05:46 23 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
243 0 0

Telekanallarımızın yayımladığı verilişlərlə bağlı mütəxəssislər yekdil fikrə gələ bilmirlər

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. "Son zamanlar məni narahat edən məsələlərdən biri də televiziyalarda tibbi klinikalarla bağlı verilişlərin artmasıdır". Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, sağlamlıqla bağlı verilişlərdə həddindən çox və eyni xarakterli statistik ifadələr təkrarlanır: "Düzdür, sağlamlıq verilişləri vacibdir. Amma bu cür proqramlar həddən artıq ifrata varanda öz məqsədinə çatmır, əks effekt yaradır. Çox təəssüf ki, bu məsələdə ifrata varılır".

Şura sədri qeyd edib ki, günün müəyyən saatlarında televiziya kanallarında eyni formatlı verilişlərin yayımlanması yalnız Azərbaycanda deyil, bütün dünyada mövcud olan sistemdir: "Bizim televiziya kanalları da xarici ölkə TV-lərinə baxır və ona uyğun addımlar atmaq istəyirlər. Televiziyalarda mətbəx verilişləri də həddən artıq çoxdur. Bu, mən narahat edir. Amma bu, təkcə bizim ölkədə deyil, digər ölkələrdə də televiziya aləminə xas olan xüsusiyyətdir. Mən təxminən saat 12:00-dan saat 18:00-dək efirimizdə baxmağa normal veriliş tapa bilmirəm. Çünki daha çox mətbəx və sağlamlıqla bağlı verilişlər olur".

Məsələ ilə bağlı media eksperti Azər Həsrət Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sağlamlıqla bağlı verilişlərin bu qədər çox tirajlanması, ümumiyyətlə, efiri zəbt etməsi insanların sağlamlığına mənfi təsir göstərir: "Şəxsən özüm davamlı şəkildə radioda bu sağlamlıq verilişlərini dinləyir, televiziyada baxırdım. Hiss edirdim ki, getdikcə xəstələnirəm. Çünki istər-istəməz, insanın oradan eşitdikləri altşüuruna yeriyir və xəstələməyə meyl başlayır. Bu, insanların xəstələnməsinə "töhfə" verən verilişlərdir. İstərdim ki, bunların sayı azaldılsın. Ümumiyyətlə isə o cür verilişlərin efirdə tez-tez görünməsi, səslənməsi məqsədəuyğun deyil".

Mətbəx verilişləri ilə bağlı media eksperti deyib ki, televiziya artıq çoxdan evdar qadınların başını qatmaq üçün vasitə olmaqdan çıxıb: "Televiziya bu günləri ciddi informasiya və təbliğat vasitəsidir. Televiziyanın cəmiyyətə təqdim etdiyi verilişlər öz ciddiyyəti, informasiya yükü ilə fərqlənməlidir. Ətrafda baş verən hadisələr haqqında normal verilişlərin, şərhlərin, təhlillərin təqdim edilməsi daha məqsədəuyğundur".

Ekspert düşünür ki, cəmiyyətin biganəliyinin qarşısını almaq üçün o verilişlərin sayını, saatını azaltmaq lazımdır: "Ümumiyyətlə, televiziya ekranlarından xüsusilə gündüz saatlarında sağlamlıqla, mətbəxlə bağlı verilişlərin yığışdırılması daha məqsədəuyğun olardı. Daha çox maarifləndirici, xüsusən də motivəedici verilişlər efirə verilərsə, bu, cəmiyyətimizdəki ümumi ovqata müsbət təsir göstərər".

