çox zaman su xətlərindən sızıntılar olduğu üçün yol sıradan çıxırmış. Ərazidə, təqribən 3 km su xətti yenilənib. Rabitə və işıq xətləri yenilənərək, yoldan kənarlaşdırılıb" — ASC sözçüsü bildirib.

"Əslində, bu işlər avqust ayının sonlarında başa çatmalı idi. Biz gözləyirdik ki, işlər bitsin və "Azəravtoyol" öz işinə başlasın. Amma bildiyiniz kimi, işlər bir qədər yubadılıb. Biz də işlərin bitməsini gözləyirik. Yaxın günlərdə yekunlaşmalıdır. Çalışacağıq ki, insanlara mane olmadan tez bir zamanda oradakı işləri yekunlaşdıraq" — o, əlavə edib.

Nəcəfli deyir ki, "Azəravtoyol" ASC paralel olaraq paralel olaraq öz işlərini görür: "Qazıntılar, müəyyən yerlərin doldurulub, kipləşdirilməsi işləri aparılır. Biz də çalışırıq ki, tez bir zamanda ərazinin asfaltlanma işləri həyata keçirilirsin".

Qurumun sözçüsü bildirir ki, "Azəravtoyol" ASC tam müasir standartlara uyğun olan yol infrastrukturunun yaradılmasına çalışır: "Gələcəkdə problemlər yaşanmaması üçün bu işlərə kompleks yanaşılmalıdır. Elə yol çəkilməlidir ki, tez bir zamanda sıradan çıxmasın. Həm su sızmalarının qarşısı alınacaq, həm yağış suları kollektorlar vasitəsilə birbaşa Böyükşor gölünə axıdılacaq. Bu sahədə artıq problemlər olmayacaq".

"Bundan başqa, "4-cü qapı" küçəsi ilə kəsişmədə tullantı suların axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunu Binəqədi şossesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş borunun köhnəlməsi və ötürmə qabiliyyətinin itirməsi nəticəsində intensiv yağıntılar zamanı sözügedən ərazi də yağış sularının altında qalırdı. Bunun qarşısını almaq məqsədi ilə hazırda yolun altından yeni 35 metr uzunluğunda borunun quraşdırılması işləri də aparıldı" — A. Nəcəfli diqqətə çatdırıb.

Həmsöhbətimizin dediyinə görə, yolda tam müasir yol infrastrukturu yaradılacaq: "2 gediş, 2 gəliş olmaqla, 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni "cib"li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək".

Əlaqədar

Yollarda sürət həddi azaldıldı
Paytaxtın yol polisi xəbərdarlıq edir
Sürücülərin diqqətinə: Bakının bu yolu bağlanır
Bakıda rahatlıq pozulub: Onları küçədə-bayırda görsəniz, dərhal məlumat verin
Sumqayıtda ölüm küçəsi
Bakı küçələrində nostalji anlar
Teqlər:
şosse, toz, Binəqədi yolu, qış, ərazi, palçıq, Bakı şəhəri, "Azəravtoyol" ASC, yay, təmir, su, Anar Nəcəfli, sakin, yol, payız, yağış

Əsas mövzular