06:12 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1302 0 0

Fekal tullantılar uzun müddətdir ki, torpağa hopduğundan, ətrafı üfunət havası ilə zəhərləyir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Ötən həftə 140-dan çox uşağın sudan zəhərlənməsi artıq unudulmaqda olan çirkab sularının idarəçiliyi problemini növbəti dəfə gündəmə gətirdi. Qeyd edək ki, mütəxəssislərin əksəriyyəti uşaqların çirkab sularının içməli su xəttinə sızması nəticəsində zəhərlənməsi versiyasına üstünlük verir. Bu məlumat fonunda Hövsandan gələn xəbər diqqətimizi cəlb etdi.

Hövsan qəsəbəsi
© Sputnik / Irade JELIL
Hövsan qəsəbəsi

Hövsanda kanalizasiya suları birbaşa dənizə axıdılır. Sakinlərin sözlərinə görə, problem uzun illərdir ki, davam edir. Buna görə də, ərazidə çirkab sularının qoxusundan yaşamaq mümkün deyil. Sputnik Azərbaycan-ın əməkdaşı Hövsanda olaraq, sakinlərin problemlərini dinləyib.

Hövsanda rastlaşdığımız ürəkbulandıran mənzərə oxşar hadisənin təkrar baş verməsi üçün "münbit şəraitin" mövcudluğunu göstərir. Çünki çirkab suları miqrasiya etmək qabiliyyətinə malikdir. Əgər bu sular gigiyenik normalara uyğun emal edilib müvafiq qapalı sanitar təmizləyici qurğular vasitəsilə dənizə axıdılmazsa, böyük ehtimalla ətraf ərazilərdə yaşayan insanlar və digər canlılar üçün təhlükə qaçılmazdır.

Ərazidə çirkab sularının qoxusundan yaşamaq mümkün deyil
© Sputnik / Irade JELIL
Ərazidə çirkab sularının qoxusundan yaşamaq mümkün deyil

Kənd sakini Alim Məhərrəmovun sözlərinə görə, uzun illərdir ki, çirkab suları dənizə axıdılır. Yayda qoxudan, üfunətdən ərazidə gəzmək mümkün deyil. Artıq çirkab sularının axıdılması böyük bir sahəni əhatə edib. Neft tullantıları, kanalizasiya suları insanların rahatlığını əməllicə pozub.

"Guya ki, dənizin kənarında yaşayırıq… Amma yəqin ki, havadakı qoxunu hiss edirsiniz. Buna yaşamaq demək olar? Uşaqlarımız dənizin sahilində belə, oynaya bilmirlər. Çünki ərazi zibil içindədir, su həddən artıq çirklidir" — sakin bildirib.

Həmsöhbətimiz deyir ki, hər il müxtəlif qurumların nümayəndələri gəlib əraziyə baxış keçirirlər: "Ancaq hələ ki, bir iş görən yoxdur".

Çirkab suları miqrasiya etmək qabiliyyətinə malikdir
© Sputnik / Irade JELIL
Çirkab suları miqrasiya etmək qabiliyyətinə malikdir

Orada olanda da gördük ki, ərazi zibillik və üfunət iyi versə də, uşaqlar oynamağa bura gəlirlər. Balaca Hüseyn deyir ki, oynamağa başqa yer olmadığı üçün dənizin sahilinə gəlirlər: "Məktəbdən tətilə çıxdıq. Amma bizim oynamağa parkımız yoxdur. Məhəllə uşaqları ilə burada oynayırıq".

Amma Hüseyn onu da deyir ki, dəniz çirkli olduğu üçün ona yaxın gedə bilmirlər.

Yayda qoxudan, üfunətdən ərazidə gəzmək mümkün deyil
© Sputnik / Irade JELIL
Yayda qoxudan, üfunətdən ərazidə gəzmək mümkün deyil

Sərxan Hüseynin qardaşıdır. Hüseynin mənimlə danışdığını görüb yaxın gəlir, qardaşını aparmaq istəyir. Deyir ki, anası onlara yad adamlarla danışmamağı tapşırıb. Ancaq bir qədər söhbət etdikdən sonra Sərxan da kameramızın önünə keçir.

