10:52 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
310020

Çıxarılacaq nəticə isə çox sadədir: turistlərin bizə və bizimlə bağlı olan hər şeyə hörmət etməsi üçün özümüz özümüzə hörmət etməyi öyrənməliyik

Kamilla Əliyeva, Sputnik Azərbaycan

Bakı, 19 avqust — Sputnik. Turizm şirkətləri bu gün ən "qəliz" turistin belə zövqünü oxşaya bilən təkliflərlə çıxış edirlər. Müasir turisti nəyləsə təəccübləndirmək çox çətindir. Ona tamamilə yeni bir şey təklif etmək ondan da çətindir. Buna baxmayaraq, Azərbaycan turizm biznesini inkişaf etdirmək qərarına gəlib, məsələ sadəcə bu vəzifənin öhdəsindən nə dərəcədə gəlinməsidir…

Ondan başlayım ki, istirahət günlərində öz qonağımla Bakıdan 300 kilometr məsafəyə təbiət, gözəllik və təmiz havadan həzz almağa yola düşdüm. Lakin qayıdanda fikirləşdim ki, belə "istirahət"dən sonra dincəlmək pis olmazdı.

Abşeron çimərliyində qürub çağı
© Sputnik / Murad Orujov
Abşeron çimərliyində qürub çağı

Son vaxtlar internetdə və KİV-də Azərbaycandakı turizm barədə çoxlu sayda neqativ material dərc olunur və məsələdə səhvlərimizin əsas günahkarları kimi… ərəblər göstərilir. Amma bizim çəkdiyimiz əzab-əziyyətdə Yaxın Şərqdən olan insanların günahı var idisə, çox cüzi şəkildə idi. Məqaləmdə hər bir neqativ faktdan söz açdıqdan sonra mən mötərizədə ərəblərin günahkar olub-olmadığı barədə rəyimi açıqlamışam. Bunun sayəsində oxucu sonda obyektiv nəticə çıxara biləcək. Lakin hər şeyi bir-bir…

Xəzər dənizinin sahilində dincəlməyi planlaşdıran ukraynalı rəfiqəm yazırdı: "Bakıda 2-3 gün qalıb dənizin kənarında yanmaq istəyirəm, sonra isə təmiz hava qəbul edib sakitlikdən həzz almaq üçün dağlara, meşələrə getmək lazımdır". Çox fikirləşmədən mən şimal marşrutunu seçdim — Qəbələ rayonunu. Bu rayon fikrimcə, təbii gözəllik, səssizliyin və xüsusi auranın vəhdəti baxımından ən yaxşı bölgələrdən biridir. Və budur ənənəvi çimərlik istirahətindən bezdikdən, gözə xoş gələn mənzərələr ümumi "dəniz-günəş-qum-görməli yerlər" təsvirinə çevrildikdən sonra biz həm də "Qafqaz İsveçrəsi" adlanan yerə yola düşdük.

Hay-küy və çoxlu ərəb turistləri

Ərəb turistləri paytaxtın mərkəzi küçələrində artıq adi hala çevrilib. Düzdür, indi onlar bütün ölkəyə yayılıblar — ərəblər bölgələri fəth etməyə başlayıblar və Qəbələ də istisna deyil. Otellərdən birində boş nömrəni tapmaq elə də asan olmadı. Səbəb isə ərəb ailələri, saysız-hesabsız dostların dostları, onların uzaq və yaxın qohumlarıdır.

Ərəb ölkələrindən turist axınına artıq həm özümüz öyrəşmişik, həm gözümüz
© Sputnik / Murad Orujov
Ərəb ölkələrindən turist axınına artıq həm özümüz öyrəşmişik, həm gözümüz

Otelimizin qarşısındakı hovuzda dincəlməkdən dərhal imtina etdik və Vəndam kəndindən 4 km məsafədə olan "Yeddi gözəl" şəlaləsinə gedərək aktiv istirahət etməyə qərar verdik. Və burada ilk maneə ilə rastlaşdıq. Söhbət dağlarda yerləşən şəlaləyə aparan yoldan, əslində isə yolun olmamasından gedir (bu məsələdə ərəblərin günahı yoxdur)! Daşlar, dizə çatan toz — şəlaləyə yalnız "Niva" tipli taksilərdə getmək olar və buna görə 15 manat ödəməlisən.

