10:05 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
981030

Psixopatiyadan əziyyət çəkənlərə meydan verildikdə ən ağlasığmaz hərəkətlərə yol verə bilərlər

BAKI, 28 iyul — Sputnik. Məmurlar, onların həyat və davranışları, övladları hər zaman insanların diqqət mərkəzində olur. Bu, məntiqlidir, çünki məmurlar vətəndaşların verdiyi vergilərdən, ümumilikdə ölkənin sərvət və gəlirlərindən formalaşan dövlət büdcəsi hesabına yaşayırlar. Onların ictimai nəzarətin obyekti olmaları məhz bu səbəbdən doğrudur.

O məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, ona idarə etmək üçün etibar edilmiş vəsaitləri talayanda, mənimsəyəndə, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə etirazla qarşılanırlar. Onların ailələri, övladları həmin oğurlanmış, vəzifədən sui-istifadə yolu bilə qazanılmış vəsaitlər hesabına qudurğanlıq edəndə isə, cəmiyyət o məmurlara qarşı üsyan edir.

Yəqin bu yaxınlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovun oğlu Rüstəm Orucovun qanunsuz hərəkətlərinin doğurduğu əks-reaksiyanı xatırlayırsınız. R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərdə narahatlığa və vahiməyə səbəb olmuş, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq etmişdi.

Daha əvvəl də Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Sonuncu xuliqanlıq hadisəsi də, məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Hazırda Orucov haqqında həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyev onun atasını da tutduğu xidməti vəzifədən azad edib.

Yəqin onu da xatırlayırsınız ki, 2013-cü ildə İsmayıllı rayonunda sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin oğlu Vüqar Ələkbərov rayon sakinlərini təhqir etmişdi. Bu isə vətəndaşların narazılığına səbəb olmuşdu və onlar etiraz aksiyası keçirmişdilər. Aksiya iştirakçıları eks-nazirin oğluna məxsus "Çıraq" otelini və bir neçə bahalı avtomobili yandırmışdılar. Məhz bundan sonra Füzuli Ələkbərov vəzifədən azad edildi. Füzulu Ələkbərovun qardaşı, İsmayıllı rayonunun İcra başıçısı Nizami Ələkbərov da vəzifəsini itirdi.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov, sərxoş vəziyyətdə "Galendwagen" markalı avtomobillə qəza törətməsi nəticəsində iki nəfər həyatını itirmişdi.

14 saylı vergi idarəsinin rəisi Fəxrəddin Əliyevin oğlu Məhərrəm 2015-ci ilin dekabrında Lökbatan qəsəbəsində vinçestrlə bir neçə adamı yaralamışdı.

Bakı Şəhər Prokurorluğunun İstintaqa Nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadənin, şəxsi qarajlarındakı avtomobillərin sosial şəbəkələrdə şəkillərini paylaşması da ictimaiyyətin diqqətini atasına cəlb etmişdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucovun oğlu İsmayıl Orucov odlu silahdan istifadə etməklə Binəqədi rayonunda cinayət törətmişdi.

Bu siyahını uzatmaq da olar…

Prezident dəfələrlə bəyan edib ki, dövlət məmurları öz şəxsi maraqlarına deyil, xalqa xidmət etməli, onların ailə üzvləri isə özlərini ciddi aparmalı və başqalarına müsbət nümunə olmalıdır. "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Amma bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları" – deyə İlham Əliyev bildirmişdi.

Amma baş verənlər göstərir ki, bəzi məmurlar prezidentin sözünü qulaqardına vurur, onların uşaqları isə özlərini həyasızcasına, qudurğan, dikbaş, hamıya meydan oxuyarcasına aparmaqda davam edirlər. Nəticədə yenə siyasi hakimiyyət günahkar sayılır — "məmurlara sərhədsiz imkanlar tanıyan, onları cəzasız buraxan, xalqın başına çıxaran sistem yaradıldığına" görə.

Əlbəttə, bütün bunlar təkcə Azərbaycanda baş vermir. Dünyanın çox yerində oliqarx-məmur uşaqları harınlıq edirlər. Onları "major" adlandırırlar ki, bu da bizdə "papanın gül balası" anlamına gəlir. Ekspertlər o fikirdədirlər ki, bunun birinci səbəbi məhdudiyyətsiz imkanların olması, ikincisi cəzasızlıqdır. Amma əgər adamlar tənbeh edilmələrinə, cəza almalarına rəğmən eyni şeyi təkrarlayırsa, onda psixopatiyadan əziyyət çəkirlər.