Uşaq deyir ki, şəkil çəkdirməyi sevir, oynamağı isə daha çox sevir: "Mən dənizə baxmağı da sevirəm, amma görürsüz necə çirklidir? İyi adamın ürəyini bulandırır. Ona görə suya da girə bilmirik. Anam deyir suya girsək, çox pis xəstələnə bilərik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sözcüsü Mirsalam Qənbərovun sözlərinə görə, nazirlik istər sənaye, istər təsərrüfat mənşəli sular olsun, bütün su hövzələrinə, o cümlədən Xəzər dənizinə istiqamətlənmiş bütün axarların kəmiyyət, keyfiyyət göstəricilərini daima nəzarət altında saxlayır: "Biz 955 km əraziyə nəzarət edirik. Astaradan tutmuş Yalamaya qədər Xəzərsahili ərazilər, o cümlədən Bakı şəhərində, Hövsan istiqamətində monitorinqlər aparmışıq".

"Biz həmin mənbələrin texniki parametrlərini, çirklənmə vəziyyətini vizual görüntülərlə izləməklə yanaşı, həmin axarlardan nümunələr götürərək, bu nümunələr üzərində fiziki-kimyəvi, eko-toksikoloji, mikro-bioloji təhlillər aparırıq. Bundan sonra çirklənmə müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanlarına bülleten şəklində təqdim edirik. Bütün bu məlumatlar eyni zamanda hökumətə də təqdim edilir" — nazirlik rəsmisi deyib.

Çirkab sularının axıdılması böyük bir sahəni əhatə edib
© Sputnik / Irade JELIL
Çirkab sularının axıdılması böyük bir sahəni əhatə edib

Müsahibimiz bildirir ki, kanalizasiya sularının idarə edilməsi ilə bağlı ölkədə keçmişdən qalma problemlər çoxdur: "Konkret olaraq Hövsan ərazisində kanalizasiya sularının dənizə axıdılması ilə bağlı müəyyən cərimələr tərtib edilib. Amma bu problem cərimələrin tərtib edilməsi ilə aradan qalxa biləcək bir problem deyil. Bu problemi digər bir qurum – "Azərsu" da diqqətdə saxlamalıdır".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin ərazilər bağ massividir və həmin ərazilərdə "Azərsu" ASC-nin heç bir kanalizasiya şəbəkəsi yoxdur: "Əhali köçüb, daimi yaşayırlar. İnsanlar axar düzəldib bütün kanalizasiya sularını dənizə axıdırlar. Bizim həmin ərazidə kanalizasiya şəbəkəmiz yoxdur. Yəni o ərazidlərdə əhaliyə su verilir, camaat özü çəkib aparır həyətlərə. Amma Hövsan ərazisində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi yoxdur".

"Sulutəpə, Maştağa və s. qəsəbələrə su verilir, amma kanalizasiya sistemləri yoxdur. Bu hal Bakının bir çox yerlərində özünü göstərir. Belə ki, qurum bir çox ərazilərə su versə də, kanalizasiya sistemi olmadığı üçün vəziyyət tənzimlənmir. Bizim master planımız var. Bu planda bir çox ərazilərə, o cümlədən Hövsana yeni mərkəzləşdirilmiş su və kanalizasiya sistemlərinin çəkilişi nəzərdə tutulur. Biz də orada vəziyyətin necə olduğunu bilirik" — ASC sözçüsü vurğulayıb.

"Energetika və Ekologiya" MİB-in sədri, ekoloq Vaqif Əliyevin sözlərinə görə, Hövsandakı kanalizasiya xəttində bütün normativ göstəricilər pozulur: "Kanalizasiya xətti açıqdır və təmizləyici qurğu yoxdur. Fekal tullantılar uzun müddətdir ki, torpağa hopduğundan, ətrafı üfunət havası ilə də zəhərləyir. Müvafiq orqanlar sanki bu ərazidən xəbərsizdir. Əhalini isə ancaq öz həyət qapısı maraqlandırır. Qapıdan bir addım o tərəf onları düşündürmür".

