13:59 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
CƏMİYYƏT
Qısa URL
2145 0 0

Övladı olmayanlar, xəstələr, ümidsiz insanlar şəfa tapmaq, arzularına çatmaq üçün bura gələr, çarə umardılar...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Bakı-Siyəzən yolunun 95-ci kilometrliyində yerləşən, el arasında "Beşbarmaq piri" kimi tanınan "Beş bərmək", başqa adı ilə desək “Xıdır Zində” ziyarətgahı əvvəllər insanların ümid-inanc yeri olub. Həmin inanclara görə, "Beşbarmaq" dağı əvvəllər 3 qardaşın yaşadığı, sığındığı məkan olub. Elə buna görə də, həmin dağ sonradan “Xıdır Zində” piri adlandırılıb. Övladı olmayanlar, xəstələr, ümidsiz insanlar şəfa tapmaq, arzularına çatmaq üçün bura gələr, pirdən dərdlərinə çarə umardılar.

“Xıdır Zində” ziyarətgahı
© Sputnik / Irade JELIL
“Xıdır Zində” ziyarətgahı

Hazırda isə bu məkan şimal rayonlara gedən və oradan qayıdan insanlar üçün dayanacağa çevrilib. Əslində, “pir” yoldan 5 km uzaqlıqda yerləşir. Maşınlar isə “pirin” aşağı hissəsində biznes üçün qurulan obyektlərin yanında mütləq şəkildə dayanırlar. Çox az maşın həmin “obyektdə” durmadan yoluna davam edər…

Suda bişirilmiş qarğıdalı satışı
© Sputnik / Irade JELIL
Suda bişirilmiş qarğıdalı satışı

Ərazidə gigiyena qaydaları kobud şəkildə pozulur. Demək olar ki, ilin istənilən fəslində burada satılan qarğıdalı və kabablar naməlum şəraitdə bişirilir. Yol kənarına qoyulmuş qarğıdalı vedrələri, qazanlar his, toz içindədir. Bişirilən kababların ətinin mənşəyi məlum deyil. Satıcılara ətin mənşəyi, qoxusu barədə sual verəndə, gözlərini döyüb, adamın üzünə baxırlar.

Ötən günlərdə yolum yenə bu əraziyə düşmüşdü. Ətrafdan gələn qışqırıq səsləri diqqətimi cəlb etdi. Deməli, “pirin” yaxınlığında 20 qəpiklik tualetin işçisi olan qadın özünü qapazlayıb, “20 qəpiyimi verin” deyə qışqırırdı. Yaxınlaşıb maraqlandım. Məlum oldu ki, uşaqları Quba gəzintisinə aparan müəllim, onların təbii ehtiyaclarını ödəmələri üçün avtobusu bu dayanacaqda saxlatdırıb.

“Xıdır Zində” ziyarətgahının aşağı hissəsindəki ticarət obyektləri
© Sputnik / Irade JELIL
“Xıdır Zində” ziyarətgahının aşağı hissəsindəki ticarət obyektləri

Qızlar içəri girəndə tualetə nəzarət edən qadın onlardan pul istəyib. Uşaqlar isə pulu müəllimin verəcəyini bildiriblər. Qadın bu sözlərdən sonra özünü döyərək, uşaqları qorxudub oradan uzaqlaşdırmaq istəyib. Sonradan uşaqların müəllimi gəlib, qadının tələb etdiyi pulu verdi. Amma həmin nəzarətçi qadın müəllimin oradan çıxmasını tələb edirdi.

— 20 qəpik də sən ver.

— Mən niyə verim? Girmirəm içəri, axı.

— Onda çıx bayıra.

— Çıxmıram, mən sənə uşaq etibar edərəm?

Və qadın yenə qışqırıb özünü döyməyə başladı. Tualet isə çox çirkli, antisanitar vəziyyətdə idi. Ən acınacaqlısı isə o idi ki, ərazidə yerli sakinlərlə yanaşı, əcnəbilər də vardı. Təbii ki, səs-küy onların da gözünü qorxutmuşdu…

Antisanitar vəziyyətdə satılan qidalar, tozlu, hisli, çirkli əllər, günəş şüaları altında bəlkə də günlərlə qalmış “sərinləşdirici” içkilər insan sağlamlığı üçün təhlükə mənbəyidir. Hələ səyyar satıcıların "peraşki" deyə bağırması, bir daha sübut edir ki, bu ziyarətgah əmin əllərdə deyil.

Yüksək gərginlik həyat üçün təhlükəlidir
© Sputnik / Irade JELIL
Yüksək gərginlik həyat üçün təhlükəlidir

Tualetlərdən bir qədər aralıda manqal qoyub kabab bişirən, qazan qoyub qarğıdalı qaynadan çox sayda satıcı var. Amma nə təəssüf ki, bütün bu antisanitariyaya, dəhşətli mənzərəyə, kobud rəftara baxmayaraq, alıcıları da vardı.

Alıcıların heç də hamısı hallarından narazı deyil. Nərminə Süleymanova adlı qadının mövqeyi isə insanda şok yaradır: “Onsuz da, yaxşı və ya pis yesək, bir gün öləcəyik, bunun üçün nə yediyimin fərqi yoxdur. Hamı alır, mən də alıram. Hələ eşitməmişəm ki, kimsə qaynadılmış qarğıdalıdan ölsün".

“Hansı şəraitdə bişdiyindən xəbəriniz varmı” sualına isə “nə fərqi var ki, yaxşı dadırsa, zəhərləmirsə, yemək olar" deyə cavab verir.

Bura hər gün yüzlərlə adam gəlir
© Sputnik / Irade JELIL
Bura hər gün yüzlərlə adam gəlir

Beləcə, hər gün bu dayanacağa minlərlə adam gəlir. Onlar arasında sağlamlığının qayğısına qalıb, heç nə almayanlar da var, qarnını doyurub, susuzluğunu yatıranlar da. Bu dayanacağın ən böyük problemi isə çirkli, xəstəlik mənbəyi olan tualetlərdir.

Əlli manata həll edilən problem
© Karikatura
Əlli manata həll edilən problem

Nəzərə almaq lazımdır ki, bura əcnəbi turistlər də gəlir. Və “Xıdır Zində” pirinin turistlərin yaddaşında belə çirkli, antisanitar vəziyyətdə qalması isə yenicə inkişaf etməkdə olan ölkə turizminə zərbədir.

Xatırladaq ki, Sputnik Azərbaycan bir dəfə də bu mövzuya toxunmuşdu. Amma yerli icra qurumları məsələyə aydınlıq gətirməkdən imtina etmişdi. Təəssüf ki, bu dəfə də sorğumuza cavab ala bilmədik. Siyəzən Rayon İcra Hakimiyyətinə göndərdiyimiz sorğu “gedər-gəlməzə” düşüb. İcra Hakimiyyətindən telefon zənglərimizə də cavab ala bilmədik.

Əlaqədar

Həcc ziyarətinə gedənlər üçün bəd xəbər
Azərbaycanda yeraltı ziyarətgah: giriş qadağandır
İki sərkərdənin uyuduğu türbə: əhali oranı ziyarət etməyə qorxurdu
Həccə ziyarətinə sənəd qəbulu başlayıb
Məşhur sənətçi Kəbə ziyarətinə gedib
Bu abidə yalnız ziyarətgahlarda bitən möcüzəli ağacların olduğu meşədədir
Teqlər:
antisanitariya, Xıdır Zində” ziyarətgahı, "Beş bərmək", "Beşbarmaq piri", pir, tualet, Siyəzən, Bakı

Əsas mövzular