CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bu məsələ biryolluq həll edilməlidir" - Sosial sifariş

© Sputnik / Irade CELILLənkəran rayonunun Xanbulan kəndində istirahət mərkəzi
Lənkəran rayonunun Xanbulan kəndində istirahət mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgələrdə qiymət baha, keyfiyyət və xidmət aşağı... Niyə?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Ötən günlərdə yolum İsmayıllıya düşmüşdü. Yolüstü adı-sanı olan restoranların birində yemək yeməyə qərar verdim. Əvvəlcə ofisiantdan menyu istədim. Ofisiant menyunun olmadığını və əvəzində menyuda olan yeməkləri mənim üçün sadalamağa başladı.

Yeddi gözəl şəlaləsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərəb turistlər və acınacaqlı "Yeddi gözəl" "əfsanəsi"

Sifarişimi verdim. Gətirilən çoban salatı ötən gündən qalmışdı, "kabab" deyə süfrəyə gətirilən ət, hiss olunurdu ki, yaşlı heyvanın ətidir. Süfrəyə gətirilən bir su yaxşı idi, bir də çörək.

Təbii ki, iradımı bildirdim. Yeməkdən sonra mənə təqdim edilən hesab bir kağız üzərində cızma-qara edilmişdi və Bakı ilə müqayisədə qiymətlər 2 dəfə baha idi. Hesaba da etirazımı bildirdim və mənə bildirdilər ki, restorana yeni şərik gəlib və onun qoyduğu qiymət budur.

Bu kimi halla Qubada, Qusarda, Şamaxıda da qarşılaşmışdım. Sosial şəbəkə istifadəçiləri də dəfələrlə bölgələrdə qiymətlərin baha olmasını müzakirə edib. Bəs bölgələrdə niyə qiymət baha, keyfiyyət və xidmət aşağı səviyyədədir?

Turizm eksperti Bahadur Bilalovun Sputnik Azərbaycan-a açıqlamasına görə, bölgələrdə iaşə obyektlərində vəziyyət həqiqətən acınacaqlıdır: "Gedib oturursan, qarşına çirkli bir süfrə salırlar, geyimi çirkli olan bir ofisiant yaxınlaşır. Menyu soruşursan, yoxdur. Sən sifariş edəcəyin yeməyin tərkibini, qiymətini, çəkisini bilmirsən. Sifariş edirsən, yeyib qurtarandan sonra hesab gətiriləndə görürsən ki, sənin sifariş etdiyin yeməklə hesab arasında böyük tərs mütənasiblik var. Düşünürəm ki, bu məsələni ölkə Prezidentinin sərəncamı ilə yaranmış Turizm Şurası müzakirə etməli və bu məsələ biryolluq həll edilməlidir".

Bilalov bildirir ki, belə şəraitdə turizmin inkişafından söhbət gedə bilməz: "Əgər belə xidmət əcnəbilərə edilsə, bu, anti-reklam olar. Mədəniyyət və Turizm Nazirliyi dövlət büdcəsi hesabına müxtəlif ölkələrdə sərgilərdə iştirak və təbliğat üçün pullar xərcləyir. Azərbaycanı görüb bəyənən turist gəlib normal xidmət görməyəndə bu anti-reklama çevrilir və həmin turist gedib öz ölkəsində Azərbaycanı pisləyir".

"Daxili turizmi bu vəziyyətdə inkişaf etdirmək qeyri-mümkündür. Nə qədər acınacaqlı olsa da, Azərbaycanın bütün bölgələrində bu vəziyyətlə qarşılaşmaq mümkündür. Bu vəziyyətlə hamı qarşılaşır. Tənqid edirsən, deyirsən, xeyri yoxdur. Ölkən Prezidentinin sahibkarlıq subyektlərinə imkan yaradılması ilə bağlı sərəncamı oldu. Çox təəssüf olsun ki, bizim sahibkarlıq subyektləri bu vəziyyətdən sui-istifadə edirlər. Yəni, bu insanlar bir günlə yaşayırlar" — mütəxəssis vurğulayır.

Ərəb turistlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kimi gözləyirdik, kim gəldi Azərbaycana...

"Bunlar düşünmürlər ki, normal, dünya standartları səviyyəsində işlərini qursalar, onların gəliri daha çox artacaq. Əksinə, düşünürlər ki, müştəridir, bir dəfə gəlib, onsuz da daha gəlməyəcək. Bunlar daha düşünmürlər ki, sən müştərinə yaxşı xidmət eləsən, o sənin reklamçına çevriləcək. Yəni bölgələrdə menecment işini düzgün qura bilmirlər. Xidmət səviyyəsi sıfır. Ofisiantların üst-başı çirk içində, ikinci dəfə nəsə sifariş etmək istəsən, ofisiantı tapa bilmirsən. Dünyanın heç bir yerində belə analoqu olmayan xidmət yoxdur" — Bilalov əlavə edir.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının direktoru Ruslan Quliyev də Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirir ki, bölgələrdə qiymətin baha, keyfiyyət və xidmətin aşağı olması hər zaman gündəmdə olan bir məsələdir: "2001-ci ildən bu günə qədər bu istiqamətdə mərhələli şəkildə tədbirlər planı həyata keçirilir. Müqayisəli şəkildə baxdıqda, irəliləyişin şahidi oluruq".

"Ancaq qiymətin baha, keyfiyyətin və xidmətin aşağı olmasını bölgələrdəki bütün obyektlərə şamil etmək olmaz. Təbii ki, müəyyən yerlərdə belə problemlər var. Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə treninqlər, layihələr həyata keçirir. İldən ilə dəyişikliklər hiss edilir" deyən Quliyev bildirir ki, Bakıda, Abşeronda, Qəbələdə, Quba-Qusar istiqamətində bir sıra 4-5 ulduzlu mehmanxanalarda bəlli standartlar yaradılıb.

