CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda mənzillərə təhdid bildirişləri paylanır

© apa.azBina
Bina - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşa qarşı böyük qanunsuzluq: onlar su, qaz, işıq verilməsini dayandıra bilərlərmi?

BAKI, 16 iyun — Sputnik. Yeni tikilən binalarda və yaşayış komplekslərində fiziki şəxslərdən bəzi kommunal xərclər (lift, zibil pulu və s.) mənzil istismar sahələri (MİS) tərəfindən yığılır. MİS-lər mənzil sahiblərinə müraciət edərək onlardan kommunal xərcləri tələb edir, bu haqlar ödənilmədiyi halda isə digər xidmətlərin (su, qaz, işıq) dayandırılacağı haqda qapılara bildirişlər qoyurlar.

Жилой дом в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çoxmənzilli binalar vahid qaydada idarə olunacaq

Bu barədə Sputnik Azərbaycan-ın redaksiyasına Bakıdakı yeni yaşayış binalarının bir qrup sakini məlumat verib. Şikayətçilərin qeyd etdiklərinə görə, MİS-lər sakinləri təhdid edir ki, əgər mənzillərin kvadrat metrinə görə nəzərdə tutulan ödənişi etməsələr, bunun qarşılığında mənzillərin elektrik enerjisi, təbii qaz və içməli su təminatı dayandırılacaq.

Halbuki, mənzillərin işıq, qaz, su ödənişləri, müvafiq qaydada "Azərişıq", "Azəriqaz" və "Azərsu"ya ödənilir. Belə olan halda, sakinlərdə haqlı sual yaranır ki, mən həmin bu 3 kommunal ödənişimi müvafiq quruma vaxtı-vaxtında ödəyirəmsə, MİS hansı haqla məni o xidmətlərdən məhrum edə bilər?

MİS-lər (JEK) sovet dövründə yaradılıb və SSRİ-də mənzil təsərrüfatının ilkin həlqəsi hesab olunub. Həmin dövrlərdə bu qurumlar müəyyən ərazilərdə yaşayış evlərinin və xidməti binaların saxlanması üçün zəruri işləri yerinə yetirib, zibil yığımı, yaşıllaşdırma, ərazinin təmizliyi və s. kimi xidmətlərə məsul olublar.

İndi isə bu qurumlar liftlərə qulluq, həyətlərin işıqlandırılması və zibillərin atılması ilə məşğul olmalı olsalar da, əsas işləri, normal xidmət göstərmədikləri halda, mənzillərdən kommunal haqların yığılmasıdır. Kommunal haqları isə özləri istədikləri şəkildə formalaşdırırlar.

Yaşayış binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ucuz mənzillər üçün qeydiyyat başladı

2009-cu ildə qüvvəyə minən yeni Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur. Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın sakinləri binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi və ya idarəedici təşkilat tərəfindən idarə edilməsi üsullarından birini seçməlidir. Yəni, mənzillər mülkiyyətçilər tərəfindən idarə edilməlidir. Kommunal haqlar ödənilmədiyi təqdirdə mənzillərə verilən digər kommunal xidmətlərin dayandırılması isə qanunsuzdur.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Sputnik Azərbaycan-a açıqlamasına görə, MİS-lərin hər hansı borca görə mənzillərin işığını kəsməyə ixtiyarları yoxdur: "Blokun işığı belə, vətəndaşların sayğacı üzərindən hesablanırsa, MİS-lərin blokun işığını kəsməyə haqqı yoxdur. MİS-lər, əgər həyətin, blokun işıqlandırılmasına ayrı olaraq nəzarət edirsə və bu, vətəndaşın sayğacına bağlı deyilsə, MİS həyətin və ya blokun işığını dayandıra bilər. Birbaşa mənzillərə işığın verilməsi vətəndaşın borcu olduğu təqdirdə belə, MİS tərəfindən dayandırıla bilməz".