Ziyarətçiləri… ayaqyolu qarşılayır

Toz udmamaq üçün maşındakı bütün pəncərələri bağlayaraq biz 15 dəqiqəlik yolboyu görəcəyimiz mənzərə barədə düşünürdük. Nəhayət, həmin yerə çatırıq və ilk olaraq bizi piştaxtalar qarşılayır: bal, mürəbbə, turşular, suvenirlər və s. Bütün bunlar pis deyildi, lakin ən görməli yerdə… ayaqyolu dayanırdı. Qapısı olmayan ayaqyolu…

Burada nə desən tapmaq mümkündür: baldan, mürəbbən tutumuş ta ki suvenirlərə qədər
© Sputnik / Murad Orujov
Burada nə desən tapmaq mümkündür: baldan, mürəbbən tutumuş ta ki suvenirlərə qədər

Burada böyük seçim yox idi: ya özündə güc taparaq yoluna davam etməlisən, ya da dönüb qayıtmalısan (bu məsələdə də ərəbləri günahlandırmaq olmur). Beynimizdə isə bir fikir dolaşır: niyə ayaqyolu məhz buradadır və bir az yuxarıda və məsələn, kafenin yanında deyil?..

Yolumuza davam edirik. Çoxlu sayda ərəb var. Elə bil "ərəb məhəlləsi" Qəbələyə köçüb… Burada pis bir şey yoxdur, ölkədə turizm inkişaf edir, pul xərcləməyə hazır olan turistlər üçün yeni əyləncə üsulları ortaya çıxır.

Lakin bizim halda qonaqların çoxu gəldikləri ölkənin adətlərini saymırlar. Onların hər yerdə özlərindən sonra qoyduqları zibilə baxanda, daima sənə zillənmiş baxışlarını görəndə, istənilən yerə səndən qabaq çatmaq üçün etdikləri hərəkətləri müşahidə edəndə bəzi azərbaycanlıların ərəb turistlərinə olan mənfi münasibətini başa düşürsən. 

(Bu halda ərəbləri günahlandırmaq mümkündür, lakin hər şeyi müvafiq qurumların düzgün işi ilə tənzimləmək olar.)

Bizim yerlər ərəblərin xoşuna gəlir

Ərəb ölkələrindən olan qonaqlar üçün sadələşdirilmiş viza rejimi və Azərbaycan turizminin fəal reklamı öz işini görüb. Qonaqlara nisbətən ucuz mallar və xidmətlər təklif edilir. Üstəlik, xalqımız da qonaqpərvərdir: dadlı yeməklərə qonaq edir, əyləndirir. Onlar burada özlərini evlərindəki kimi hiss edirlər, ona görə şəlalənin ətəyində qarpız qabıqlarından dağ düzəldirlər. Çünki öz evlərində də belə edirlər.

Ərəblərin Azərbaycandakı davranışlarını tənqid edənlərin çoxu belə düşünür. Lakin məgər ərəblərədək biz istirahət yerlərindəki təmizliyimizlə ad çıxarmışdıq? Özümüzü aldatmayaq: Bakıda (çimərliklər) və bölgələrdə (görməli yerlər) zibil problemi həmişə aktual olub. Sadəcə sadələşdirilmiş viza turistlərin sayını artırdığından bu məsələ qabardı. Zibilləmək və özündən sonra torba, qırıntı, plastik şüşə qoyub getmək məsələsində biz ərəblərdən geri qalmırıq. Özümün qorumadığını onlar niyə qorumalıdırlar?