Ekspertin fikrincə, enerji daşıyıcılarının qiyməti artdığı zaman, bu, birbaşa turizm bazarına da öz təsirini göstərir: "Tədarükçülərin təklif etdikləri xidmətlərin, məhsulların maya dəyərində artımların olması son nəticədə qiymətlərdə özünü biruzə verir. İyunun 1-dən sentyabrın 1-nə qədər ölkənin turizm mərkəzlərində yer çatışmazlığı müşahidə edilir. Bütün mərkəzlərdə yerlər dolub. Satışlar 100 faizin üzərindədir".

"Ötən il də ölkədə turizm bumu yaşanmışdı. Ötən il sektor buna o qədər də hazır deyildi. Amma bu il sektorda hazırlıqlar öncədən görülüb. Həm xidmət keyfiyyətinin artırılması istiqamətində, həm yataq sayının artırılması istiqamətində işlər görülüb. Mehmanxana və ona bərabər obyektlərin sayında artım müşahidə edilir" — müsahibimiz diqqətə çatdırır.

Quliyev deyir ki, istirahət mərkəzlərində olan qiymətlər bazar qiymətlərinə uyğundur. Amma hər bir halda bu qiymət Azərbaycan vətəndaşlarına baha görünür. Bütün bunlara baxmayaraq monitorinqlər onu sübut edir ki, həftəsonu istirahət mərkəzlərində ümumiyyətlə yer olmur. Hətta həftə içi günlərdə də bu obyektlərdə doluluq müşahidə edilir.

Ekspert bildirir ki, qiymətlər turistlərə baha görünsə də, 2 ildir ki, xaricə gedən turistlərin sayında azalma müşahidə edilir: "Azərbaycanda turizm bazarında olan qiymətlər xarici turistlər üçün çox əlverişli hesab edilir".

Азербайджанские полицейские, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əcnəbi turist Azərbaycan polisindən razılığını bildirib

Turizm eksperti Ramin Zamanov isə hesab edir ki, bölgələrdə qiymətlərin baha, keyfiyyət və xidmətlərin aşağı olmasının səbəbi turizm biznesinin mövsümü xarakter daşımasından irəli gəlir: "Çünki rayonların çoxunda bu biznes qışda işləmir. Yalnız yayda normal işləyir. İkinci məsələ isə bu sahədə rəqabətin az olmasıdır. Çünki yaxın ərazilərdə 2-3 normal restoran fəaliyyət göstərir. Bu restoranlar bir-biri ilə danışıb, razılaşıb qiymətləri stabil – baha saxlayırlar".

Ekspert bildirir ki, Azərbaycanın bölgələrində turizm yeni inkişaf etməyə başlayıb və bu, başlanğıc olduğu üçün zamanla hər şey yerini tutacaq: "Bəzi yerli dövlət orqanları bu sahəyə qanunsuz da olsa müdaxilə edirlər. Bu, çox olmasa da, restoran sahibləri məcbur olur ki, müdaxilələrdən irəli gələn xərcləri müştəriyə təqdim etdikləri xidmətlərin üzərinə əlavə eləsinlər".

Xidmət məsələsinə gəldikdə, ekspert hesab edir ki, xidmət yüksək keyfiyyətli deyil: "Çünki hələ bölgələrdə resurs bazası formalaşmayıb. Formalaşan resurs bazası Bakı və Bakıətrafı ərazilərdən uzağa getməyib. Bu ərazilərdə formalaşan resurs bazası Bakının tələbatını ödəmir. Rayon yerlərində bu sahə üzrə peşə məktəblərinin fəaliyyəti zəifdir".

Zamanov bir məsələni də diqqətə çatdırır: "Bu gün rayonlarda iaşə obyektlərində çalışan işçilər də mövsümi xidmət göstərirlər: "Onlar yayda bu istirahət mərkəzlərində çalışır, qışda isə fərqli işlərlə məşğul olmaq məcburiyyətində qalır, bu xidmət sahəsi ilə bağlı olan nüansları unudurlar. Bütün proseslər bölgələrdə xidmətin zəif və qiymətin baha olması ilə nəticələnir. Sonda isə bu, gələn turistlərin büdcəsini aşır, gəlmək istəyən insanların isə planlarında dəyişikliyə səbəb olur".

"Məsələn, biri deyir ki, Qaxda otelin günü 250 manatadır. Bu qiymətə gedib xaricdə də dincəlmək olur. Yaxud hansısa restoranda oturub ailə ilə yemək yeyirsən, hesab 150 manatdan çox olur. Ancaq onu da qeyd edək ki, Qaxda 2-3 otel var və onlardan biri yaxşıdır ki, onun da qiyməti belə bahadır. Otel az olduğu üçün rəqabət yoxdur. Rəqabət olmadığı üçün qiymət baha, xidmət zəifdir" — həmsöhbətimiz vurğulayır.

R. Zamanov bildirir ki, bütün çatışmazlıqlara baxmayaraq, Azərbaycan turizminin inkişafından danışmaq olar: "Azərbaycan turizmi dinamik olaraq inkişaf edir. Çünki Azərbaycana gələn turistlərin sayı keçən 3 illə müqayisədə 300 faiz fərq edib. Bu da o deməkdir ki, inkişaf gedir. Baş verənlər isə təbiidir. Bu, Türkiyədə də belə olub. Hətta bu gün inkişaf etmiş turizm ölkələrində də xidməti zəif olan obyektlər var".

Xəbər lenti
0