19:45 15 Dekabr 2017
Canlı yayım
Bakı şəhəri

Gəlin, onları paytaxtdan çıxaraq!

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
1123451

Onlar ömrümüzü tükədir, həyatımızı zindana çevirir

BAKI, 31 iyul — Sputnik. Gəzən söz-söhbətlərə görə, ali təhsil müəssisələri şəhərin mərkəzi hissələrindən köçürüləcək. Yenə deyilənlərə görə, paytaxtın şimal istiqamətində — Xocasən tərəflərdə nəhəng təhsil şəhərciyi inşa olunacaq və mərkəzdən uzaqlaşdırılan universitetlər, institutlar, kolleclər həmin şəhərcikdə yerləşdiriləcək.

Bir tərəfdən ağılabatandır. Günü-gündən insan və avtomobil sayı artan Bakıda, günü-gündən də yaşam şərtləri ağırlaşır. İnsan izdihamı, avtomobil tıxacları, hay-küy… Bu mənada, ali təhsil müəssisələrini şəhərətrafı bir zonada cəmləşdirmək, şəhərin sıxlığını xeyli dərəcədə yüngülləşdirə bilər.

Bu, belə. İndi, gəlin görək, təhsil ocaqlarından başqa şəhərimizi qaynar qazana çevirən daha nələr var. Çoxlu amillər sadalamaq olar. Ən əsası isə, dəbdəbəli, hər biri bir neçə hektar ərazini zəbt edən və saat 17.00-23.59 arasında qarşısından keçməyə ürək tələb olunan şadlıq evləri.

Dəfələrlə yüngülləşdirilməsinə cəhdlər edilməsinə baxmayaraq, xalqımızın təmtəraqlı toy etmə şakərinə sadiq qaldığı sübut olunub. Heç bir qüvvə bizləri daha səliqə-səhmanlı, daha yığcam, daha sadə xeyir iş məclisi təşkil etməyə məcbur edə bilməyib, görünən odur ki, bundan sonrakı yüzillikdə də öz prinsiplərimizə sadiq qalacağıq.

Deməli, bir çıxış yolu qalır: böyük restoranları, ziyafət evlərini, şadlıq saraylarını da şəhərdən uzaqlaşdırmaq. Bakının bütün ətrafları boz çöllüklərdən ibarətdir. Yaradırsan eni-uzunu görünməyən restoranlar şəhərciyini və şəhər daxilində bəy-gəlin kortejinin görünməsini qadağan edirsən. Nəticədə gözəllik salonları və toy avtomobillərinin kirayəsi ilə məşğul olan şəxslər də, avtomatik olaraq şəhərdən kənara — şadlıq evlərinə yaxın ərazilərə daşınacaqlar.

Ondan sonra, qoy əziz millətimizin nümayəndələri, Abşeronun geniş çöllüklərində səhərdən-axşamadək çalıb-oynasınlar, yeyib-içsinlər, başqa dərdlərini unutsunlar (Zatən başqa nə dərdimiz var ki?!). Onlar orada şənlənirkən, qeyri-toy əhli də işdən çıxıb evinə adam balası kim getsin, saatlarla soyuqda-istidə, ictimai nəqliyyatın əl tutacağından asılı qalmasın.

Yazının bu yerinə qədər birtəhər dişini sıxıb səbrini basan, sevgili həmşərilərimdən kim(lər)sə, bu məqamda əsəbi şəkildə əlini əlinə çırpar ki, "guya, özü toya-zada getmir də". Təbii ki, gedirəm, məcburam. Amma, hər gün deyil. Halbuki hər gün iş var, qayğı var, dərd-sər dalınca ora-bura vurnuxmaq var.

Ayda-iki ayda bir dəvətli olduğum toy üçün Atyalına, yaxud Ələtə gedib-gəlmək insan ömründən çox bir şey almaz. Lakin, hər gün şəhər daxilində stress yaşamaq ömrümüzü yeyib-bitirir. Madəm ki, bu qədər şan-şöhrəti, bər-bəzəyi, daha zıppıltılı toy etmək üstündə rəqabəti çox sevirik, o zaman bunun əziyyətinə də qatlanmalıyıq. Bizim lüzumsuz istəklərimizin əzabını, daha sakit həyat yaşamaq istəyən başqaları niyə çəkməlidirlər?!

Bu sətirləri beynimdə dolandıra-dolandıra, Tbilisi prospektinin kənarı ilə üzü "20 Yanvar" dairəsinə gedirdim. Qəribə qoxu hiss etdim – yanıq qoxusu kimi. Başımı qaldırdıqda qarşıda, "20 Yanvar" metrostansiyasının üzərində qara duman, daha doğrusu toz burulğanı kimi bir şey gördüm.

Yəni, ərazidə böyük yanğın çıxmışdı və alovun tüstüsü göy üzünü bürümüşdü. Nə baş verdiyini anlamaq üçün addımlarımı sürətləndirdim.

Qəribə idi ki, bu yanğın ərazidə ora-bura şütüyən insanların heç birinin diqqətini çəkmirdi. Sanki, başımızın üstündə fırlanan boz-qara hava kütlələri təkcə mənim gözümə görünürdü.

Və hadisə yerinə çatdım. Çox şükür, yanğın-filan yoxmuş. Metronun yanındakı şadlıq evinin bacasından çıxan tüstü-dumanmış göy üzünü bürüyən, havamızı zəhərləyən, ömrümüzü qısaldan. Gəlin, onları paytaxtdan çıxaraq…

Əlaqədar

Balaca inhisarçılar və ya kiçik bazarlar uğrunda mübarizə
"Şamplena qasırğası" nələri üzə çıxardı?
Əsrin cinayəti
Yeni dünyaya daşınan millət
Tezliklə bütün Bakı sevinəcək
Bakıda Moqadişo müəmması: sirr pərdəsi qalxır
Teqlər:
şadlıq evi, təhsil müəssisəsi, restoran, əhali, insan, Bakı, tıxac, paytaxt, şəhər

Əsas mövzular