16:19 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
531910

Son hadisə, əslində fərqinə varmadığımız qaranlıqları aydınlatdı

BAKI, 10 iyul — Sputnik. Ötən həftə Sputnik Azərbaycan-ın ortaya çıxardığı bir fakt ölkə gündəmini silkələdi. Öncə xəbər verildi ki, seksual azlıqların nümayəndələrindən ibarət qrup Bakıdakı bir çay evinə hücum edərək oranı talana məruz qoyub. İnsident iyulun 3-dən 4-nə keçən gecə saat 00:10 radələrində Nizami rayonunda, Çobanzadə küçəsində, 24-cü polis bölməsinin ərazisində baş verib.

Ərazidə yerləşən "Opera" çayxananın sahibi Məmmədov Rafiq Ramazan oğlu polisə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, ona məxsus obyektə 3 cinsi azlığın nümayəndəsindən ibarət qrup gələrək, 500 manat pul tələb ediblər. İlkin məlumata görə, bu pulu Məmmədov cinsi azlıqların nümayəndələrindən birinə borclu imiş. Məmmədov onlara bildirib ki, onun üstündə bu qədər pul yoxdur və tezliklə o pulu qaytara bilməyəcək.

Bu zaman gənclərdən ibarət qrup çayxananı dağıtmağa və talan etməyə başlayıb. Onlar mebelləri, stəkanları qırıblar, şüşə qırıqlarını Məmmədovun üstünə atıblar və o, qolundan zədə alıb. Bununla yanaşı, "Şamplena" ləqəbini daşıyan həmin dələduzlardan biri stəkanın qırığı ilə öz venasını kəsib və nəticədə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Bir neçə gün sonra isə işin astarı üzə çıxıb. Yəni həmin R. Məmmədov Sputnik Azərbaycan-ın redaksiyası ilə əlaqə saxlayaraq, həqiqətləri anladıb. Məlum olub ki, məsələ heç də bilindiyi qədər bəsit deyilmiş. Sən demə, çay evinə basqın edən Şamplena, artıq paytaxtın Nizami rayonuna "polojeniyaya" nəzarət edirmiş.

Belə ki, hadisədən 5 gün əvvəl, əsl adı Teymur Paşayev olan, 42 yaşlı Şamplena, öz əlaltıları ilə çay evinə gələrək Məmmədovdan, sakit işləyə bilmək üçün 500 manat aylıq haqq (xərac) tələb edib. Şamplena bu məbləği toplamaq üçün biznesmenə 5 gün vaxt verib. Deyib ki, bu əraziyə o, nəzarət edir, hətta küçədə fahişəliklə məşğul olan "mavilər" və qadınlar gündəlik ona 20 manat haqq ödəyirlər.

Və 5 gündən sonra uzun saçları olan və qara don geyinmiş Şamplena, əlaltıları ilə birgə yenə çay evinə gəlib, hay-küy salaraq kəsdiyi xəracı tələb edib. Nəticədə də yuxarıda qeyd olunan hadisə baş verib.

Beləliklə, bu hadisə sosial şəbəkələrdə qızğın müzakirə mövzusuna çevrildi. Əksər vətəndaşlarımızın təəssüf hissi ilə diqqət çəkdikləri məqam ondan ibarətdir ki, "Vaxt var idi Bəxtiyar, Hikmət kimi "qanuni oğru"lar "polojeniyaya" nəzarət edirdilər, indi Şamplena kimi transseksuallar".

Bəli, təəssüflənmək üçün tutarlı səbəbdir. Ən azından, bir zamanlaradək öz varlıqlarını maksimum dərəcədə gizli saxlayan cinsiz azlıqlar (əslində, bu anlayış da uğursuz seçilib), bu gün öz "xidmət" sahələrini əməlli-başlı genişləndiriblər. Əvvəllər küçəyə qorxa-qorxa çıxan bu zümrənin fəalları, artıq həmin küçələrdə söz sahibinə çevriliblər. Hətta normal adamların (məsələn, cinsi çoxluqların) üzərində patronajlıq haqqına iddia edirlər. (Niyə bu qədər rahat hərəkət edə bildikləri isə başqa müzakirənin mövzusudur).

