00:23 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
142320

Ortada qəbir var, ətrafda dəfn edilənlər də həmin qəbri əhatəyə alıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Təsəvvüf İslamın əsas ideya cərəyanlarından biridir. Sufizm və yaxud təsəvvüf mahiyyət etibarilə eyni mənanı ifadə edir. Sufi sözü ərəb dilində "Suf", "Sof" sözündəndir və yun və ya qaba yundan hazırlanan parça deməkdir. Sufi isə həmin parçadan paltar geyinən insana deyilir.

Sufi icmaları artıq X əsrin sonlarından etibarən təşkil olunaraq genişlənməyə başladı. Tarixçi Muhəmməd İbn Münəvvərin məlumatına əsasən, təkcə Şirvanda 400-dən artıq sufi xanəgahı olub. XV əsrdə Azərbaycanda olmuş səyahətçi Övliya Çələbi sözügedən ərazidə mövcud olan xanəgah və təkkələr haqqında məlumat verib.

Xanəgah Məbədindəki sinə daşı
© Sputnik / Rahim Muradov
Xanəgah Məbədindəki sinə daşı

Çələbi, Şeyx İbrahim Şirvaninin Mərəzədəki Diri Baba, Şeyx Rza Sultanın və Əfşar Babanın ziyarətgahlarının adını çəkir. Azərbaycanın ən qədim tarixi yerlərindən olan Cəlilabadın da sufizmlə əlaqəli olduğunu çoxları bilmir. Lakin rayonun ucqar dağ kəndlərindən olan Xanəgah kəndinin adı buna sübutdur.

"Xanəgah kəndinin tarixi 500 ildən artıq bir dövrü əhatə edir. Düzdür, "Xanəgah" türbəsinin tikilmə tarixi XIV-XV əsrlərə aiddir. Xanəgahlılar bura sonradan elə məhz bu məbədə görə köçüb gəliblər" – deyə Xanəgah kənd sakini, tarix müəllimi Rza Rzayev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət zamanı bildirib.

Tarix müəllimi Rza Rzayev kəndin tarixindən danışır
© Sputnik / Rahim Muradov
Tarix müəllimi Rza Rzayev kəndin tarixindən danışır

Rza müəllim ilk olaraq, "Pirxəncər" və "Xanəgah Məbədi" haqqında məlumat verməyi vacib bildi: "Pirxəncər" türbəsi Xanəgah ərazi nümayəndəliyinin Tülkelli kəndində yerləşir. Hələ Sovet dövründən bu məkan böyük ziyarətgah və inanc yeri kimi qəbul edilib. Ziyarətgahın "Pirxəncər" adlandırılmasının səbəbi isə burada olan sinəüstü qəbir daşlarının üzərində xəncər şəklinin əks olunmasıdır. Burada üzərində xəncər və çoxşaxəli günəş rəmzi olan 10-dan çox daşlar var. Buradakı iki "Sənduqə" daş tarixi baxımından çox qiymətlidir".

"Daşların hər birinin çəkisi 200 kq-dan çox, uzunluğu 1,35 m, hündürlüyü isə 70 sm-dir. Hər iki daşın üzərində at belində oturmuş başı örtüklü qadın təsvir edilib. Daşın baş tərəfində qadına aid olan daraq, boyunbağı, üçdüymə sırğa və başqa təsvirlər yer alıb. Sinə daşlarının qıraq hissələri ərəb hərflərinə oxşar hərflərlə bəzədilib. Deyim ki, bu yazıları bu günə kimi heç kəs oxuya bilməyib. "Sənduqə" daşların üzərindəki təsvirlərdən bəlli olur ki, burada dəfn edilənlər şiəliyə mənsub sufi qadınlardır" — Rzayev qeyd edib.

Məzar daşı
© Sputnik / Rahim Muradov
Məzar daşı

Müəllim əlavə edib ki, "Xanəgah" və "Pirxəncər" türbəsi 1937-ci ilə kimi bütöv tikili olub: "Xanəgah sözünün mənası xanə — yer, agah isə məkan deməkdir. Ümumilikdə isə "Dərvişlər məskəni" adlanır bura. Türbənin bu ərazidə tikilməsində bir zamanlar Lənkəranda sufiliyi təbliğ və tədris edən Şeyx Zahid Gilaninin böyük rolu olub".

Onun dediyinə görə, 1937-ci ildə SSRİ-də repressiyalar başlayanda, din qadağan ediləndə, sözügedən türbə dağıdılıb: "Hazırda türbənin qalıqları və türbədə dəfn edilənlərdən 2 nəfərin məzar daşı qalıb. Türbə dağıdılsa da, uzun müddət gizlicə ziyarət edilirmiş".

"Burada dəfn formasına baxdıqda, bizim üçün qeyri-adi forma görürük. İslam qaydalarına əsasən, məzarın baş hissəsi qərbə, ayaq hissəsi şərqə baxmalıdır. Amma burada ortada bir qəbir var. Ətrafında dəfn edilənlər isə dairəvi formada ortadakı məzarı dövrəyə alıb. Bu da bir daha onu sübut edir ki, burada dəfn edilənlər sufilik təriqətini yayanlardır. Çünki sufilik təliminə əsasən, mürşid öldükdən sonra belə, ətrafında dəfn olunanlar o biri dünyada Allahın rəhmətinə qovuşacaqlar" — müsahibimiz bildirir.

Xanəgah – Pirxəncər türbəsinin qalıqları 2008-ci ildə aşkar edilib
© Sputnik / Rahim Muradov
"Xanəgah" – "Pirxəncər" türbəsinin qalıqları 2008-ci ildə aşkar edilib

Rza müəllim bildirir ki, "Xanəgah" – "Pirxəncər" türbəsinin qalıqlarını 2008-ci ildə aşkar edib. Türkiyəli professor Mehmet Rıhtım da "Xanəgah" türbəsinin bir vaxtlar sufiliyin mərkəzi olmasını təsdiq edib: "Türbə Cəlilabad rayonu Mədəniyyət və Turizm Şöbəsi tərəfindən tarixi abidə kimi qeydə alınıb. Deyim ki, hazırda "Xanəgah" – "Pirxəncər" türbəsinin dövlət tərəfindən bərpa edilib qorunmasına ehtiyac var".

Qeyd edək ki, türbə ətrafında yerləşən qəbiristanlıqda qədim dövrə aid bir neçə baş və sinəüstü məzar daşları var. Rza müəllim bildirir ki, daşların üzərində yazı olmadığı üçün bu daşların erkən orta əsrlərə aid olduğu ehtimal olunur.

Əlaqədar

İki sərkərdənin uyuduğu türbə: əhali oranı ziyarət etməyə qorxurdu
700 ilə yaxın yaşı olan Bərdə türbəsinin bərpası başa çatmaq üzrədir
"Hökmdar məzarlığı”nın bərpaya ehtiyacı var…
Orada 23 məzar var — vəhşətin nişanələri
Azərbaycanlı Şeyxin məzar daşı Ermitaja aparılıb
Dünyanın 11 bölgəsində məzarı olan sufi
Teqlər:
Rza Rzayev, "Xanəgah" türbəsi, xanəgah, sufizm, sufi, sufilik, təsəvvüf, cərəyan, türbə, Cəlilabad, qəbir, İslam

Əsas mövzular