Normal hüquqi dövlətlərdə məmurların cəzadan kənarda qalması mümkün deyil. Çünki orada hamının qanun qarşısında bərabər cavabdehliyi qorunur. Məmur ətrafının etdikləri əməllərə görə cavab verir. Onun ilk işi könüllü şəkildə istefaya getmək, ikinci işi də qanun qarşısında cavab vermək olur.

Bəs bizdə necədir? Məmurlar və onların balaları, yaxın ətrafı cəzalandırılırmı?! Əgər cəzalandırılırsa, bəs niyə təkrar-təkrar eyni cinayəti törədirlər?! Doğrudanmı, psixopatiyadan əziyyət çəkirlər?!

Əvvəla, bizdə məmurların könüllü istefa vermək praktikası yoxdur. İkincisi, onların cəzalandırılması praktikasına da nadir hallarda təsadüf olunur. Üçüncüsü, onlar çox vaxt cəzadan yüngül qurtulurlar. Üstəlik, bizdə o düşüncə də hakimdir ki, övladının, qardaşının, yaxınlarının törətdiyi əmələ görə, məmur cavabdeh deyil. Amma düşünmək lazımdır ki, atasının, yaxın adamının yüksək vəzifəli, imkanlı məmur olması, adamın əl-qolunu açır, onu cinayəti düşünmədən törətməyə təşviq edir.

Psixoloqlar deyirlər ki, psixopatiyadan əziyyət çəkənlərə meydan verildikdə ən ağlasığmaz hərəkətlərə yol verə bilərlər. Və təəssüf ki, bizdə onlara meydan verilir. Polis bahalı və təmtəraqlı nömrələri olan maşınlara, onların sahiblərinə dəyməməyə çalışır. Yaxud məmur balası qudurğanlıq edib kimisə döyürsə, kiminsə qızını zorlayırsa, kiminsə evini başına uçurdursa, kimdənsə xərac alırsa, kiməsə olan borcunu qəsdən ödəmirsə (və s.), deməli cəzasız qalacağına ümid edir.

Bizdə ən yaxşı halda məmurlar öhdəsindən gələ bilmədikləri uşaqlarını xaricə göndərirlər. Bunu da ona görə edirlər ki, onların xaricdəki qudurğanlıqlarından bizimkilər xəbər tutmasın, tutanda da bunu dəqiqləşdirmək imkanı olmasın.

Psixoloqların fikrincə, məmur ailələrinin çoxunda özbaşınalıq, ata-ananın normal münasibətdə olmaması, uşaqların yanlış tərbiyə olunması halları baş verir. Çox vaxt məmurlar uşaqların tərbiyəsini dayələrə həvalə edirlər. Amma uşağa dayənin onlar üçün valideyn qədər dəyərli olduğunu təlqin etmirlər. Əksinə dayələri qulluqçu, nökər qismində təqdim edirlər, uşaqların gözü qabağında onları alçaldırlar. Nəticədə də uşaq dayəni saymır, onun dediklərinə əməl eləmir. Yenə nəticədə uşaq tərbiyədən kənarda, özünün istədiyi kimi böyüyür. Onun bütün arzuları yerinə yetirilir: bahalı oyuncaqları sonra maşınlar, qızlar, oğlanlar, barlar, təhlükəli əyləncələr, içki, narkotik, qumar, avtoşluq və s. əvəz edir. Onlar pulun qüdrətinə güvənirlər. Hər şeyin pulla alınıb-satıla, ört-basdır edilə biləcəyini düşünürlər.

Kasıb qudurğanın isə məmur balası qədər eyni cinayəti dəfələrlə təkrar etmək "şansı" yoxdur. Olanda da yenə həbsxanaya qayıdır, ömrünün çox hissəsi həbsxana divarları arasında keçir.

"Niyə bu mövzuya təkrar-təkrar qayıdırıq?" deyə soruşa bilərsiz. Çünki bu problem cəmiyyətimizdə hələ də həll olunmamış qalır. Prezident, özü və uşaqları qudurğanlıq edən məmurların üçünü, beşini cəzalandırır. Amma hələ də cəzasız qalmış çoxluq mövcuddur…

Ötən gün sosial şəbəkədə, bir müddət əvvəl 400 min manatlıq toyu ilə gündəmə gələn cütlüyün həqarət dolu açıqlamalarına rast gəldik. Onlar Paris səyahətləri barədə şəkillər paylaşıblarmış. Bu da şəbəkə istifadəçilərinin bir qisminin qəzəbini yenidən dindirib. Onlar "valideynlərinin oğurluq pulları ilə kef çəkdiklərinə görə" qınaq obyekti olublar.