"Bakının küçələrində gəzəndə hiss edirik ki, adamların əksəriyyəti qaraqabaqdır. Niyə? Çünki birisi sağlamlıq, digəri mətbəx haqqında verilişə baxır. Mətbəx haqqında verilişə baxan insan orada göstərilən taamlara əli çatmayanda narahat, narazı olur. Yaxud verilişdə göstəriləni uşağı istəyir və valideyn o göstərilənləri ala bilmir, narahat olur. Və yaxud sağlamlıqla bağlı verilişlərdə hansısa xəstəliyin simptomları haqqında danışılır. Bu zaman sağlam adam düşünür ki, məndə də bir vaxtlar bu cür simptomlar olub. Yəqin məndə də o xəstəlik var. Artıq həmin şəxs o xəstəliyin yükünün altına girmiş olur, əhval-ruhiyyəsi pozulur, qaraqabaq adama çevrilir. Şəxsən özüm o tip verilişlərə baxmıram və çalışıram ki, ailəmizdə də heç kim baxmasın. Sağlamlıq adı altında efirə verilən verilişlər əslində insanları xəstələndirməklə məşğuldur" — A. Həsrət vurğulayıb.

Onun fikrincə, üçüncü tip bu kateqoriyadan olan verilişlər isə cinayət, kriminal məsələləri ilə bağlıdır: "Bunların da efirdə gen-bol yayımlanması cəmiyyətdə cinayətlərin sayının artmasına stimul verir. Düşünürəm ki, Nuşirəvan Məhərrəmli bu məsələləri qabartmaqda haqlıdır və onun mövqeyini dəstəkləyirəm".

Media eksperti Zeynal Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında bunun televiziyaların proqram siyasəti olduğunu deyib: "Televiziyaların proqram siyasətinə yalnız qanun çərçivəsində müdaxilə edə bilərik və bu halda onların yaradıcı prosesinə müdaxilə olmaz. Bir tamaşaçı kimi Milli Televiziya və Radio Şurasının sədri öz fikrini bildirə bilər ki, "xoşuma gəlir, ya gəlmir". Amma o, fikrini bildirən zaman ehtiyatlı olmalıdır. Çünki insanlar bilməyəcəklər ki, bu, MTRŞ sədrinin fikridir, yoxsa adi bir tamaşaçının".

Mütəxəssisin sözlərinə görə, gündüz saatlarında sağlamlıq və mətbəx ilə bağlı verilişlərinin olması universal televiziyalarda adi haldır: "Söhbət verilişlərin məhz o mövzuda hazırlanmasından getmir. Əsas məsələ verilişlərin o mövzularda necə hazırlanmasıdır. Yəni, o mövzuda necə hazırlansın ki, televiziya reytinq qazansın. Bunu da biz Azərbaycan şəraitində görə bilmirik".

"Televiziya ilə bağlı o cür açıqlamalardansa, konkret veriliş tiplərini tövsiyə olaraq göstərsin. Sərbəst bazar olsa, bütün bunlar öz yerini tutacaq. Hər bir televiziya anlayacaq ki, mən reytinq qazanmaq, daha çox tamaşaçı cəlb etmək üçün başqasından fərqli, peşəkar bir veriliş hazırlasam, həm reklam gəlirlərim artar, həm də işimi daha da genişləndirə bilərəm" — Z. Məmmədli bildirib.

Media ekspertinin fikrincə, burada xüsusi bir resept yoxdur, sərbəstlikdir: "Hətta ola bilər ki, 6 saatın hamısı sağlamlığa aid veriliş olsun, amma böyük auditoriya toplasın. Ola bilər ki, 6 saatda 60 mövzu olsun, amma heç bir auditoriya toplamasın".

Əlaqədar

Aprel döyüşləri barədə yalan məlumat yayan Rusiya telekanalı bağlandı
Azərbaycanda telekanal rəhbərinin oğlu çayda boğuldu
Azərbaycan dilinə ən çox divan tutan telekanal bəlli oldu
İlham Əliyevin hansı cəhəti rus teleaparıcının diqqətini çəkib?
İctimai televiziyada yeyinti aşkarlandı
Teqlər:
Zeynal Məmmədli, media eksperti, Nuşirəvan Məhərrəmli, veriliş, Azər Həsrət, Sputnik Azərbaycan, efir, MTRŞ, telekanal, proqram, televiziya

Əsas mövzular