15:54 15 Dekabr 2017
Canlı yayım
Antik-erkən orta əsrlər dövrünə aid nekropol

Azərbaycanda nəhəng qəbir aşkarlanıb: sinə daşını 5-6 nəfər yerindən tərpədə bilmir

© Sputnik / Ilham Ahmadov
CƏMİYYƏT
Qısa URL
372340

Qəbirdəki skeletin nüfuzlu bir hərbçiyə aid olduğu güman edilir

İlham Əhmədov, Sputnik Azərbaycan.

BAKI, 17 iyun — Sputnik. Şamaxı rayonu Dəmirçi kəndi ərazisində, rayon mərkəzindən 35 km aralıda, dəniz səviyyəsindən 1800 metr hündürlükdə, yerli əhali arasında "Gəgəli yaylağı" adı ilə tanınan ərazidə, son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. Nekropolun ərazisi, təxminən 3 hektara yaxın sahəni əhatə edir.

Həmin ərazidə ilkin arxeoloji tapıntılar hələ 2015-ci ildə yol çəkilərkən təsadüfən aşkarlanıb. Əfsuslar olsun ki, o zaman üzə çıxmış daş qutu qəbirlərin materialları əldən-ələ keçərək yoxa çıxıb.

Dəmirçi nekropolunda əsaslı tədqiqatlara bu ilin may ayının əvvəllərində başlanılıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə 7-27 may tarixlərində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası, professor Qafar Cəbiyevin rəhbərliyi altında, 600 kv.m-dən artıq sahədə qazıntı işləri aparıb.

Tədqiqat zamanı yer səthindən, təqribən 50-80 sm dərinlikdə 30-a qədər daş qutu qəbirləri qeydə alınıb. Arxeoloq Qafar Cəbiyevin Sputnik Azərbaycan-a açıqlamasına görə, kvadrat formada olan qəbirlərin hamısının divarları çay daşı və ya əhəng daşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə iri sal daşlarla qapanıb.

Qəbirlərin üst örtüyü kimi istifadə olunmuş sal daşların xeyli qisminin uzunluğu 2 metr, eni 1,5 metr, qalınlığı 10-40 sm, ağırlığı isə 150-300 kq-dan daha artıqdır. İndiki halda 6-7 nəfər insanın çətinliklə yerindən tərpətdiyi bu cür ağır və iri ölçülü daşların tədarükü və onların səliqə ilə qəbirlərin üstünə yerləşdirilməsi maraq doğurur.

  • Antik-erkən orta əsrlər dövrünə aid nekropol
    Antik-erkən orta əsrlər dövrünə aid nekropol
    © Sputnik / Ilham Ahmadov
  • Antik-erkən orta əsrlər dövrünə aid nekropol
    Antik-erkən orta əsrlər dövrünə aid nekropol
    © Sputnik / Ilham Ahmadov
  • Antik-erkən orta əsrlər dövrünə aid nekropol
    Antik-erkən orta əsrlər dövrünə aid nekropol
    © Sputnik / Ilham Ahmadov
  • Antik-erkən orta əsrlər dövrünə aid nekropol
    Antik-erkən orta əsrlər dövrünə aid nekropol
    © Sputnik / Ilham Ahmadov
1 / 4
© Sputnik / Ilham Ahmadov
Antik-erkən orta əsrlər dövrünə aid nekropol

Qəbirlərdə skeletlər sıx və ya zəif bükülü vəziyyətdə olmaqla, sol böyrü üstə, baş tərəfi şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar içərisində keramika məmulatı sayca üstünlük təşkil edir.

Bu tapıntılar, əsasən təkqulplu, ağzı büzməli formada olan su qablarından ibarətdir. Zoomorf lüləkli, bir neçə qulpu olan müxtəlif ölçülü və formalı məişət qabları da çoxluq təşkil edir. Daş qutu qəbirlərdə şüşə və metal nümunələr də qeydə alınıb. Metal əşyalar içərisində dəmir silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir.

Tədqiq olunmuş 10 və 11 saylı qəbirlərdə skeletin başının altından gümüş cam üzə çıxıb. Çox mühüm tapıntılardan birisi isə həmin camların içərisində skeletin başı altında parça qalıqlarının aşkar olunmasıdır. Bu, hələlik Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılmış ən qədim parça nümunəsidir.

10 saylı qəbirdəki skeletin yanına iri dəmir qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin, ən azı sərkərdə və ya toplum içərisində xüsusi nüfuz sahibi olan bir hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir. Bir sıra əlamətlərinə görə, abidənin eramızın III-IV əsrlərinə aid olduğu güman edilir.

Xatırladaq ki, analoji abidələr, Xalqların Böyük Köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türk xalqlarının yaşadığı ərazilərdə geniş yayılıb. Heç şübhəsiz, Dəmirçi nekropolunda aşkar edilmiş tapıntılar qədim Azərbaycan dövləti olan Albaniyanın tarixini, xüsusilə də dəfn adətlərini, ənənəvi məişət və mədəniyyətinin ayrı-ayrı aspektlərini dərindən öyrənmək baxımından olduqca mühüm elmi əhəmiyyət kəsb edir.

Məlumat üçün onu da bildirək ki, Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatlar nəticəsində müxtəlif növ qəbir tipləri aşkar olunub. Məsələn, alban dövrünə aid abidələrdə ölülərin küp, təknə, sadə torpaq, katakomba və daş qutu qəbirlərdə dəfn olunduğu müəyyən edilib. Diqqəti cəlb edən məqamlardan birisi də budur ki, daş qutu qəbirlər hələlik əsasən dağlıq, dağətəyi və yamac yerlərdə qeydə alınıb.

Əlaqədar

Arxeoloqların Qobustanda sensasiyalı tapıntısı
Bu arxeoloji tapıntı alimləri qorxuya saldı
Azərbaycanda arxeoloqları heyrətləndirən qəbir aşkarlanıb
Qəbirdən tapılan skelet arxeoloqları şoka salıb
Teqlər:
Qafar Cəbiyev, nekropol, "Gəgəli yaylağı", Dəmirçi kəndi, Şamaxı rayonu, qutu, arxeoloji tapıntı, qəbir, Albaniya, skelet, tarix, Azərbaycan

Əsas mövzular