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı olan Aysel Şükürova yazıb: "Ay məxluqlar, sizə insan deyə bilmirəm. Özünüzə hörmət edin… Boş-boş rəylər yazmayın. Artıq gülməyim gəlir, sizin səviyyəsiz mesajlarınızı oxuyanda. Sizin başınız yalnız ora qədər işləyir ki, qeybət qıra-qıra, onun-bunun sözlərinə inanasınız…".

Amma Aysel xanım bir şeyi unudub ki, dəbdəbəli həyatını başqalarının gözünə soxmaqla onların hörmətini deyil, nifrətini qazanır. Çünki hamı bilir ki, o pullar vicdanlı və qanuni yollarla qazanılmış pullar deyil. Valideynləri onları məhz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, sadə insanların haqqına girərək qazanıblar. Azərbaycan kimi ölkələrdə milyonlarla pulu qanuni şəkildə qazanmaq üçün adamın yeddi başı olmalıdır. Həm, Henri Fordun bir fikrini də xatırlatmaq yerinə düşər. Ondan soruşmuşdular ki, "pullarınızı qanuni yolla qazandığınıza and içə bilərsiniz?" O da cavab vermişdi ki, "qazandığım hər sentin hesabatını verə bilərəm, sadəcə ilk bir milyondan başqa. Heç vaxt məndən soruşmayın ki, ilk bir milyonu necə qazanmışam". Və Ford eyhamla bildirmişdi ki, iri pullar heç vaxt qanuni yollarla qazanılmır.

Son olaraq bildirək ki, qudurğanlıq etməyin məmur, varlı, ya da kasıb olmağa dəxli yoxdur. Bu, insanın xislətindədir. Hər kəsin ömründə heç olmasa 1 dəfə adrenalinə, bir dəlilik etməyə, hər şeyi unudub ağlına gələni, ona həzz verən şeyi etməyə ehtiyacı olur. Bunu kasıb edəndə, "harana yaraşır, get kasıblığının dərdini çək də…" deyirlər. Varlı da edəndə, "harınlığından belə eləyir, pul qudurdub" deyirlər. Kasıbın bunu etməsi qlobal etirazlar doğurmur. Çünki kasıba qarşı kini, nifrəti olanlar çox azdır dünyada. Varlıya qarşı isə nifrət həddindən artıqdır. Çünki varlı azdır, kasıbsa çox. Bütün kasıblara elə gəlir ki, varlı məhz onun payını götürüb. O, olmasaydı, indi özü varlı idi.

Varlılarla kasıbların, vəzifəlilərlə vəzifəsizlərin qarşılıqlı nifrəti əbədidir, sonsuzdur. Sadəcə hamı bir şəkildə rola girib dinc və yanaşı yaşamağa çalışmalıdır. Etiraz etmək hüququ təməl və gözəl hüquqdur. Amma hamı bu hüquqdan geninə-boluna istifadə etsəydi, görün dünyada nələr baş verərdi. Kimsə öz hüququndan azca keçməlidir ki, kimsə o hüququ pozmaq azadlığının dadını çıxarsın. Əlbəttə, azadlığın sərhəddinin də başqasının azadlığının başlandığı yerdə bitdiyini unutmamaq şərti ilə…

Əlaqədar

Məmur istirahətdən qayıtmadı
Prezident məmurlara dondurma aldı
Qanunsuz ağac kəsilməsinə yol verən məmur cəzalandı
Bakıda məmur özbaşınalığının üstü açıldı
Səlahiyyət həddini aşan məmur işdən qovuldu, iş prokurorluğa göndərildi
Rüşvətxor məmurların reyestri yaradılır
İlham Əliyev vətəndaşları narazı salan daha bir məmuru cəzalandırdı
Adı qalmaqalda hallanan məmur işdən çıxarıldı
İlham Əliyev daha bir məmuru işdən çıxardı
Teqlər:
qudurğanlıq, övlad, vəzifə, qanun, cəza, cəmiyyət, məmur, prezident

Əsas mövzular