22:07 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
439 0 0

"Bəzən insanlar cinayət məsuliyyətindən qaçmaq üçün hətta saxta sənədlər düzəldirlər"

BAKI, 19 iyun — Sputnik. Bəzi insanlar mübahisə zəminində qarşı tərəfə hədə-qorxu gələndə, əllərində olan psixi xəstəlik haqqında arayışa güvənirlər. Yəni, "mən nə etsəm də, cinayət məsuliyyətinə cəlb edilməyəcəm, çünki əlimdə psixi xəstəlik haqqında arayışım var".

Bu günlərdə Azərbaycandakı məktəblərdən birində şagirdi döyən müəllimin "mənim əlimdə "dəlilik kağızı" var, mənə heç kim heç nə edə bilməz" ifadəsini işlətməsi məsələnin nə dərəcədə aktual olduğunu göstərir. Sputnik Azərbaycan psixi xəstəlik haqqında arayışı olan insanların hansı hallarda cinayət məsuliyyətinə cəlb edilmədiyini araşdırıb.

Hüquqşünas Elyar Həsənov bildirib ki, məhkəmə zamanı cinayət törədən insanın psixi pozuntusu olmasına şübhə yaransa, bu zaman hakim və ya vəkil ekspertiza tələb edir: "Psixi pozuntunun onlarla, yüzlərlə növü var. Bunun detallarını bu sahə ilə məşğul olan tibb işçiləri daha yaxşı bilirlər. Məhkəmə tibbi ekspertizanın rəyi nəticəsində qərar çıxarır. Təbii psixi pozuntusu təsdiq edilən insanlar cinayət məsuliyyətinə cəlb edilməyə bilərlər. Bunun üçün isə onun hadisə törədən zaman anlaqsız olması sübut edilməlidir".

"Bəzən insanlar cinayət məsuliyyətindən qaçmaq üçün hətta saxta sənədlər düzəldirlər. Bu da müasir dövrümüzdə qaçılmaz hadisələrdən biridir" – deyə vəkil əlavə edib.

Hüquqşünas Asif Abdullayev isə qeyd edib ki, psixi xəstəlik haqqında arayış insanlara istədikləri zaman cinayət törətməyə icazə vermir: "Amma hadisə baş verən zaman həmin insanların psixoloji pozuntularının olması sübuta yetirilərsə, onlar cinayət məsuliyyətinə yox, müalicə üçün ruhi əsəb dispanserinə göndərilirlər".

"Mən təcrübəmdə bir neçə dəfə belə cinayət işi ilə rastlaşmışam. Amma adamlar var ki, onlar psixikalarında pozuntu olduğunu iddia edərək, məsuliyyətdən yayınmaq istəyirlər. Təbii ki, bu zaman ekspertizanın rəyi mütləqdir. Ekspertiza rəy bildirdikdən sonra cinayət hadisəsinə məhkəmədə baxılır" – deyə Asif Abdullayev qeyd edib.

Məhkəmə psixiatriya ekspert komissiyasının üzvü, doktor Fuad İsmayılov deyib ki, psixi xəstəlikdən əziyyət çəkən, psixi sağlamlıqla bağlı problemi olan insanlar var: "Dəlilik kağızı" sözünü eşidən psixoloji problemli insanlar bu sözdən çəkindikləri üçün psixoloji yoxlamalardan qaçırlar. Amma bilməliyik ki, istənilən an, istənilən şəxsdə psixoloji pozuntu ola bilər. Heç kim bundan sığortalanmayıb".

Dəlilik kağızı
Karikatura
"Dəlilik kağızı"

Onun sözlərinə görə, xəstəlik olsa da, olmasa da, hər bir insan öz hərəkətlərinə cavabdeh olmalıdır və məsuliyyət daşımalıdır: "Amma belə bir anlayış var: "anlaqsızlıq". Bu vəziyyətdə insanlar öz hərəkətlərini bilmir və özlərinə cavabdeh olmurlar. Bu da çox nadir hallarda baş verir".

"Bununla bağlı məhkəmə ekspertizası təyin edilir və nəticədə insanın hadisə zamanı anlaqlı, ya anlaqsız olduğu müəyyən edilir. Anlaqsız olarsa, bu zaman həmin insan həbsə yox, məcburi müalicə üçün xəstəxanaya göndərilir" – deyə həkim əlavə edib.

Fuad İsmayılov bildirib ki, cinayət zamanı insanın psixoloji durumu 5 nəfər komissiya üzvü tərəfindən təyin edilir: "Amma belə müraciətlər çox az hallarda baş verir. Psixi pozuntulardan əziyyət çəkən insanlar çox vaxt aqressiv olmurlar. Əksinə, ən böyük təhlükəni sağlam insanlar törədirlər".

Əlaqədar

Psixoloqun intiharı cəmiyyətdə arzuolunmaz tendensiyalara yol açacaq
"Psixoloji yardım haqqında" qanun layihəsi hazırdır
Psixoloq: Yuxarı yaşlarda boşanma dəb halını alıb
Cəmiyyətdə psixoloji inamsızlıq: "Yenə pulu "yeyəcəklər""
Azərbaycanda Ailə Psixoloqu İnstitutu yaradılacaq
Sevgilisini psixotrop dərmanlara alışdırıb və...
Teqlər:
Məhkəmə psixiatriya ekspert komissiyası, anlaqsız vəziyyət, psixi pozuntu, dəlilik kağızı, psixi xəstəlik, Asif Abdullayev, hüquqşünas, Fuad İsmayılov, Elyar Həsənov, məsuliyyət, cinayət, sənəd

Əsas mövzular