07:05 19 Noyabr 2017
Canlı yayım
Bakı

Bakıya axışanlar çıxılmaz durumda və bir də axşam 9-dan sonra gələnlər buraxılmayacaq...

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
1016210

Paytaxtda söküntü "bumu", turist axını və artan qiymətlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanmasına saylı günlər qalıb. Tədris ilinin başlanması özü ilə çoxsaylı problemlər də gətirir. Xüsusən də, ali məktəblərə qəbul olan tələbələrə. Hazırda tələbələrin əsas problemi ucuz kirayə ev problemidir. Yataqxana yox, kirayə evlərin sayı az, qiymət baha. Bəs tələbə harada qalsın?

Elə bu məqsədlə, yolumu "Neftçilər" metrosu yaxınlığında yerləşən ənənəvi kirayə bazarından saldım. Ərazidə Post Patrul Xidməti (PPX) əməkdaşları olduğu üçün bazarda seyrəklik müşahidə edilirdi. Parkda gəzən ev sahibləri və maklerlər özləri yaxınlaşıb ev təklif edirdilər.

Səmayə Ramazanova elə "Neftçilər" metrosu yaxınlığında yaşayır. Dediyinə görə, 3 otaqlı evinin iki otağını tələbə qızlara kirayə verməyi düşünür:

— Oxuyursanmı?

— Yox, bacım üçün ev istəyirdim.

— Ayı 100 manata verirəm. İki qız qalacaqlar. Evdə hər şərait var. Amma evə axşam 21.00-dən gec gəlmək olmaz. Mənim evim normal, tərbiyəli tələbə qızlar üçündür. Hər axşam evin qapısını özüm bağlayıb yatacağam.

S. Ramazanova bildirir ki, evə, kirayədə qalan tələbə qızlardan başqa heç kim gələ bilməz: "Sən də arxayın olacaqsan ki, bacın etibarlı yerdədir. Çox adam qalıb evimdə, heç kim də narazı olmayıb. Öz qızım kimi nəzarət etmişəm qızlara".

Ev sahibi olan qadın deyir ki, evi kirayə verdiyi qızların valideynlərinə öz şəxsiyyət vəsiqəsinin surətini də verir: "Birdən kimsə qorxar ki, qızını kimə əmanət edir. Vəsiqəmin surətini verirəm. Mənim təyin etdiyim vaxt ərzində qızın başına nəsə gəlsə, mən cavabdehəm. Evdən kənarda olduğu müddət isə mənlik deyil".

Daha sonra o, şəxsiyyət vəsiqəsinin surətini mənə uzadır. Alıb baxıb, qaytarıram.

Makler olduğunu deyən Vasif Əliyev isə bildirir ki, indi evlər bahalaşıb: "Buna görə də, münasib ev olanda düşünmədən razılaşmaq lazımdır. "Neftçilərdə" bir otaqlı evlər 250-300 manat, iki və 3 otaqlılar 300-400 manat, "Gənclik"də bir otaqlılar 300-350, iki otaqlılar 400-600 manat, "Nərmanov"da bir otaqlılar 250-350, iki otaqlılar 350-500 manatdır. Onu da əgər tapa bilsən".

Makler deyir ki, kirayə ev tapdıqdan sonra bunun makler haqqı da var. Bu da evin kirayəsinin aylığının 20 faizi qədərdir. Yəni, 350 manata ev tutursansa, 70 manat da maklerə ödəməlisən: "Artıq ev üçün tələbələr gəlməyə başlayıb. Ev tapmaq çətindir. "Qarayev"də bir həyət evi var. İki otaqlıdır, 250 manata deyir. İki nəfərliyə qalmaq olar, balaca həyəti də var. Məncə, götürün, peşman olmazsınız".

Sağollaşıb, uzaqlaşıram. Düzü, maklerin iddiasına baxmayaraq, ev bazarında bu il seyrəklik müşahidə edilir. Nə ev üçün müraciət edən var, nə də əvvəlki illərdə olduğu kimi sıxlıq.

Mütəxəssislər isə deyirlər ki, Bakıda qiymət baha, ev az olduğu üçün, artıq tələbələr daha bazarlara getmir, ev alqı-satqı ofislərinə müraciət edir. Kirayə evə görə bəzən bir ay növbə gözləməli olurlar.

