19:12 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива

Bakı Şəhər Dövlət Yol Polisindən: "Gelandewagen" qəzasının videosu pozulmayıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
3430 0 0

BŞDYP-dən Eyvaz Şahverdiyevin qəzanın görüntülərini pozdurması barədə iddialara aydınlıq gətirdilər

BAKI, 17 avqust — Sputnik. Ötən həftənin media gündəmini zəbt edən baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iki nəfərin ölümü, iki nəfərinsə ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməsi bəzi dairələrin, o cümlədən, millət vəkillərinin məsələyə qeyri-adekvat münasibəti ilə yadda qaldı.

Əslən Cəbrayıl rayonundan olan deputat Astan Şahverdiyevin Əli Həsənovun nəvəsini müdafiə etməsi, qəzanı onun törətmədiyi və 21 yaşında böyük pullar qazanmaq qabiliyyətinə malik olması barədə dedikləri ictimaiyyət arasında etirazla qarşılandı. Hətta məsələ o yerə gəlib çıxdı ki, Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Əbiyev Astan Şahverdiyevə "qulaqburması" veriləcəyini bildirdi.

Yerli KİV-lər Astan Şahverdiyevin baş nazirin müavini və "Qaçqınkom"un sədrini müdafiə etməsinin səbəblərinə aydınlıq gətirməyə cəhd edib.

KİV-də səslənən iddialara görə, "Astan Şahverdiyev özü və qohumları əldə etdikləri bütün imtiyazlara görə, məhz Əli Həsənova borcludur. Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, o cümlədən digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir".

İddialara görə, qəza baş verən gün sükan arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olmadığını mediaya da məhz Eyvaz Şahverdiyev sızdırıb. O, bununla faktı gizlətməyə çalışıb.

Eyvaz Şahverdiyevin Bakı şəhər Dövlət Yol Polisində intellektual idarəetməyə və bütün kameralara nəzarətə cavabdeh olduğu qeyd edilib. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb.

Qeyd edək ki, hətta hadisə baş verəndən bir gün sonra belə deputat Astan Şahverdiyev Nail Allahverdiyevin sükan arxasında olmadığını iddia etmişdi.

Medianın yazdığına görə, Əli Həsənovun baş nazirin müavini kimi sədrlik etdiyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyev yüksək vəzifə tutur.

Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, məlum hadisələrlə bağlı hal-hazırda həbsdə olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir. Beləliklə, "Əli Həsənovun himayəsi altında bütün qohum-əqrəbalarına vəzifə verdirən Astan Şahverdiyevin baş nazirin müavininin nəvəsini müdafiə etməsindəki incə məqam üzə çıxmış olur".

Bu ciddi ittihamlara Bakı şəhər Dövlət Yol Polisi İdarəsi aydınlıq gətirib. Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, KİV-də bu sahədə yer alan bütün məlumat yalandır:

"Bütün yazılanlar cəfəngiyyatdır və sırf yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Ölkə mətbuatında yazılan məlumatlarla əlaqədar bildirirəm ki, əvvala Eyvaz Şahverdiyev Dövlət Yol Polisi İdarəsinin sədr müavini deyil. Və onun kameralar şöbəsinə nəzarət funksiyası yoxdur. Eyni zamanda intellektual idarəetməyə də cavabdehlik daşımır. Avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında baş vermiş və Azərbaycanda böyük rezonans doğurmuş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan müvafiq açıqlama yayılıb. Həmin hadisədən əvvəl polis polkovnik-leytenantı Eyvaz Şahverdiyev məzuniyyətə çıxıb və hal-hazırda da məzuniyyətdədir. Bu gün şayiələr gəzir ki, hansısa videonu o pozdurub. Bu mümkün deyil. İntellektual idarəetmə sisteminə kimsə müdaxilə edə bilməz. Yazılmış süjetlər yaddaşda deyilsə, 3 aydan sonra avtomatik olaraq qeydiyyatdan çıxa bilər. Bu sistemə müdaxilə və ya düzəliş etmək mümkün deyil".

Vaqif Əsədov bu gün mediada və sosial şəbəkələrdə yayılan məlumatlardan yalnız birinin doğru olduğunu bildirib: "Doğru olan yalnız budur ki, Hərəkətin Təşkili Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Şahverdiyevdir".

Əsədov həmçinin bildirib ki, bu kimi informasiyalar məlumat qıtlığından yaranır. O, KİV-dən DYP ilə bağlı məlumatları dəqiqləşdirmədən yaymamağı xahiş edib.

"Belə bir hadisəni necə gizlətmək olar?! Deyirlər ki, video pozulub. Bəs video olmasaydı, hadisənin üstü necə açıqlana bilərdi? Videokameralara nəzarət edən ayrıca şöbə var. Ora giriş-çıxış xüsusi məxfi kodlarladır. İntellektual İdarəetmə isə ümumiyyətlə bizə aid qurum deyil. Kimsə düşünürsə ki, bu videonu silmək mümkündür, səhv edir. Əgər silinsəydi, bu haqda Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat verə bilməzdi" — deyə Vaqif Əsədov əlavə edib.

Əsas mövzular