CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bir ailə var: başsız, möhtac, gözü yolda...

© Sputnik / Irade JELILTamilla Məhərrəmovanın mənzili
Tamilla Məhərrəmovanın mənzili - Sputnik Azərbaycan
Abunə olmaq
Danışdıqca gözləri dolur, göz yaşları yanaqları boyunca süzülür

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 sentyabr — Sputnik. Bir neçə həftə öncə, sosial şəbəkədə bir mesaj aldım. Tamilla adlı bir xanım, vəziyyətinin ağır olduğunu, ona yardım etməyimizi istəyirdi. Deyirdi ki, körpə qızı, xəstə anası var, özü heç yerdə işləmir, uşağına, anasına baxa bilmir.

© Sputnik / Irade JELILTamilla Məhərrəmova qızı Kamilla ilə
Tamilla Məhərrəmova qızı Kamilla ilə - Sputnik Azərbaycan
Tamilla Məhərrəmova qızı Kamilla ilə

Məni evinə dəvət edən Tamilla xanım, yaşadığı vəziyyəti gözümüzlə görməyimizi istəyirdi. Getdim.

Tamilla Məhərrəmova Əhmədli qəsəbəsi, Zığ şosesi 40 ünvanında, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayır. Mənzilə daxil olanda kif qoxusu adamı vurur. Hamam və tualetə qapı əvəzinə pərdə asılıb. Evin döşəməsinə beton salınıb.

Məni içəri dəvət edib, otaqları göstərdi. Açıq elektrik naqilləri, çürümüş tavan, divarlar adamın üzərinə gəlirdi. Dediyinə görə, atası 8 aydır ki, dünyasını dəyişib. Atanın ölümü həm Tamillaya, həm də anası İradə xanıma, çox ağır təsir edib.

© Sputnik / Irade JELILHamam və sanitar qovşağının vəziyyəti
Hamam və sanitar qovşağının vəziyyəti - Sputnik Azərbaycan
Hamam və sanitar qovşağının vəziyyəti

İradə Məhərrəmova danışanda göz yaşlarını saxlaya bilmir. Deyir ki, həyat yoldaşı ilə 42 il həyat sürüb və bu illər içində yoldaşı bir dəfə də olsun ona əl qaldırmayıb: "Çox mülayim, gözəl insan idi. Mübahisələrimiz 5 dəqiqə davam edərdi. Sonra gülümsünüb deyərdi: "İradə, qanını qaraltma, dəyməz". Mən onu itirməklə bütün həyatımı itirdim".

"Mənim üçün həyatda yeganə kişi o idi. Onun yoxluğuna hələ də inana bilmirəm. Gülüşü, səsi, zarafatları, davranışları hələ də gözümün önündədir. Yadıma düşür, boğuluram, nəfəs ala bilmirəm" — qadın danışır.

İradə xanım deyir ki, həyat yoldaşında qaraciyər serrozu xəstəliyi varmış. Uzun müddət müalicə götürdükdən sonra xəstəliyi müəyyən qədər sağalır. Amma bu dəfə başında şiş yaranır: "Onun yaşaması üçün əlimdən gələni edirdim. Bir gün gəldi ki, "İradə, bir iş var, ağır iş deyil, elektrik işidir, gedim, pulumuz olsun". Mən də düşündüm ki, yüngül işdirsə, gedib başını qatsın. Amma gələndə qanı qara idi".

"İki-üç ay sonra başında ödəm yarandı. Deyirdi, iş zamanı yıxılıb, başı divara dəyib. Onu da əməliyyat etdirdik. Həkimlər vaxt qoymuşdular ki, əməliyyat edilməsə, öləcək. 12 min manata əməliyyat etdilər. Əməliyyatdan sonra 3 il də yaşadı. Bir gün isə elə durduğu yerdə ağzından qan gəlməyə başladı" — müsahibimiz dərdini dilə gətirir.

© Sputnik / Irade JELILMəhərrəmovların mənzilindəki otaqlardan biri
Məhərrəmovların mənzilindəki otaqlardan biri - Sputnik Azərbaycan
Məhərrəmovların mənzilindəki otaqlardan biri

Söhbətin bu yerində Tamilla söhbətə qoşulur. Deyir ki, atası vaxtlı-vaxtında müalicə almadığı üçün xəstəliyi gizli inkişaf edirmiş. Dünyasını da elə serrozdan dəyişib. Atası dünyasını dəyişənə qədər ailə onun təqaüdü ilə dolanırmış. Ondan sonra təqaüd də kəsilir.

İradə xanıma həyat yoldaşının ölümü ağır təsir edir. Xəstəlik tapır. Bununla yanaşı, yoldaşının ölümündən sonra yaşadığı ağır depressiya da qadını xəstəliyə düçar edir.

