21:32 23 Avqust 2017
Canlı yayım
İnsan siluetləri, arxiv şəkli

Cəfəng nəsihətlərlə zəhləmizi tökməsinlər

© Sputnik / Vladimir Sergeyev
CƏMİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
123 0 0

Əminəm ki, burdan qaçıb gedən ziyalılar öz bütün əməyini bu toplumun elmi-mədəni inkişafına sərf etsəydi, mütləq ki, vəziyyət indikindən daha yaxşı olardı

Klassik mifalogiyada ulduzlar haqqında saysız-hesabsız miflər var. Onlardan biri və məncə, ən maraqlısı Buğa bürcünün bir hissəsi olan "Pleiades" haqqındadır.

Əfsanəyə görə, yeddi bacı meşədə gəzirlərmiş. Orion adlı bir ovçu bu yeddi bacıya aşiq olub və onları qovmağa başlayıb. Qızlar qaçıb-qaçıb bir uçuruma çatıblar. Ovçu Orion da əlindəki oxla qızları nişan alıb, dayanmaları üçün hədələyirmiş. Artıq qaçmağa yolu olmayan qızlar Yupiterdən kömək istəyiblər. Yupiter də onları yeddi göyərçinə çevirib, sonra da göy üzünə yerləşdirib.

Əfsanənin ən maraqlı tərəfi odur ki, yeddi qızı ovçudan xilas edib ulduza çevirən Yupiter, taleyin əlindən qaçmağı haqsızlıq hesab etdiyi üçün ovçu Orionu da göy üzündə ulduza çevirir. Əgər ulduzların aydın göründüyü vaxtda göy üzünə diqqətlə baxsanız, bu məşhur əfsanənin ulduzların düzülüşü ilə yaranmış təsvirini görərsiniz. Xüsusi zərifliklə düzülmüş yeddi ulduz və onlardan bir az aralıda əlindəki oxla onları nişan almış insan təsvirindən heyrətlənməmək mümkün deyil. 

Bu məşhur əfsanəni niyə nəql etdim? Bəlkə həqiqətən də taleyin əlindən qaçmaq olmur!? Əgər bir fəlakətdən qaçıb Yupiterdən yardım istəsəniz və Yupiter sizi göy üzündə ulduza çevirsə, həmin qaçdığınız fəlakəti də sizin yanınızda ulduza çevirəcəkmi? Bu barədə məndə şübhələrin yaranmasına səbəb bu gün Avropaya sığınan mühacirlərin hələ də xilas ola bilmədikləri fəlakətlərdir.

Təsəvvür edin ki, siz yaşadığınız ölkədə min cür əzab-əziyyətlə üzləşirsiz, haqqınız tapdalanır, azadlığınız əlinizdən alınır, sizə sözün əsl mənasında işgəncə verirlər. O qədər qaçırsız ki, həmin yeddi bacı kimi bir uçuruma çatırsız və daha qaçmağa yolunuz qalmır. Əlbəttə, bizim əfsanəmizdə Yupiter rolunu oynayan Avropaya yalvarırsız. Yalvarırsız ki, sizi bu bəladan xilas etsin. Başına döndüyüm Yupiter, yəni Avropa da sizə qucaq açır. Amma qaçdığınız fəlakətdən xilas ola bilirsizmi?

Artıq öz ölkənizdən getmisiz və Avropanın hansısa ölkəsində mühacir kimi də olsa yaşayırsız. İndi sizə ən çox lazım olan yaşadığınız bütün dəhşətləri unudub yeni mühitinizə öyərəşmək, yeni həyata başlamaqdır. Siz isə bunu bacarmırsız. Çünki həmin məşhur əfsanədəki kimi taleyiniz sizdən əl çəkmir. 

Bir sıra rəssamlar, yazıçılar, şairlər, jurnalistlər, siyasətçilər, hüquqşünaslar və başqa şəxslər Almaniyaya, Fransaya, İsveçrəyə mühacirət ediblər. Buna rəğmən bütün müsahibələri, yazıları, adicə sosial şəbəkə statusları da Azərbaycandan bəhs edir. Yəni, heç cür Azərbaycanı və burdan qaçmalarına səbəb olan problemləri unuda bilmirlər.

Ən dəhşətlisi isə odur ki, yaşadıqları Avropa ölkəsindən bütün danışıqlarında, yazılarında azərbaycanlılara məsləhət verirlər. Xüsusi ağsaqqal-ağbirçək ədası ilə milyonlarla azərbaycanlıya öyüd-nəsihət verirlər ki, "etiraz edin, haqqınızı tələb edin, qorxmayın, azad olun, cəsur olun" və s. və i. a. Yaxşı bəs niyə sən özün qorxdun? Niyə sən burda azad ola bilmədin? Niyə burda etiraz etməyə, haqq tələb etməyə cəsarətin çatmadı? Bütün bunlar da bir yana.

Deyək ki, bu qədər insan qorxaqdır, cəsarətsizdir, etiraz edə bilmir, haqqını tələb edə bilmir, azad olmağı bacarmır. Bundan sənə nə? Sən ki, artıq bu ölkədə yaşamırsan. Sən ki, artıq bu ölkənin problemlərindən əziyyət çəkmirsən. Bütün bunlardan bezdiyin, usandığın üçün çıxıb getmisən ki, istədiyin rahatlığı, xoşbəxtliyi tapasan. Bəs niyə hələ bu bəlaların caynağında qalmısan? Sən ki meşədə gəzən yeddi bacıdan biri deyilsən. Səni ki Orion qovalamır. Yoxsa bu məşhur əfsanə təkcə əfsanə deyil!? Yoxsa bunun gerçək həyatımızda da həqiqət payı var? Miflərə inanmıram, amma belə hadisələrlə rastlaşdıqca içimdə şübhələr yaranır. 

Azyaşlı gəlin, arxiv şəkli
© Foto: PUBLIC DOMAİN

Mənim söhbətimin ağsaqqal-ağbirçək ədası ilə verilən əttökən öyüd-nəsihətlərə bənzəməsini istəmirəm. Yanlış anlamayın. Sizinlə sadəcə söhbət etmək istəyirəm. Belə düşünürəm ki, qaçmaqla xoşbəxt olmaq mümkün deyil. Doğulduğunuz yerdə xoşbəxtliyi qəfildən qurmaq da mümkünsüzdür. Dünyanın əksər yeri belədir. Çünki siyasət həmişə öz hökmünü yeridir.

Amma bu xoşbəxtliyi zərrə-zərrə qurmaq mümkündür. Ordu ilə deyil, fiziki güclə deyil, elm və mədəniyyətlə qurular. Mən əminəm ki, burdan qaçıb gedən ziyalılar öz bütün əməyini bu toplumun elmi-mədəni inkişafına sərf etsəydi, mütləq ki, vəziyyət indikindən daha yaxşı olardı. Yox əgər onlar üçün qurtuluş qaçışdırsa, o zaman heç olmasa getdikləri yerdə xoşbəxt olmağı bacarsınlar. Orionun oxundan birdəfəlik xilas olsunlar. Cəfəng nəsihətlərlə bizim də zəhləmizi tökməsinlər.

Əsas mövzular