Lakin, zənnimcə, əsas dərd bu da deyil. Məsələn, fərqində deyilmiyik ki, fiqurların yerini dəyişdikcə cəm dəyişmir? Əməl yanlışdırsa, onu törədən subyektlərin kimliyi o qədər də əhəmiyyət daşımır. Yəni bir cinayəti "avtoritet" törətdiyi halda alqışlayıb, "trans" törətdiyi halda daşlamaq hansı gerçəyi dəyişir ki?

Onsuz da aidiyyəti ünvanların "xəracını" çatdırmağa məcbur olan həmin iş adamının boğazına, indi də bu tərəfdən çökənlərin cinsi mənsubiyyətini deyil, ümumiyyətlə camaatın boğazına niyə çökülməli olduğunu araşdırmaq lazımdır. Birinin haqsızlığını ədalətin bərpasına xidmət edən yazılmamış qanun, digərinkini biabırçılıq kimi qələmə vermək 21-ci əsr insanının beyninin məhsulu ola bilməz.

Və üzərində dayanmalı olduğumuz çox incə bir nüans var: ƏDALƏTSİZLİK. İnsan ədalətsizliklə üzləşirsə və qanuni orqanlardan dərdinə çarə tapa bilmirsə, onun haqqını bərpa edəcək birilərini axtarmağa başlayır. Keçmiş sovet güc strukturlarının, alt qatları (kriminal aləmi, həbsxanaları və s.) nəzarətdə saxlamaq üçün yaratdığı "qanuni oğru" sisteminin sonradan xeyli tərəfdar qazanması da, məhz bu ədalət axtarışlarının nəticəsiydi.

Birbaşa məmurların basqısına məruz qalan, yaxud cəmiyyətin digər fərdləri tərəfindən tapdanan haqqını rəsmi instansiyalarda bərpa etdirə bilməyən insan, ümidini "gizli asayiş keşikçilərinə" bağlayırdı. Kriminal dünyanın təmsilçiləri də öz yazılmamış qanunları ilə problemi bir şəkildə həll edir, göstərdiyi xidmətə görə haqqını alır və ayrıca hər iki tərəf üzərində uzunmüddətli dominantlıq imkanı qazanırdı.

Və beləcə bu qanunsuz sistemə simpatiya yaranır, onlara özənənlərin sırası genişlənirdi. Unutmayaq ki, yaşlı nəslin nümayəndələrinin ciddi-cəhdlə inandırmaq istəmələrinə baxmayaraq, SSRİ adlı nəhəng dövlət heç də qanunlarla idarə olunmurdu. Sosial ədalət şüarından çıxış etsə də, orada "ədalət"in vətəni cəmiyyətin içərisi deyil, alovlu çıxışlar və vahid xəttə xidmət edən ədəbi-bədii əsərlər, filmlər idi.

Daha acınacaqlısı isə odur ki, bu gün də post-sovet məkanında ədalət axtarışları davam edir. Bu axtarışlar da kriminal aləmi yetərincə ayaqda saxlayır. Odur ki, şamplenaların alt qata nəzarəti ələ aldığından qeyzlənən gənclərimiz, öz qəzəbini "ədalət mülkün təməlidir" gerçəyi ilə ifadə etmək əvəzinə, "hardasan, ay Məşədi Kazım" dərdindədir…

Əlaqədar

"Cinsi azlıqların hüquqlarını qoruyun, cənab prezident"
Bakıda cinsi azlığın mənzilini qarət etdilər
Homoseksuallarla bağlı xəbər ortalığı qarışdırdı
Homoseksuallıq xəstəlik deyil, həyat tərzidir
Uzun zamandan bəri ölü bilinən kriminal avtoritet Bakıda qətlə yetirildi
Dünya şöhrətli kriminal avtoritet Azərbaycana gəlir
"Kriminal avtoritet"in bütün ailəsinin qətlinə fərman verilib
Kriminal aləmdə tarixi ittifaq
Teqlər:
haqq, ədalətsizlik, Məmmədov Rafiq Ramazan oğlu, Şamplena, cinsi azlıq, homoseksual, kriminal aləm, çay evi, Sputnik Azərbaycan, ədalət, qanuni oğru, haqsızlıq, transseksual, cinayət, polis

Əsas mövzular