İ. Məhərrəmova şəklini çəkməyimi istəmədi. Dedi ki, o, heç vaxt belə vəziyyətə düşməyib, həyat yoldaşı həmişə ailəyə yaxşı baxıb. Bu səbəbdən də onu kiminsə görməsini istəmir…

Tamilla ailə həyatı qurmuş olsa da, həyat yoldaşı ailəsinə, evinə baxmadığı üçün ondan ayrılıb: "Ayrı yaşayırıq. O, bizi istəmir. Uşaq belə, ona yaxın olmaq istəyəndə qovurdu, yaxına buraxmırdı. İndi də nə qızı ilə maraqlanır, nə də mənimlə".

"Düzü, atam razı deyildi onunla ailə həyatı qurmağıma. Amma guya məni sevirdi. Mənasız imiş hər şey. Qızım olandan sonra anladım ki, səhv imiş. Amma indi mən qızımı və anamı saxlamaq məcburiyyətindəyəm. Ara-sıra evlərə işləməyə gedirəm. Amma qazandığım pul nə evin xərclərinə, nə də borclarımıza çatır" — Tamilla bildirir.

Onun sözlərinə görə, hələ atası sağ olanda, onu müalicə etdirmək üçün bankdan kredit götürüblər. Hazırda 4 min dolardan çox borcları var. Bununla yanaşı, işıq pulu da yığılıb qalıb: "Evdə heç bir şərait olmadığı üçün qışda daş piltədən istifadə etdim. Məcbur idim, uşağımı soyuqdan öldürə bilməzdim. İşığın pulu yığılıb qaldı. 561 manat idi. İnanın Allaha, hər gün işıqçı gəlib deyir "borcunu ödə, yoxsa işığını kəsəcəm!" Yalvarıram, yaxarıram, kəsmir".

© Sputnik / Irade JELILMəhərrəmovların "Azərişıq"a külli miqdarda borcu yaranıb
Məhərrəmovların Azərişıqa külli miqdarda borcu yaranıb - Sputnik Azərbaycan
Məhərrəmovların "Azərişıq"a külli miqdarda borcu yaranıb

Söhbətin bu yerində qapı döyülür. Düzü narahat oluram, kimisə gözlədiyini soruşuram. Tamilla "yox, heç kəsi gözləmirəm" deyib qapını açır. Yenə işıq idarəsinin əməkdaşı idi. Tamilla ona söz verir ki, axşam işıq pulundan ödəyəcək. Birtəhər onu razı salıb, qapını bağlayır. Söhbətinə davam edir.

Deyir ki, 2 yaş 8 aylıq övladını saxlamağa imkanı yoxdur. Onu istədiyi kimi yedirə, geyindirə bilmir: "Qızımda qan azlığı var. Dərmanlarını ala bilmirəm. Mənim balam meyvə, ət üzünə həsrətdir. Bağçalar uşaq qəbul eləmir, anam xəstədir, baxa bilmir. Mən, xəstə anam və körpə qızımla çarəsizəm".

Onların yaşadıqları ev, həqiqətən acınacaqlı vəziyyətdədir. Evin elektrik kabelləri hamısı açıq idi. Evdə tualetin, hamamın qapısı yox idi. Və buna görə də evdən kəskin qoxu gəlirdi. 9-cu mərtəbədə olan evin eyvanı, damı, pəncərələri qəzalı vəziyyətdə idi.

© Sputnik / Irade JELILEvin mətbəxi
Evin mətbəxi - Sputnik Azərbaycan
Evin mətbəxi

Tamilla deyir ki, evin Çıxarışı da yoxdur, evin orderi olub, o da atasının adınadır: "Yəni satıb çıxmağa belə, şərait yoxdur. Çıxılmaz vəziyyətdəyəm. Bilmirəm, nə edim. Ümidim sizə qalıb, bəlkə kimsə yardım edə, heç olmasa, işıq borcumuz bağlansaydı, rahat olardım. Bir tərəfdən borclar, bir tərəfdən körpə uşaq… Vallah, çatdıra bilmirəm. Kimə ağız açacağımı bilmirəm".

O, danışdıqca gözləri dolur, göz yaşları yanaqları boyunca süzülür. Balaca Kamilla isə (Tamillanın qızı — İ. C.) bir salxım üzümü əlinə alıb, heç nədən xəbərsiz halda sevinərək yeyir, atılıb-düşür, gülümsünürdü. Onların həqiqətən köməyə ehtiyacları var…

P.S.

Bu imkansız ailəyə kömək etmək istəyənlər redaksiyamızla əlaqə saxlaya bilər.

Xəbər lenti
0