CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycanda məcburi əməklə bağlı kifayət qədər faktlar var"

© Photo : Facebook / “Müasir cəmiyyət və qadın hüquqları” İB"Müasir cəmiyyət və qadın hüquqları" İctimai Birliyinin sədri Xanım Əhmədzadə
Müasir cəmiyyət və qadın hüquqları İctimai Birliyinin sədri Xanım Əhmədzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Xanım Əhmədzadə: "Ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının ortaya çıxması məcburi əməyin genişlənməsində xüsusi rol oynayır"

BAKI, 11 sentyabr — Sputnik. "Məcburi əmək əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli cinayət təhdidlərindən biri kimi qəbul edilir. Məcburi əmək təhlükəsi barədə hüquqi maarifləndirmə işinin davamlı surətdə aparılması, dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, əməliyyat potensialının, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi cinayət risklərinin azalmasına səbəb olan amillərdəndir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə, "Müasir cəmiyyət və qadın hüquqları" İctimai Birliyinin sədri Xanım Əhmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdikləri "Məcburi əməyə qarşı mübarizəyə dair hüquqi maarifləndirmə tədbirləri" layihəsi barədə məlumat verərkən bildirib. O, qeyd edib ki, Azərbaycanda hüquq və azadlıqların qorunması sahəsində güclü qanunverici bazanın, normativ hüquqi aktların mövcudluğuna baxmayaraq, məcburi əmək və insan alveri cinayətinin olması faktları kifayət qədər çoxdur.

"Bunun əsas səbəblərindən biri vətəndaşların bu cinayətlə əlaqədar qüvvədə olan qanunlar, fərman və sərəncamlar haqqında təsəvvürünün, məlumatının az olmasıdır. Dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, həmin səbəblərdən ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının ortaya çıxması da məcburi əməyin genişlənməsində xüsusi rol oynayır" — X. Əhmədzadə vurğulayıb.

İB rəhbərinin sözlərinə görə, əməyin istismarı xarakteri daşıyan işə məcbur olunanların, məcburi əməyin qurbanına çevrilənlərin və potensial qurbanların hüquqlarının müdafiəsi ilə bağlı problemlərin, cinayətlərin, məhkəmə çəkişmələrinin mövcudluğu, bu istiqamətdə hüquqi maarifləndirmə işinə ehtiyac olduğuna ciddi zəmin yaradır: "Maarifləndirmədə əsas məqsəd məcburi əməyə qarşı mübarizənin güclənməsindən, vətəndaşların öz hüquq və vəzifələrini daha yaxşı bilməsinə, problemlə qarşılaşdıqları zaman məcburi əməyin qurbanına çevrilməmək üçün hansı zəruri tədbirləri görməli olduqları barədə yardım göstərməkdən ibarətdir".

Xəbər lenti
0