Tikinti eksperti Elnur Fərzəliyevin sözlərinə görə, qarşıdan yeni tədris ili gəlir, kirayə bazarında isə vəziyyət acınacaqlıdır. Evlər az, qiymət baha, tələbat isə çox olduğu üçün bir çox regionlardan gələn tələbələr acınacaqlı durumla qarşı-qarşıyadırlar.

"Bilrisiniz ki, hələ 1992-ci ildən — torpaqlarımız işğal edildikdən sonra, məcburi köçkünlərin çox hissəsi təhsil ocaqlarının yataqxanalarında məskunlaşdı. Bu səbəbdən də indi tələbələrimiz kirayə axtarmaq məcburiyyəti ilə üz-üzə qalıb" — Fərzəlivey bildirir.

Ekspertin sözlərinə görə, aradan uzun illərin keçməsinə baxmayaraq nə məcburi köçkünlərin ev problemi həllini tapıb, nə də tələbələrin yataqxana problemi: "Hər il bölgələrdə yaşayan yüzlərlə tələbə adını qazanmış gənc paytaxta gəlir və kirayə ev axtarışına başlayır. Qiymətlər tələbələr üçün münasib deyil, ev də tapmaq çətindir".

"Bilirsiniz ki, paytaxtda çoxsaylı söküntülər var və onların da sakinləri müəyyən ərazilərdə kirayə yaşayır. Bu da kirayə bazarında ev qıtlığına və qiymətin bahalaşmasına səbəb olub" — o, əlavə edir.

Fərzəliyev bildirir ki, kirayə evlərin baha olması və çox zaman tələbələrə ev verilməməsi onların müəyyən problemlər yaşamasına səbəb olur. Bəzən aztəminatlı ailələrin uşaqları kirayə evlərin baha olması səbəbindən təhsillərini yarımçıq buraxmaq məcburiyyətində qalırlar: "Kirayə evlərin qiymətinin artmasının digər səbəbi isə son zamanlar ölkəyə turist axının olmasıdır. Hesab edirəm ki, bu problemin aradan qaldırılması üçün tələbələr üçün yataqxanalar tikilməli və onlara ucuz qiymətə verilməlidir".

Ekspert bildirir ki, hazırda şəhərdən kənarda, Masazır və Xırdalan, Lökbatan ərazilərində nisbətən ucuz kirayə ev tutmaq mümkündür. Ancaq səhərlər yollar tıxac olduğu üçün bir çox tələbələr uzaq məsafələrdə ev götürmək istəmirlər..

"Mərkəzdə kirayə ev az, qiymət çox bahadır. Şəhərdən kənarda bir otaqlı evi 200 manata tapmaq olur. Amma o da çox uzaqdır. Qısacası, Bakıya gələn tələbə bir tələbə adını alanda sevinir, bir də ali məktəbə bitirəndə. İlləri isə ev dəyişmək, iş axtarmaqla keçir. Əgər, dediyimiz kimi, dövlət ali təhsil ocaqlarına aid yataqxanaların yaradılmasına qərar versə, tələbələrimiz də rahat nəfəs ala bilər" — Fərzəliyev vurğulayır.

Müşahidələrimizə əsasən deyə bilərik ki, paytaxtda söküntü "bumu", turist axını kirayə evlərin bahalaşmasına səbəb olub. Bu gün bölgədən gələn tələbə qalmağa münasib ev tapa bilmir. Yataqxanalar yox vəziyyətində, evlər baha və az. Qalmağa yer yox və təhsil… Tələbə nə etməlidir? Həqiqətən də, düşündürücü sualdır…

Əlaqədar

Əfsanəvi müğənninin evi kirayə verilir
Kirayənişin üç ay müddətinə kirayə haqqını ödəməsə...
İraqlı turist Bakıda qaldığı kirayədə ölü tapılıb
Kirayənişinin qətli məsələsi xüsusi nəzarətə götürüldü
Oğlan kirayənişin qızı öldürüb, onu müdafiə edənləri isə yaralayıb
Obamanın canı kirayələrdən qurtardı
Teqlər:
makler, kirayə, ev sahibi, mənzil, Bakı, tələbə, ev, qiymət

Əsas mövzular