23:31 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
393 0 0

İlk növbədə peşəkar aşbazların hazırlanmasına investisiya qoyulmalıdır ki, onlar Azərbaycan yeməklərini düzgün və gözəl formada hazırlayıb təqdim etməyi bacarsınlar

BAKI, 24 sentyabr — Sputnik. Nəhayət, milli mətbəximizin populyarlaşması üçün elə üsullar var ki, onlar təkcə qurmanları sevindirməklə qalmaz, həm də Azərbaycana külli miqdarda gəlir gətirə bilər.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov yerli gündəlik yeməklərin hesabına necə pul qazanmağın yollarını Sputnik Azərbaycan-a anladıb.

Onun sözlərinə görə, gündəlik qidalanma yeyinti sənayesi ilə tandemdə olmalıdır. İlk növbədə peşəkar aşbazların hazırlanmasına investisiya qoyulmalıdır ki, onlar Azərbaycan yeməklərini düzgün və gözəl formada hazırlayıb təqdim etməyi bacarsınlar. 

Məktəb yeməkxanasında şagirdlər, arxiv şəkli
© Sputnik / Kirill Kallinikov

Əmiraslanovun sözlərinə görə, bu gün Azərbaycanda sözügedən sahədə peşəkar kadrların hazırlanması üçün məktəblər praktiki olaraq yox səviyyəsindədir. Eyni zamanda gələcək aşbazların təcrübə keçməsi üçün lazımi texniki avadanlıq yoxdur. Məhz buna görə də, xaricdəki məşhur restoranlarda Azərbaycan aşbazlarına rast gəlmək mümkün deyil.

Milli mətbəximizin xaricdə təbliğ olunmasının ikinci mərhələsi Azərbaycan restoranlar şəbəkəsinin qurulmasıdır.

"Vaxtilə prezident Heydər Əliyevin imzaladığı 596 saylı fərmanda dövlət və özəl sektor tərəfindən xaricdə Azərbaycan restoranlar şəbəkəsinin yaradılması nəzərdə tutulurdu. Ümummilli liderin məqsədlərindən biri Azərbaycan məhsullarının dünya bazarına çıxarılması idi" — deyə kulinar bildirib.

Əmiraslanov Fransa, Çin, Türkiyə təcrübəsini müsal gətirərək deyib ki, bu gün onların restoranlar şəbəkəsinə dünyanın bütün guşələrində rast gəlmək mümkündür. 

Üçüncü mərhələdə isə, malların sənaye üsuli ilə kütləvi istehsalına başlanması siyasəti populyarlaşdırılmalıdır. Amma görünür bu proses elə də sadə deyil. Əmiraslanovun sözlərinə görə, bunun üçün əvvəlcə xörəkləri yaxşı öyrənmək, sonra müvafiq texnologiyanın hazırlanması və patentin alınması lazımdır.

Məhsulların bazara çıxarılması prosesinin çətin olmasına baxmayaraq, bu, Azərbaycana yaxşı gəlir gətirə bilər.

"Qida məhsullarının satışı nə deməkdir? Biz xaricdən hansısa ərzaq məhsullarını alanda pul ödəyirik. Bu isə valyutanın qeyri-effektiv xərclənməsidir. Biz satışdan ciddi gəlir əldə edə bilmərik. İqtisadiyyatın daha effektiv istiqaməti var: istehsala və ixracata üstünlük verməliyik. Biz uzun illərdir Azərbaycan məhsullarının dünya bazarına çıxarılması sistemini qurmaq üçün mübarizə aparırıq. Onları sənaye bazası əsasında öyrənmək lazımdır" — deyə kulinar bildirib.

