CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhali ölkədaxili gediş-gəlişlə bağlı yeni seçim etməli olacaq

© Sputnik / Murad OrujovBakı beynəlxalq avtovağzalı
Bakı beynəlxalq avtovağzalı - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişin daşınması ilə bağlı qiymət artımı yeni tendensiya yaradacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq edilməsinə qərar verilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi üçün 15 iyul tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

Qatar - Sputnik Azərbaycan
Dəmir yolu nəqliyyatında gediş haqları artırılır

Qeyd edək ki, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiqi qiymətlərin 20% artırılması deməkdir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, çevik qiymət siyasətinə keçməklə bağlı izahedici məlumatın doğru olmadığını deyib: "Çevik qiymət siyasətini adətən rəqabətli bazarda həyata keçirirlər. Eyni zamanda, xərclər ilə gəlirlərin uyğunlaşdırılması məsələsində buna daha çox diqqət edirlər. Yəni, bu, vətəndaş üçün heç nə demir. Çünki, izahedici məlumat deyil. Sadəcə baş verənləri insanlara izah etməkdə çətinlik çəkirlər və bu baxımdan da bu kimi ifadələr işlədirlər".

Onun sözlərinə görə, bütün sahələrlə yanaşı, dəmiryolu sərnişindaşıma xidmətində də müəyyən inkişaf var: "Amma bu gün qiymətin artırılmasını birbaşa sərnişinlərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılmasına bağlamaq doğrudurmu? Düşünürəm ki, bu, nisbətən mübahisəli məsələdir. Yəni, son aylarda, günlərdə keyfiyyət, infrastruktur sahəsində hər hansı bir ciddi işlər görülməyib ki, buna uyğun da qiymətlərin artırılması baş versin".

İqtisadçının fikrincə, məsələ ondadır ki, bu gün dəmiryolu faktiki olaraq maliyyə problemləri ilə üzləşib və defoltun astanasındadır: "Dəmiryolu öhdəliklərini yerinə yetirə bilmir, zamanında səmərəsiz və lazımsız istiqamətdə böyük vəsaitlər xərclənib və kifayət qədər böyük məbləğdə borcları var. Bu baxımdan da ola bilsin ki, hər hansı bir maliyyə institutları ilə müzakirələr aparılır. Hazırda əlavə borclanma ilə bağlı və yaxud da ki, gələcək öhdəliklərin yerinə yetirilməsi ilə bağlı strateji plan hazırlanır. Burada təşkil edilən xidmətlərin qiymətinin artırılması yolu ilə dəmiryoluna daxil olmaları artırmaq və beləliklə, qurumu hazırki yaranmış maliyyə böhranından müəyyən mənada xilas etmək cəhdi hesab oluna bilər".

Международный аэропорт Гейдар Алиев в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Hava nəqliyyatı ilə daşınmada artım var

R. Həsənov qeyd edib ki, qiymətlərin artırılması vətəndaşların xərclərini daha da artıracaq: "Bu, eyni zamanda, sərnişindaşımada yeni tendensiyaların formalaşmasına və digər istiqamətlərdə də qiymətlərin bahalaşmasına gətirib çıxarda bilər. Çünki bu gün dəmiryolu daşımalarında qiymətlər artırılırsa, gələcəkdə bu, metropolitenə və eyni zamanda, avtobus vasitəsilə sərnişindaşımaya sirayət edə bilər. Yəni, bu, bir presedent formalaşdırır. Sərnişindaşımada ümumi qiymət səviyyəsinin artımını şərtləndirəcək".

İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlaması çox qəribədir: "Qiymət qaldırılması adını nə istəsən, qoya bilərsən. Amma faktiki olaraq qiymət qalxır. Sonra da demək ki, bu, xidmətin keyfiyyətini də yaxşılaşdıracaq, bu, ümumiyyətlə, uyğunsuz bir bəyanatdır. Necə ola bilər ki, bir kupedə aşağı yerlərin qiymətinin 20 faiz qaldırılması xidmətin səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir, yuxarı yerlərin qiyməti qalxmır deyə onlarda xidmət yaxşılaşmayacaq? Yəni, vaqonlarda aşağı və yuxarı yerlərdə gedənlərə fərqli xidmətlər göstəriləcək? Bu açıqlamanın özü məntiqsizdir".

Onun sözlərinə görə, bahalaşmanın səbəbi çox sadədir: "Azərbaycan Dəmir Yolları maliyyə problemləri ilə qarşılaşıb. Əlavə vəsait əldə etmək üçün və "Azərbaycan Dəmir Yolları" QSC-nin qazancını artırmaq üçün qiymətlərin qaldırılmasına üstünlük veriblər. Bu da effektiv deyil. Çünki, qiymətlər yuxarı qalxdıqca, digər alternativ marşrutlara insanların axını daha da artacaq".

Ekspertin fikrincə, dəmiryolları qiymət artımından sərnişin itirərək daha çox ziyana düşəcək, nəinki qazanc əldə edəcək: "Ola bilər, bayram günlərində, pik vaxtlarda qatarlarda sərnişinlər çox olsun. Amma ümumilikdə, artıq qiymət artımından sonra avtomobillərlə, avtobuslarla səyahət edən sərnişinlərin sayının daha da artması ehtimalı var. Qatarlarla gedən sərnişinlərin sayının azalması qiymətin artmasına baxmayaraq, ümumən onların dövriyyəsinin və gəlirlərinin azalmasına səbəb ola bilər".

Ekspert çevik tarif məsələsinə də aydınlıq gətirib: "Birdəfəlik qiyməti 20 faiz qaldırıb bəlli bir qiymət müəyyən etmək və bunun adını çevik tarif siyasəti qoymaq məntiqə uyğun deyil. Məsələn, dünyada fəaliyyət göstərən bir çox özəl qatar kampaniyalarında çevik tariflər var. Bayram günlərindən öncə avtomatik qiymətlər qalxır. Amma ara günlərdə qiymətlər çox kəskin şəkildə aşağı düşür və bəzən 100 avroya olan bileti 10 avroya da almaq olur. Çevik tarif budur".

Xəbər lenti
0