CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orada gələni-gedəni soyurlar, kimsə də səsini çıxarmır

© Sputnik / Leyla AbdullayevaAltıağac qəsəbəsi
Altıağac qəsəbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Beş manatlıq xidməti turistə 100 manata sırıyan işbazların məqsədi nədir?

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Yay mövsümünün başa çatmasına az müddət qalıb. Buna baxmayaraq, Azərbaycanın əsas turizm bölgələrindən olan Şimal-Qərb bölgəsindəki turizm obyektlərinə insan axını davam edir.

Füsunkar təbiəti ilə yerli və xarici turistlərin zövqünü oxşayan Xızı rayonunun Altıağac qəsəbəsində də turist sıxlığı müşahidə edilir. Altıağac Milli Parkında Avropadan, Asiyadan, Ərəb yarımadası və Fars körfəzi ölkələrindən təşrif buyurmuş xeyli turistə rast gəlmək mümkündür.

© Sputnik / Leyla AbdullayevaAltıağacda restoran
Altıağacda restoran - Sputnik Azərbaycan
Altıağacda restoran

Burada restoran və istirahət mərkəzləri tipli iaşə obyektləri də kifayət qədərdir. Bu obyektlərin əksəriyyətində özünəxidmət mövcuddur. Turistlər burada piknik təşkil etmək imkanına malikdirlər ki, elə əksəriyyət də qiymətlərin bahalığı ucbatından məhz istirahətin bu növünə üstünlük verirlər.

Bölgədə turistlərə xidmət edən istirahət mərkəzlərindən birinin sahibi Pərviz Şıxəliyev, 29 ildir obyekt idarə etdiyini bildirir. Sputnik Azərbaycan-a danışan Şıxəliyev, gələn turistlərə restoran xidmətləri ilə yanaşı, özünəxidmət imkanlarının da yaradıldığını, turistlərin sayından da məmnun qaldığını qeyd edib.

Onun fikrincə, burada təklif etdikləri qiymətlər turistlər üçün münasibdir. "Bir nəfər səhər süfrəsi üçün 20-30 AZN dəyərində vəsait xərcləyir. Bu isə kifayət qədər münasib qiymətdir" – deyə obyekt sahibi bildirir.

Lakin turistlər heç də belə düşünmürlər. Onlar qiymətlərin bahalığından şikayət edirlər. Buna görə də, istirahət üçün özünəxidmət imkanları olan yerləri seçirlər.

Altıağacda birnəfərlik səhər menyusu və qiymətlər belədir:

 

  1. Qaynadılmış iki yumurta – 1 AZN,
  2. Yağda qızardılmış 2 yumurta (qlazok) – 2 AZN
  3. 1 ədəd çörək – 1 AZN
  4. Bir boşqab pendir – 2 AZN
  5. Bir qab şor – 1 AZN
  6. 1 qab bal – 5 AZN
  7. Samovar çayı — 10 AZN.

 

Bu qiymətlərlə 1 nəfərin səhər yeməyi 23 AZN-ə başa gəlir. Əgər kimsə burada ailəsi ilə birlikdə nahar və şam yeməyinə otursa, cibində azı 100-140 AZN pulu olmalıdır. Menyuya spirtli içki əlavə olunduqda isə, qiymətlər daha da artır. Çünki burada bir şiş kabab, çeşidindən asılı olmayaraq 5 AZN, kənd çolpasının kababı 12 AZN, cücə çığırtması 15 AZN, sac kababı 20-25 AZN təşkil edir.

© Sputnik / Leyla AbdullayevaBurada samovar çayı 10 manata başa gəlir
Burada samovar çayı 10 manata başa gəlir - Sputnik Azərbaycan
Burada samovar çayı 10 manata başa gəlir

Bura gələnlər, yerli və xarici turistlərin regionda ən çox Türkiyə və Gürcüstana axın etdiyini deyirlər və bunu Azərbaycandakı istirahət məkanlarının baha olması ilə əlaqələndirirlər. Gədəbəy rayonundan "Altıağac"a istirahətə gələn Eynulla Fətəliyev deyir ki, qonşu Gürcüstanda qiymətlər buradan qat-qat ucuzdur və orada günləri daha maraqlı keçirmək üçün yaxşı şərait var. O, buradakı bəzi istirahət mərkəzlərindəki antisanitariyaya da diqqət çəkib.