Ərəblər burada özlərini lap evlərindəki kimi hiss edirlər
© Sputnik / Murad Orujov
Ərəblər burada özlərini lap evlərindəki kimi hiss edirlər

…Həm də ekskursiya rəhbəri rolunu oynayan taksi sürücüsü də ərəb turistlərin çoxluğundan şikayət edir: hər bir ərəb dincəldiyi yeri zibilliyə çevirir. Yerli sakinlərin dediklərinə görə, ərəb turistləri özlərini çox həyasızcasına aparırlar. Pulları çox olsa da, oteldə endirim tələb edirlər, hamısı bir nömrəyə doluşurlar və oranı elə darmadağın edirlər ki, əlac ancaq kapital təmirə qalır. Hər şey sadədir: pulu kim verir, musiqini də o sifariş edir…
Azərbaycansayağı gözəllik

Lakin biz ruhdan düşmürdük: hələ qarşıda şəlalə var idi. Və budur, yeddi müxtəlif hündürlükdən axan şəlalədən ibarət gözəl mənzərə gözlərimiz qarşısındadır. Təmiz hava, suyun möhtəşəm şırıltısı, yaşıl təbiət: bundan gözəl nə ola bilər? Lakin yenə də bütün bunlardan həzz almağa imkan tapmırsan: ölkənin müxtəlif bölgələrindən olan çoxsaylı ziyarətçilər adamın qanını qaraltmağa davam edirlər. Nəyə görəsə hər kəs axan şəlalənin yalnız suyundan içməklə kifayətlənməyərək orada ayaqlarını yumağı, hətta çimməyi özünə borc bilir (onda eyni şeyi niyə ərəb turistləri də etməsinlər).

Eyibdir…

"Standart" kafe…

…Ofisiant uniformadadır, sinəsində isə adı yazılmış beycik var

"Yeddi gözəl"in yanında isə bir balaca hamar olan yerlərin hamısında masalar düzülüb. Qulluq edənlərin də hamısı eyni sifətdədir, onları yalnız köynəklərindən fərqləndirmək olur, o da rəngi yadında qalsa. Kafedə ağacların kölgəsində müştərilərə milli mətbəxin təamları və təzə dəmlənmiş çay təklif olunur.

Lakin kafe ölkənin çox yerlərində olduğu kimi ilk növbədə öz "cibini" düşünür, müştərilər barədə isə burada heç kim fikirləşmir. Əsas iş prinsipi "əgər masanı sən tutmasan, bunu başqası edəcək"dir. Burada daimi müştərilər barədə fikirləşmirlər və təamlara və xidmətə görə tərif gözləmirlər. İstəyirsən ye, xoşun gəlmir öt keç, ləngimə (yenə ərəbləri günahlandırmaq olmir).

Buradakı kafe də, bir çox yerdə olduğu kimi, xoşun yoxdursa, gedə bilərsən prinsipi ilə işləyir
© Sputnik / Murad Orujov
Buradakı kafe də, bir çox yerdə olduğu kimi, "xoşun yoxdursa, gedə bilərsən" prinsipi ilə işləyir

Müştəriləri pulda aldadırlar, qiymətlər isə Yaxın Şərqin zəngin ölkələrindən olan turistlərə hesablanıb. Hay-küy, növbələr və boş yer axtarışı müştərinin diqqətini yayındırır — o menyuda gördüyünü sifariş verir və ofisiantın "oxuduğu" qiyməti ödəyir. Lülə kababın şişinə görə beş manat ödəyərək müştərini lap da qəzəbləndirməmək üçün əvvəlcədən yuxaya bükülmüş iki balaca tikə yemək olar. Əlbəttə, ac turistlər hər şeyi yeyəcəklər…

Çayı isə ümumiyyətlə içmədik. Ona görə yox ki, çay burada 30 manatdır. Ona görə ki, ofisiantın gəlməyini gözləmək üçün böyük səbr yiyəsi olmalı idik. Nəhayət gəlib çıxmış ofisiant deyəndə ki, çay hələ qaynamalıdır və gözləməliyik, biz çayı öz nömrəmizdə içməyə qərar verdik.