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevin sözlərinə görə də, vətəndaşın "Azəriqaz"-la birbaşa müqaviləsi varsa, borcu və yaxud hər hansı bir problemlə əlaqəli "Azəriqaz"-ın özü tərəfindən abonentə bildiriş verilir: "Vətəndaş "Azəriqaz"-ın abonentidirsə, smart sayğac, mexaniki sayğac və kartdan istifadə edirsə, hər hansı məsələ ilə bağlı bildiriş "Azəriqaz" tərəfindən verilə bilər. Vətəndaşa bildiriş göndərilir, bildirişdə vətəndaş üçün müəyyən vaxt qoyulur. Həmin vaxt ərzində müvafiq tədbir görülmürsə, o zaman mənzilə qaz verilməsi dayandırıla bilər. Amma vətəndaşlarımızın çoxu smart tipli qaz sayğaclarından istifadə edir və heç bir problem yaranmır".

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı da Sputnik Azərbaycan-a deyib ki, MİS-lərin hər hansı bir kommunal xidməti dayandırmağa hüququ yoxdur: "MİS-lər işığı, qazı dayandıra bilməz. Amma suyu dayandıra bilirlər. Çünki "Azərsu" suyu MTK-ların anbarına qədər vurur. Suyun mənzillərə paylanması isə MTK-ların xüsusi avadanlığı ilə həyata keçirilir. Həmin avadanlığın işıq pulunu kooperativ özü ödəyir. Buna görə də kooperativin müəyyən qədər haqqı var".

"MTK deyə bilər ki, "sən pulu ödəmədiyin üçün mən də işığın pulunu ödəyə bilmirəm və su paylanmır". Suyu biz verir və pulunu da biz yığırıq. Amma suyun paylanması üçün hidronasos MTK-lara məxsus olduğu üçün suyu kəsə bilərlər. Yəni vətəndaş pulu ödəməsə, suyu kəsilə bilər. Həmin hidronasosların enerji pulunu MTK verir, lazım olduqda onlar təmir edirlər. Yəni vətəndaş MİS-ə olan borcunu ödəmədiyi təqdirdə susuz qala bilər" — Cəbrayıllı vurğulayıb.

Hüquqşünas Elnur Aslanov Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində bildirib ki, MİS-lərin hər hansı kommunal xidməti dayandırmaq hüququ yoxdur: "Yəni, MİS vətəndaşın hər hansı bir kommunal xidmətini dayandırarsa, vətəndaşın şikayət etmək hüququ var. Nazirlər Kabinetinin təsdiq etdiyi "Qazdan istifadə Qaydaları"-nın 6.2-ci bəndinə əsasən, istehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir".

"Eyni zamanda, Qaydaların 6.1-ci bəndinə, habelə "Qaz təchizatı haqqında" 30 iyun 1998-ci il tarixli Qanuna uyğun olaraq, qazın verilməsinin dayandırılması hüququ qaz paylayıcısına məxsusdur. Qanunvericiliklə qaz paylayıcısı dedikdə, alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs başa düşülür" — Aslanov qeyd edib.

Hüquqşünasın sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13-cü bəndinə uyğun olaraq, istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması da yalnız fərdi qaydada həyata keçirilə bilər: "Eyni zamanda, Qaydaların 9.12-ci bəndinə əsasən, yalnız Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerjinəzarət İdarəsi üç gün əvvəl rəsmi xəbərdarlıq etməklə, nəzərdə tutulmuş hallarda istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılmasını enerjitəchizatı müəssisəsindən və (və ya) əsas istehlakçıdan tələb etmək hüququna malikdir".

Yeni Bakı yaşayış kompleksində evlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sakinlərə xəbərdarlıq: böyük fırıldaqla üzləşəcəksiniz

Eləcə də su ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Sudan istifadə Qaydaları"nın 8.2-ci bəndinə uyğun olaraq, istehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Həmçinin, Qaydaların 8.1-ci bəndinə və "Su təchizatı və tullantı suları haqqında" 28 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 26-29-cu maddələrinə əsasən, istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə, istehlakçıların su təchizatını dayandırılması hüququ su təchizatı və kanalizasiya müəssisəsinə məxsusdur.

"Qeyd olunan xətlərin qanunsuz olaraq dayandırılması eyni zamanda, inzibati hüquqpozma hesab olunur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 279.0.7-cu maddəsinə uyğun olaraq, qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə, fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir" — E. Aslanov vurğulayıb.

Xəbər lenti
0