14:49 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
352410

Hökumətin yeni qərarı cəmiyyətdə canlanma yaradacaq

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron vakansiya sisteminin yaradılması üzərində işləyir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama verib.

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli
© Photo : İ.HÜSEYNLİNİN ARXİVİ
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli

Onun sözlərinə görə, elektron sistem yaradıldıqdan sonra həm işəgötürənlər, həm də işsizlər məşğulluq orqanlarına getmədən iş və ya işçi tapa biləcəklər: "Bu sistem vasitəsilə işəgötürən öz vakansiyalarını virtual sistemdə yerləşdirə biləcək. Həmçinin iş axtaranlar da elektron qaydada özlərinə iş tapa biləcəklər. Əgər işçi işə göndərişlə getmək istəyirsə, o halda onlar da məşğulluq orqanlarına müraciət edə biləcəklər".

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında, elektron xidmət sisteminə keçidin dünyanın diqqət mərkəzində olduğunu deyib: "Avropa İttifaqı ölkələrindən rəqəmsal biznesin qurulması, inkişafı ilə bağlı çox önəmli mesajlar var. Rəqəmsal texnologiyanı tətbiq etməklə işəgötürmə qaydalarının həyata keçirilməsi müəyyən mənada süründürməçiliyin, bürokratik əngəllərin qarşısını alır. Eyni zamanda, elektron xidmətin olmaması faydasız kargüzarlıq məsrəflərini artırır. Ərizələrin yazılması, sənədlərin toplanması ilə bağlı nə qədər kağız sərf olunur. Bu, həm də ekoloji faktorun yaxşılaşmasına gətirib çıxardan məsələdir. Əsas məqsəd elektron xidmət mexanizminin daha çox inkişaf etdirilməsi və əhalinin bu xidmətə əlçatanlığının təmin olunmasıdır".

Onun sözlərinə görə, amma burada bir çətinlik odur ki, regionlarda bununla bağlı ciddi problemlər var: "Xüsusilə işsizlərin, məşğulluqla problemi olanların vəziyyəti elədir ki, onların hamısının evində elektron sistemlər yoxdur, "Wi-Fi" sistemləri işə düşməyib, kompüterləşmə çox aşağı səviyyədədir. Rayonlarda, kənd yerlərində bu sistemin tətbiqində ciddi problemlər var və uzun müddət də olacaq. Amma böyük şəhərlərdə – Bakıda, Gəncədə, Sumqayıtda və s. bu, öz müsbət təsirini göstərəcək və əhali müəyyən mənada bürokratik əngəllərdən azad olunacaq".

Ekspertin fikrincə, hələlik bunu tədricən tətbiq etmək lazımdır: "Birdən-birə yalnız elektron mexanizmlərin işə salınması əhalidə müəyyən çətinliklər yaradacaq. Xüsusilə kənd adamlarının rayon mərkəzlərinə gəlməsi, elektron sistemə daxil olmaları və sair problemli məsələdir".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Natiq Cəfərli də Sputnik Azərbaycan-a açıqlamasında dövlət, hökumət qurumlarının xidmətlərinin elektron qaydaya keçməsinin müsbət hal olduğunu deyib: "Hər hansı bir yerə getmədən elan yerləşdirmək, müraciətə cavab almaq, xidmətlərdən istifadə etmək normal və müsbət addımdır. Amma indiyədək də Azərbaycanda onlarla iş elanları yerləşdirən saytlar var idi. Yəni, onlayn qaydada iş axtaran və iş təklif edən şirkətlər, hüquqi və fiziki şəxslər vardı. Bu təkliflərin böyük əksəriyyəti kommersiya sahəsində idi".

"İndi isə əsasən dövlət və hökumət orqanlarında boş olan yerlər və yaxud da hər hansı ştatlarla bağlı elanların yerləşdirilməsi çox güman ki, aktual olacaq. Çünki, kommersiya sahəsində illərdir Azərbaycanda elan saytları var və bu gün də fəaliyyət göstərir. Yəni, bu, kommersiya qurumları üçün yenilik deyil" — Cəfərli bildirib.

Ekspert düşünür ki, rəsmi saytda əsasən dövlət və hökumət orqanlarının, büdcə təşkilatlarının, publik şəxslərin elanları daha çox üstünlük təşkil edəcək: "Çünki digər sahələrdə, kommersiya sahələrində elanlar bu gün də var və sabah da olacaq".

Onun sözlərinə görə, elektron xidmətlərin genişləndirilməsi müsbət addımdır: "Amma bunun işsizlik problemini həll edəcəyini, iş axtaran ilə işəgötürən arasında körpü rolunu oynayacağını indidən söyləmək çətindir. Çünki Azərbaycanda təəssüf ki, rəsmi işsizlərin sayı ilə qeyri-rəsmi işsizlərin sayı arasında böyük disbalans var. Yəni, rəsmən 5 faiz işsizlik elan olunub, amma qeyri-rəsmi işsizlik bundan dəfələrlə çoxdur. Amma ən azından yeni formata keçməyin özü müsbətdir".

Əlaqədar

Əflatun Amaşov: “Əmək standartları sahəsində xeyli işlər görülüb”
Nazirlik işçilərin müdafiəsinə qalxdı
Yeni fond işsizlərə yardım edəcək
Daha bir qurum gücləndirilmiş iş rejiminə keçir
Teqlər:
İlqar Hüseynli, işsiz, Sputnik Azərbaycan, , Natiq Cəfərli, vətəndaş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əhali, ekspert

Əsas mövzular