CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Osmanlılar Bakıya niyə "Qafqaz Türk" yox, "Qafqaz İslam" ordusu göndərdi?

© Sputnik / Murad OrujovBakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyinə həsr olunmuş tədbir
Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyinə həsr olunmuş tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Azər-Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı millət vəkili Hikmət Babaoğlu ilə razılaşmayıb

BAKI, 14 sentyabr — Sputnik. "Əgər Qafqaz İslam ordusu 1918-ci ildə Bakını bolşevik-daşnak faşistlərindən azad etməsəydi və Demokratik Cümhuriyyət qurulmasaydı, bu gün Azərbaycan müstəqil dövlət kimi yox, Rusiyanın tərkibində muxtar respublika olacaqdı". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Hikmət Babaoğlu Bakının bolşevik-daşnak birləşmələrindən azad edilməsinin 99 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı deyib.

© Sputnik / Murad OrujovHikmət Babaoğlu
Hikmət Babaoğlu - Sputnik Azərbaycan
Hikmət Babaoğlu

Millət vəkili Cümhuriyyətin qurulmasının həyati əhəmiyyətə malik olduğunu söyləyib: "Əgər Nuru Paşanın ordusu Bakını azad etməsəydi, 1918-ci ildə qurulan Azərbaycan Demokratik Cümhuriyyətinin sərhədləri tamam fərqli olacaqdı. Əgər Demokratik Cümhuriyyətin müstəqilliyi baş tutmasaydı, SSRİ yarananda Azərbaycan İttifaqa müttəfiq ölkə kimi yox, muxtar vilayət kimi daxil ediləcəkdi. Və ən əsası, əgər o vaxt biz SSRİ-yə respublika kimi daxil olmasaydıq, 1991-ci ildə sovetlər dağılanda Azərbaycan SSRİ-nin tərkibindən müstəqil dövlət olaraq yox, Dağıstan kimi muxtar əyalət kimi çıxacaqdı".

Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana yardıma gələn İslam ordusunun tərkibində sadəcə türklərin olmadığını deyən Babaoğlu, Osmanlı dövlətinin nə üçün ordunun adını məhz "Qafqaz İslam ordusu" qoyması haqda isə maraqlı fakta toxunub:

"Bir məsələ var ki, bura xüsusi diqqət yetirmək lazımdır. Azərbaycana yardım üçün daxil olan ordunun adı "Qafqaz İslam ordusu" idi. Ordunun bu cür adlandırılması 630 illik keçmişi olan, dünya siyasət tarixinə öz möhürünü vuran qüdrətli bir dövlətin siyasi baxımdan çox düzgün ifadə etdiyi ad idi. Qafqaz Türk Ordusu yox məhz İslam ordusu. Çünki yüz il bundan əvvəl erməni-bolşevik-daşnak faşizminin həyata keçirdiyi soyqırıma təkcə türklər yox, ümumilikdə müsəlmanlar məruz qalmışdı. Bunu bu cür ifadə etmək bizə həm siyasi məqsədlərimizə çatmaq üçün vacibdi, həm də tarixi hadisələri obyektiv təsvir eləmək üçün lazımdır. Erməni vandalları türklərlə yanaşı, kürdləri, lazları, çərkəzləri, talışları və digər müsəlman xalqları da öldürürdülər. Hətta yəhudiləri də".

"Nuru Paşa Azərbaycana 8-10 minlik ordu ilə daxil olur, Bakıya çatanda ordu üzvlərinin sayı 20 minə çatır. Dağıstan xalqlarından 6-7 min könüllü qoşulur İslam ordusuna, bir o qədər könüllü də Azərbaycandan qatılır bu birliyə. Sual verin, dağıstanlılar niyə durub gəlirdilər?" Nə qədər xalq var orda? Çünki o xalqlar da Qafqaz İslam ordusunu öz hamisi, xilaskarı kimi görürdü. Biz o hadisələri ətraflıq qavrayı, dünyaya çatdırsaq bizim xeyrimizə olar" — Hikmət Babaoğlu deyib.

Azər-Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı isə millət vəkili Hikmət Babaoğlu ilə razılaşmayıb.

© Sputnik / Murad OrujovAzər-Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı
Azər-Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı - Sputnik Azərbaycan
Azər-Türk Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı

"Ordunun adı İslam olsa da, həmin əsgərləri Qafqaza göndərən "Turan" ideyasının daşıyıcısı və bu ideyanın uğrunda şəhid düşən Ənvər paşanın timsalında türklük şüuru idi. Bu çox vacib və önəmli hadisədir ki, biz Azərbaycan türkləri həmin olayları unutmamalıyıq" — Tənzilə Rüstəmxanlı bildirib.

Tədbirdə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Rəhimoğlu, Qeyri-Hökumət təşkilatları forumunun prezidenti Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və politoloq Elçin Mirzəbəyli də çıxış ediblər.

Qeyd edək ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi münasibətilə tədbir keçirilib.

Xəbər lenti
0