08:18 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
90

Strateji Yol Xəritəsində kredit bürosunun 2017-ci ildə yaradılması nəzərdə tutulur

BAKI, 25 sentyabr — Sputnik. Gələn ay "Kredit büroları haqqında" Qanunun qəbulunun bir ili tamam olur. Ancaq təəssüf ki, bu müddət ərzində hələ də kredit bürosu yaradılmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev öz "Facebook" səhifəsində məlumat verib.

Пресс-конференция на тему Каким будет курс маната в ближайшее время
© Sputnik / Murad Orujov
Пресс-конференция на тему "Каким будет курс маната в ближайшее время"

"Büronun yaradılması prosesi ciddi səbəb olmadan uzanır. Biz büronun tezliklə fəaliyyətə başlayacağını gözlədiyimiz halda məlum olur ki, qurum ümumiyyətlə dövlət qeydiyyatına alınmaq mərhələsini keçməyib. Halbuki hüquqi baza yaradıldıqdan sonra kredit bürosunun qəbulu daha çox texniki xarakter daşıyır" — o yazır.

Samir Əliyevin yazdığına görə, banklar xeyli vaxtdır bu istiqamətdə işləyir və müəyyən kadr bazasını da formalaşdırıb: "Kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində kredit bürosunun yaradılması maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin əsas prioritetlərinə daxildir. Qanun layihə şəklində çoxdan hazırlansa da, məhz Strateji Yol Xəritəsi çərçivəsində qəbul edilib".

"Qısaca qeyd edim ki, kredit bürosu – bank və qeyri-bank kredit təşkilatlarından, kommunal və mobil rabitə xidmətləri göstərən şirkətlərdən, hətta məhsullarını nisyə satan müəssisələrdən müştəri barədə məlumatları toplamaq səlahiyyətinə malikdir. Bir sözlə, müştərinin ödəmə qabiliyyəti və davranışı barədə tarixçələr büroda toplanaraq baza yaradılır və banka müştərini düzgün qiymətləndirməyə imkan verir. Müştəri kredit üçün müraciət etdikdə onun tarixçəsi kredit almasında həlledici rol oynayır" — iqtisadçı bildirir.

O, əlavə edir ki, 2005-ci ildən başlayaraq bu funksiyanı Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) oynayıb: "Sadəcə MKR bank və bank olmayan kredit təşkilatları ilə məhdudlaşır. Kredit büroları isə daha geniş məlumatlara malik olan və daha çox iştirakçının cəlb edildiyi bir informasiya mübadiləsi sistemidir. MKR bir qayda olaraq maliyyə institutlarının daxili reyestri qismində çıxış edir, ancaq büro maliyyə institutları ilə yanaşı əhaliyə xidmət göstərmək məqsədilə yaradılır. Ən azı ildə 2 dəfə əhaliyə kredit tarixçəsi barədə məlumatları onların müraciəti əsasında pulsuz olaraq təqdim edir".

"MRK-nin fəaliyyətə başlaması problemli kreditlər probleminin həll edilməsi sahəsində banklara kifayət qədər dəstək verdi. Ödəyə bilmədikləri kreditləri ikinci və ya üçüncü bankın vəsaitləri hesabına bağlamaq və bununla da "kredit karuseli" yaratmaq kimi təhlükəli vərdişləri aradan qaldırdı. Sonrakı dövrdə kreditlərin ödənilməsində yaranmış problem devalvasiya və bankların məsuliyyətsiz kreditləşmə siyasəti nəticəsində yarandı" — S. Əliyev vurğulayır.

Ekspert bildirir ki, hazırda banklardan kredit götürmək müşkülə çevrilib: "Qurunun oduna yaşın yandığı kimi, məsuliyyətsiz və ya imkansız müştərilərin oduna da etibarlıları yanır. Skorinq sistemi işləmədiyindən banklar müştərinin rəsmi maaşının ümidinə qalıb. Yüksək və rəsmi maaşa malik müştəri isə intizamlı müştəri demək deyil. Kredit bürolarının üstünlüyü barədə çox yazmaq olar. Kredit götürməyin müşkülə çevrilməsi o demək deyil ki, banklar kredit vermək istəmir".

"Axı onlar cəlb etdikləri əmanətləri qaytarmaq, gəlir əldə etmək, işçilərin maaşlarını ödəmək və nəhayət fəaliyyət göstərə bilməsi üçün kredit verməyə məcburdur. Zərərli aktivlərin içində batan banklara kredit vermək üçün etibarlı müştəri lazımdır. Etibarlı müştərini isə kredit büroları olmadan müəyyənləşdirmək mümkün deyil" — mütəxəssis diqqətə çatdırır.

Qeyd edir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə tərtib etdikləri "Doing Business" hesabatında da Azərbaycanda kreditə əlçatanlığı göstəricisinin ildən-ilə pisləşir və bunun əsas səbəblərindən biri əhalinin özəl kredit bürolarına çıxışının olmamasıdır: "Bu mövqenin yaxşılaşdırılması üçün qanunvericilik bazası yaradlıb. "Kredit büroları haqqında" Qanunun tələblərinə uyğun olaraq bir sıra qaydalar qəbul edilib. Qanunvericilik bazası getdikcə təkmilləşdirilsə də, bu normativ aktların tətbiq ediləcəyi infrastrukturun — kredit bürosunun yaradılması ləngidilir. Beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasının vacibliyini göstərən prezident sərəncamı var. Strateji Yol Xəritəsində də kredit bürosunun 2017-ci ildə yaradılması nəzərdə tutulur. İlin bitməsinə isə cəmisi 3 ay qalıb…"

Əlaqədar

Müflisləşmiş bankların müştəriləri əmanətlərini geri ala bilməyəcəklər
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bank müştərinin bütov maaşına "əl qoyub"
Banklar yeni məzənnələri açıqladı
Teqlər:
"Kredit büroları haqqında" Qanun, iqtisadçı-ekspert Samir Əliyev, kredit, bank

Əsas mövzular