07:27 20 Oktyabr 2017
Canlı yayım
Alıyevlər ailəsinin həyətyanı sahəsi

"Çatanda gördüm ki, canavar bacımın başını gəmirir..."

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
843110

Kənd sakinlərinə hücum edən canavarları öldürməyə qadağa qoyulub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Son günlər Ağstafa rayonunun Kolxəlfəli kəndi mütəmadi olaraq canavar hücumlarına məruz qalır. Neçə illərdir kəndin ətrafında sakinlərin atına, eşşəyinə divan tutan yırtıcılar bu ildən artıq tövlələrə, hətta sakinlərə də hücum edirlər. Bir neçə gün öncə kəndə girən yalquzaq kənd sakini Aidə Alıyevaya hücum edib. Hadisə zamanı qadın möcüzə nəticəsində sağ qalıb. Bu möcüzə isə onun qardaşının əliylə gerçəkləşib. Bu barədə Sputnik Azərbaycan-a zərərçəkmiş özü danışıb:

Aidə Alıyevanın üz və boğaz nahiyəsindəki yaralar
© Sputnik / İlham Mustafa
Aidə Alıyevanın üz və boğaz nahiyəsindəki yaralar

"Bostanda lobya yığırdım, qardaşım Natiq də oranı suvarırdı. Birdən qonşuda səs-küy qalxdı ki, canavar həyətdə eşşəyi yeyir. Natiq beli də götürüb qaçdı qonşuya. Aradan 5 dəqiqə keçməmişdi bağa bağladığımız danalar qışqırmağa başladı. Yaxınlaşaraq Natiqi harayladım ki, gəl, canavar dananı yeyir. Ağlıma gəlməzdi ki, mənə də hücum edər. Bu vaxt 4-5 addımlıqdakı fındıq kolunun arxasından çıxıb üstümə atıldı. Mən ağzı üstə yıxılanda başımın arxasından yapışdı. Bircə, dişini batırdığı vaxt çıxan xırçıltı səsi yadımdadı. Sonra huşumu itirmişəm. Üzümə su vurub məni ayıltdıqları vaxt gördüm ki, canavar böyrümdə ölü uzanıb."

Natiq Alıyev
© Sputnik / İlham Mustafa
Natiq Alıyev

Qadının həyatını xilas edən Natiq Alıyev də başına gələnləri Sputnik Azərbaycan-la bölüşüb:

"Qonşuda haray düşəndə qaçdım ora. Mən çatanda canavar səs-küydən qaçmışdı. Bir az orda zarafatlaşdım. Bir də eşitdim ki, bacım haraylayır. Mən çatanda gördüm canavar onu ağzı üstə yıxıb başının arxasından yapışıb. Vursam Aidəni də tuta bilərdi. Amma elə məqamıydı gözləmək, fikirləşmək yeri deyildi. Allah üzümə baxdı ki, beli qaldıran vaxt başını qaldırdı. Var gücümlə vurdum. Elə birinci zərbədə aşdı, ağzından qan gəldi. Böyük erkək canavar idi. İndiyədək çöldə mal-heyvana çox hücum etsə də, heç vaxt adama hücum eləməmişdi. Özü də kəndin içində. Bu bir xəta idi. Şükür Allaha ki, yaxşı qurtardıq" — deyə Natiq Alıyev bildirib.

Sakinlər bu hadisənin canavarların kəndə ilk hücumu olmadığını deyirlər. İyulun 16-da kənd sakini Camal Vəliyevin tövləsinə hücum edən yırtıcılar ona məxsus 18 baş xırdabuynuzlu heyvanı tələf edib, 12-i isə yaralayıb. Camal Vəliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, əlində olub-qalan pulunu iynə-dərmana versə də, yaralı heyvanların sağalacağına ümid etmir.

Camal Vəliyev
© Sputnik / İlham Mustafa
Camal Vəliyev

"Səhərə yaxın girib tövləyə, heyvanların hamısını boğazından tutub bir-bir boğub. Bir səs-səmir çıxmayıb. Həyətdə, qonşularda, hamıda it olsa da, heç biri səs salmayıb. Elə bir zəhmi var ki, təpinən kimi it sakitcə dayanır. Neçə illərdi zülmlə artırmışdım. Kəsiləsini də kəsmirdim ki, qoy artsın, gələn il iki olsun, kəsərəm. Bir gecənin içində məhv etdi hamısını" — deyə C.Vəliyev bildirib. 

Kənd sakinlərinin sözlərinə görə, canavarların çoxalmasına, kəndə, insanlara hücum etməsinə səbəb onların ovlanaraq öldürülməsinə qoyulan qadağadır. Adamlar bu qadağanı qoyanların canavarlara bir əncam çəkməsini istəyir.

Əlaqədar

Canavarlar 150 il sonra Avropaya qayıdıblar
Canavarlar
Canavarlar Şəkiyə hücum etdilər
Teqlər:
canavar, Camal Vəliyev, Natiq Alıyev, Aidə Alıyeva, Kolxəlfəli kəndi, Ağstafa

Əsas mövzular