"Nə turistlər özləri, nə də obyektləri işlədənlər təmizliyə riayət edirlər. Bəzən zibillik və tullantılardan gələn üfunət iyindən adam oturmağa yer tapmır" – deyir Fətəliyev.

Onun fikrincə, Altıağacda 10 gün ailəvi dincəlmək üçün, azı 2000 AZN pul lazımdır: "Halbuki, Gürcüstanda 700-800 AZN-ə 10 gün müddətində daha keyfiyyətli dincəlmək mümkündür".

Burada hər kəs o fikirdədir ki, əgər qiymətlər aşağı olsa, xidmətin keyfiyyəti isə yüksəlsə, bu məkanlara turistlərin axını daha çox ola bilər. Yerli turistlər xüsusilə xarici turistlərə qarşı soyğunçuluqdan gileylənirlər.

"Xarici turistlərə 5 manatlıq şeyi 50-100 manata sırıyanda, biz xəcalət çəkirik ki, bu qədər də vicdansızlıq olmaz. Axı bu turist növbəti dəfə bura gəlməyəcək. Adamlar özləri öz əlləri ilə çörəklərini kəsirlər. Başa düşmürlər ki, insaflı qiymətlərlə və yüksək xidmətlə ömürlük çörək qazana bilərlər" – deyə Bakıdan bura dincəlməyə gəlmiş Kamran Quliyev bildirir.

© Sputnik / Leyla AbdullayevaBir şiş kabab üçün, çeşidindən asılı olmayaraq 5 manat ödəməli olacaqsız
Bir şiş kabab üçün, çeşidindən asılı olmayaraq 5 manat ödəməli olacaqsız - Sputnik Azərbaycan
Bir şiş kabab üçün, çeşidindən asılı olmayaraq 5 manat ödəməli olacaqsız

O, Mədəniyyət və Turizm Nazirliyinin bu soyğunçuluğa bir əncam çəkməsinin vacib olduğunu deyir: "Turizmin inkişafı təkcə onu bəyan etməklə olmur. Bu, çox incə sahədir və xüsusi yanaşma tələb edir. Turizmdə pulu birdəfəyə qazanmırlar. Bu sahədən pul qazanmaq istəyənlər əvvəlcə daimi turist qazanmağa çalışmalıdırlar. Amma buradakı yüksək qiymətlər və aşağı xidmətlərlərlə, turistləri nəinki qazanır, hətta qaçırdırıq".

Bakıdan Altıağaca dincəlməyə gələn Südabə Mahmudova isə hesab edir ki, turizm sahəsindəki bahaçılıq və özbaşınalığa görə, Mədəniyyət və Turizm Nazirliyi günahkardır: "Biz qiymətlərə etiraz edəndə, obyekt sahibləri deyirlər ki, "icra orqanları, vergi, yoxlama, filan bizdən yüksək haqq alır, ona görə də qiymətləri qaldırmaq məcburiyyətindəyik". Turizmə məsul olan Mədəniyyət və Turizm Nazirliyindən soruşmaq istəyirəm: siz nə işlə məşğulsunuz, niyə nəzarət etmirsiniz?"

"Gürcüstanda, Türkiyədə dövlətin turizmə xüsusi nəzarəti var. Heç kəs özbaşınalıq edə bilməz. Çünki hamı bilir ki, ölkənin əsas gəliri turizmdəndir. Bizdə isə bu sahənin sadəcə adı var. Buraxıblar səriştəsiz adamların ümidinə, onlar da ağıllarına nə qiymət gəlsə, onu qoyurlar. Xidmət də ki, bir qəpiklik" — S. Mahmudova əlavə edir.

Xəbər lenti
0