Əmiraslanov qeyd edib ki, artıq bu istiqamətdə ilkin addımlar atılıb. Misal üçün, Moskvada Azərbaycan paxlavası gözəl satılır. MDB ölkələrində Azərbaycan dolmasının və düşbərənin dondurulmuş şəkildə satışına rast gəlmək mümkündür. Bununla yanaşı, Azərbaycanın hər bir yeməyi ölkənin vizit-kartı olmalıdır. Bunun üçün maliyyə və düzgün strategiya lazımdır. Misal üçün, bu gün hamı istəyir özbək plovunun, fransız şərabının, holland və İsveçrə pendirinin, İtaliya krevetkasının, Norveç balığının dadına baxsın. 

Mütəxəssisin sözünə qüvvət verərək bildirək ki, əcnəbilər Azərbaycanın bir çox milli xörəklərini dadmaq üçün ölkəmizə gələ bilərlər. Çünki bu xörəklərin hazırlanmasında yerli və təbii məhsullardan istifadə edilir. Mal, qoyun əti, tərəvəzlər, kərə yağı təbii yolla hazırlanır. Azərbaycan təkcə ətsevənlər üçün deyil, vegeterianlar üçün də əsl cənnətdir. Bir neçə il əvvəl kənd yerlərində tez-tez hazırlanan göyərti qutabı dünyanın ən sağlam yeməyi seçilmişdi. Yerli paxlava isə heç də türk paxlavasından geri qalmır.

Cənub-şərqi Anadolu İxracatçı Birliklərinin (GAIB) rəhbəri Abdulkadir Çıkmazın sözlərinə görə, Türkiyə 2016-cı ildə dünyanın 13 ölkəsinə 136 ton paxlava ixrac edib ki, bundan da 1,5 milyon gəlir əldə edilib. Paxlava ABŞ, BƏƏ, İsveçrə və Çin kimi ölkələrə də ixrac edilib. Artıq 2017-ci ilin 8 ayı ərzində paxlava ixracatı ilə bağlı göstəricilər ötən ilin bütöv göstəricilərinə çatıb.

Mümkündür ki, dünya Azərbaycanın təkcə paxlavasını deyil, digər ənənəvi şirniyyatlarını da sevsin. Şəkərburanı da rahat şəkildə ixrac etmək olar. Bu məhsul uzun müddət xarab olmadan qalır. Xatırladaq ki, Novruz bayramı dövründə şəkərbura bir neçə həftə xonçada qalır, lakin öz təravətini itirmir. 

Qarabağın göyərti kətəsinin resepti
© Sputnik / Kamilla Əliyeva

Doyumlu xörəklərə gəlincə, buğlamanı xatırlada bilərik. Bu, tərəvəz və ədviyyatla bişirilmiş ət xörəyidir. Bu yeməyin ixrac edilməsi üçün yeni texnologiya fikirləşməyə ehtiyac yoxdur. Buğlamanı konserv bankalarında bişmiş ət kimi saxlamaq olar. Belə qablaşdırma onu daşımaq üçün də rahatdır.

Eyni fikirləri içkilər haqqında da demək olar. Bu gün Qusar rayonunda yerli itburnu və heyvadan içkilər hazırlanır. Bunun üçün xammal meşələrdən toplanır. Bu meyvələr ekoloji cəhətdən son dərəcə təmizdir və immuniteti möhkəmlətməyə kömək edir.

Bu baxımdan Azərbaycanda turizmin inkişafı ilə yanaşı qida sənayesinin də inkişafına təkan vermək lazımdır.

Əlaqədar

Kabab xoşlayırsansa, onu bişirməyi də bacarmalısan
Ləzzətli quzu kababının resepti ilə tanış olun
Lənkəranda bişirilən turşu kabab
Qarabağın göyərti kətəsinin resepti
Azərbaycan qonaqpərvərliyi: Yeni il masasının şahı - plov
Teqlər:
qutab, buğlama, Qida hazırlanması, Azərbaycan Milli Kulinariya Assosiasiyası, Tahir Əmiraslanov, Qusar rayonu, Türkiyə, Çin, Fransa, Azərbaycan

Əsas mövzular