04:42 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Vedrə bazarı

Burada, yalnız can dərmanı tapa bilməzsiniz...

© Photo : APA
CƏMİYYƏT
Qısa URL
470 0 0

İnsan üçün faydalı olan nə təsəvvür edirsinizsə, burada var

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Qəbələdə, 20 ildən artıqdır ki, tərəzi olmayan və ancaq ölçü vahidi olaraq vedrə götürülən bazar fəaliyyət göstərir. Bu bazar Qəbələnin Vəndam kəndi ərazisində yerləşən məşhur "Vedrə bazarı"dır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələdəki bu bazarın əsas alıcısı Qəbələyə gələn yerli və qonaqlar, turistlərdir. Bu bazarda tərəzidən istifadə olunmur. Meyvə-tərəvəz, çərəzlər – hər şey vedrələrdə satılır.

Bir vedrə almanın çəkisi 3 kiloqram, qiyməti 3 manatdır. Vedrənin çəkisi dəyişsə də, qiymət dəyişmir, yəni bir vedrə alma 4 kiloqram da olsa, qiymət 3 manat olaraq qalır.

Yerli sakinlər bu bazarı başqa adlarla da tanıyırlar. Məsələn, "Düymə bazarı", "Çəkisiz bazar" və s. Qəbələnin Vəndam kəndi ərazisində, dağların ətəyində, Bakı-Qəbələ yolunun düz kənarında yerləşən bu bazarı, bölgəyə yolu düşən hər kəs tanıyır.

Xüsusilə yay aylarında bazar insan əlindən "qaynayır". Havalar soyuduqca, Qəbələyə gələn qonaqların sayı azaldığından, bazarda al-ver də zəifləyir. Yerli sakinlərin əsas gəlir mənbələri bu bazardır.

"Vedrə bazarı"nda çalışan xırda ticarətçilərin dediklərinə görə, Qəbələdə qış-turizm mərkəzləri açılandan sonra, rayona gəlib-gedənlərin sayı artıb. "Alver gedir. Xüsusilə hazırda ərəblərin Qəbələyə axın etmələri ticarətimizə xeyli müsbət təsir göstərib" – satıcılar bildirirlər.

Onların öz dilləri ilə desək, bu rəngarəng, səliqəli bazarda, bircə can dərmanı əksikdir, qalan hər şey var. Müxtəlif növ meyvə, tərəvəz, ev üsulunda bağlanmış xiyar, pomidor, göbələk, qulançar tutması, dağdan yığılan otlar, hazırlanan ədviyyatlar, meyvə qurusu, kənddə yetişən, hazırlanan bir çox məhsullar satılır. Burada nə görürsünüzsə, hamısı əl əməyi, göz nurudur. Hər şeyi təzə-təzə özləri hazırlayırlar.

Bu bazarda təkcə vedrədə satılan meyvə-tərəvəz deyil, qış tədarükləri də var. Müxtəlif növ tutma, bal, doşab, mürəbbə, kompot, balın içinə qatılmış badam, fındıq, qoz… Rəflərə sıra ilə düzülmüş rəngarəng məhsullar yoldan ötənlərin diqqətini cəlb edir.

"Heç nə almayanlar belə, dönüb balonlardakı qırmızı, sarı, narıncı məhsulların nə olduğunu soruşurlar" – deyirlər satıcılar.

Bala qoyulmuş qoz ləpəsi, itburnu çiçəyinin mürəbbəsi, təzyiq üçün dərman, bəkməz, qızılgül suyu, bənövşə çiçəyinin mürəbbəsi, dağ çiyələyi mürəbbəsi, şəkər xəstəliyinin dərmanı olan zirinc suyu – bir sözlə, insan üçün faydalı olan nə təsəvvür edirsinizsə, burada tapa bilərsiniz…

Əlaqədar

Balaca inhisarçılar və ya kiçik bazarlar uğrunda mübarizə
"Sərçə" bazarındakı qətli ikiqat dünya çempionu törədib
"Qara bazar" hərracı gözləmədən qərar verdi
Bakıdakı "Qul bazarı"nda insan dramı yaşanır
"Köhnə bazar"da faciəli olay
Teqlər:
çəki, Vəndam kəndi, vedrə, ölçü vahidi, tərəzi, "Vedrə bazarı", satıcı, alver, tərəvəz, Sputnik Azərbaycan, Qəbələ, meyvə, ticarət

Əsas mövzular