Guya ki, dənizin kənarında yaşayırıq… Amma yəqin ki, havadakı qoxunu hiss edirsiniz.— sakin bildirib
© Sputnik / Irade JELIL
"Guya ki, dənizin kənarında yaşayırıq… Amma yəqin ki, havadakı qoxunu hiss edirsiniz."— sakin bildirib

"Əvvəla, onu qeyd etmək lazımdır ki, çirkab suları bizim həyatımızın ayrılmaz hissəsidir. Bu sular, əsasən insan fəaliyyəti və məişətimizdə istifadə olunan sulardan yaranır. Bunlardan azad olmaq üçün onları kanalizasiya qurğuları vasitəsilə dənizə, çaylara və ya digər münasib su hövzələrinə axıdırlar. Lakin burada çirkab sularının təsnifatına baxmaq və müvafiq təmizləyici sanitar tədbirlər görüldükdən sonra axıtmaq lazımdır" — ekoloq vurğulayıb.

"Çirkab suları" dedikdə — axar suyun müxtəlif sənaye və məişət tullantıları, həmçinin atmosfer yağmurları vasitəsilə çirklənməsi başa düşülür. Bəzən və ya çox vaxt bu çirklənmələr qanunla tənzimlənən gigiyena normalarından artıq olur. Buna görə də, onları ətraf mühitə atmazdan öncə müvafiq üsullarla təmizləmək tələb olunur.

Soldan sağa: Tamerlan, Hüseyn və Sərxan
© Sputnik / Irade JELIL
Soldan sağa: Tamerlan, Hüseyn və Sərxan

V. Əliyevin dediyinə əsasən, məişət və fekal tərkibli sular yaşayış binalarından axıdılan sulardır: "Onların əsas çirkləndirici amilləri fizioloji və məişət mənşəli çirkləndiricilərdən ibarətdir. Sözsüz ki, çirklənmə dərəcəsi gigiyena normalarından yüksək olduqda, su müvafiq təmizləyici qurğular və neytrallaşdırıcı vasitələrdən istifadə etməklə müəyyən olunmuş normalara uyğunlaşdırdıqdan sonra su hövzələrinə axıtmaq olar".

Mütəxəssis sənaye müəssisələri tərəfindən atılan çirkab sularının texnoloji proseslər zamanı yarandığını qeyd edir: "Bu sular ətraf mühit üçün ən təhlükəli sayılır. Tərkibi müxtəlif kimyəvi və toksiki qarışıqlardan ibarətdir. Onlar ilkin olaraq mütləq təmizlənməlidir, çünki təmizlənməmiş halda su hövzələrinə axıdılarsa mühitin ekoloji çirklənməsinə səbəb ola bilər".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə isə, dəniz mühitini çirkləndirmə Cinayət Məcəlləsinin 252-ci maddəsi ilə tənzimlənir: "Belə ki, müvafiq məcəlləyə görə, dəniz mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz mühitini çirkləndirmə 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır".

"Eyni zamanda həmin əməllər insan sağlamlığına, heyvanlar və bitki aləminə, balıq və digər su bioresurslarına, ətraf mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara əhəmiyyətli zərər vurulmasına səbəb olduqda 6 min manatdan 9 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməl ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" — hüquqşünas əlavə edib.

Əlaqədar

Hansı su daha yaxşı təmizləyir: isti, yoxsa soyuq?
"Azərsu" Sumqayıtda uşaqların kütləvi zəhərlənməsinə aydınlıq gətirdi
Səhrada susuzluqdan öldülər
Sumqayıtın kanalizasiya suları Xəzərə axıdıldı
Ekspert: Bakının kanalizasiya sistemini qısa vaxtda yenidən qurmaq mümkün deyil
Anar Cəbrayıllı: Bakıda 560 km kanalizasiya kollektorları təmizlənib
Teqlər:
Mirsalam Qənbərov, Hüseyn, Sərxan, neft tullantıları, Vaqif Əliyev, çirkab suları, Fərid Həmidli, hüquqşünas, Sputnik Azərbaycan, Hövsan, su, sakin, dəniz, Xəzər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, zəhərlənmə

Əsas mövzular