Əbədi problem

Buradakı ticarət obyektlərinin isə sevimli məşğuliyyəti vaxtı keçmiş məhsuldur. Mini bazar düz kafenin yaxınlığındadır. Bazarda turşular, kabab üçün ədviyyat, sous satılır. Aydındır ki, görkəmindən sousun keyfiyyətini və dadını bilmək çətindir. Amma aldadıcı görkəmləri var (içində məhsul olan bankaları satıcılar gündə 10 dəfə möhkəm silirlər). Aldığımız sousu biz evdə yoxladıq və… dərhal zibil vedrəsinı atdıq (maraqlıdır, "ərəb hücumu"nu tənqid edənlər bu məsələdə özlərinə necə haqq qazandıracaqlar?).

Qanqaraldıcı nəticələr

Təbii ki, məzuniyyətlər dövrü ilin ən yaxşı vaxtıdır. Gəzməyə, dincəlməyə gələnlər suvenir və əyləncələrə yaxşı pul xərcləyirlər. Bir çox sahibkarların biznesi məhz bunun üzərində qurulub. Lakin biznes müştəri razı qalanda, olduğu yerlərə yenidən qayıtmaq istəyəndə, dostları və qonaqlarını bura aparanda yaxşıdır. Biz isə ölkənin ən gözəl yerlərindən birini təəssüf hissi ilə tərk edərək bir daha bura qayıtmamağa özümüzə söz verdik.
Milli Məclisin deputatı Elmira Axundovanın Karlovı Varıda ərəblərlə olan əhvalat barədə məqaləsini oxuduqdan sonra özümün necə haqlı olduğumu bir daha anladım.

"Mən bir neçə il xəstə ərimi Çexiyaya, Karlovı Varı yaxınlığındakı radon vannalarına aparmışam. "Radium palas" qədim otelinin böyük hissəsini ərəblər tuturdular. Hər il onların sayı həndəsi silsilə ilə artırdı. Nə olsun? Onlar özlərini çox sakit aparırdılar, ətrafa tüpürmürdülər və zibilləmirdilər (bəlkə də bizdən fərqli olaraq oralarda hər addımda zibil qutuları var və hər yer təmiz olduğuna görə?). Ərəblərin gəlişindən məmnun olan çexlər isə onlardan ötrü oteldə hər cür şərait yaratmışdılar: halal qida, restoranın ayrıca zalı, namaz otağı. Heç bir narazılıq, "gəlib tökülüşüblər" tipli söhbətlər də yox idi" — Axundova yazır.

Özündən sonra bu mənzərəni qoyub gedənlər cərimələnsə həm büdcəyə xeyri olar, həm də təbiətə
© Sputnik / Murad Orujov
Özündən sonra bu mənzərəni qoyub gedənlər cərimələnsə həm büdcəyə xeyri olar, həm də təbiətə

Nə demək olar? Çıxarılacaq nəticə isə çox sadədir: turistlərin bizə və bizimlə bağlı olan hər şeyə hörmət etməsi üçün özümüz özümüzə hörmət etməyi öyrənməliyik. Əgər anadangəlmə bu qabiliyyətdən məhrum olanlar varsa, onlardan ötrü daha təsirli metodlar var. Yox, təbii ki, biz insanları atılan siqaret kötüyünə görə Sinqapur və İndoneziyadakı kimi bambuk çubuğu ilə döyməyi təklif etmirik. Lakin axı təbiəti zibilləməyə görə cərimələmək olar, özü də milliyyətinə baxmayaraq. Həm büdcəyə fayda olar, "ərəb" və ya yerli də hər yeri zibilləməmişdən əvvəl bir daha düşünər… Burada ən əsası niyyət və istəkdir!

Müəllifin fikirləri redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər.

Əlaqədar

Çinli blogerlər Azərbaycan turizmini təbliğ edir
Naftalan, Qalaaltı, Duzdağ... Sağlamlıq turizmi niyə inkişaf etmir?
Turizm cənnəti bir gündə 500 dəfə silkələndi
Türkiyənin turizm cənnətində vahiməli anlar
Azərbaycanda yeni turizm şəhərciyi salınacaq
Teqlər:
bahaçılıq, Yeddi gözəl, antisanitariya, ərəb, Qəbələ, turizm

Əsas mövzular