02:40 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4354 0 0

Ekspert: "Pensiyaçılara və əmək haqqı alanlara məcburi şəkildə əmək haqqının müəyyən faizi qədər nağdsız xərcləmə məcburiyyəti qoyulub"

BAKI, 8 iyun — Sputnik. İyunun 5-də Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə edilib. "Əmək pensiyaları haqqında" qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddəsinə yeni məzmun əlavə edilib.

Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, bu istiqamətdə uzun müddətdir iş aparıldığını deyib: "Əhalinin böyük bir qismi əmək pensiyalarını nağdsız formada əldə edir, amma regionlar, müəyyən ucqar kəndlər qalmışdı. Dəyişiklik belə olub ki, bundan sonra bütövlükdə əmək pensiyaları nağdsız formada verilsin".

Ekspertin fikrincə, nağdsız formada əmək pensiyalarının verilməsinin müəyyən üstünlükləri var: "İlk növbədə burada illeqal ödəniş tələbləri mümkünsüz olur. Çünki, faktiki olaraq vətəndaşlarla pensiya ödənişini həyata keçirən qurumlar arasında birbaşa ünsiyyət aradan qalxır. Belə olduğu təqdirdə də müəyyən qədər mənfi halların qarşısı alınır".

"Əvvəlki dövrlərdə Azərbaycanda xüsusi ənənə idi ki, pensiya alan şəxslər pensiyalarının müəyyən qismini – 1-2 faizini, bəzi hallarda 5 faizə qədərini pensiya verən orqanlara hörmət etməli idilər. Yəni, bu, cəmiyyətdə hörmət, şirinlik kimi qəbul olunurdu. Amma sonradan bu kimi hallar artıq azalıb, yığışdırılıb" — Həsənov bildirib.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

İqtisadçının sözlərinə görə, hazırda Mərkəzi Bankın 2014-2019-cu illər nağdsız ödəniş sisteminin inkişaf etdirilməsi ilə bağlı 5 illik strategiyası var: "Bu strategiyada 5 il müddətində Azərbaycanda nağdsız ödəniş sisteminin 90 faizədək artırılması nəzərdə tutulub. Hazırki vəziyyətə baxsaq, bu nəticənin əldə olunması qeyri-mümkündür. O baxımdan böyük ehtimalla, atılan addım, həmçinin də nəzərdə tutulmuş istiqamətdə hədəfə nail olmağa dəstək kimi qiymətləndirilməlidir. Çünki nağdsız ödəniş sistemi illeqal iqtisadiyyatın müəyyən qədər leqallaşdırılmasına, gizli iqtisadiyyatın dövriyyəyə cəlb edilməsinə və eyni zamanda, vergi predmeti olmasına gətirib çıxardan addımlardan hesab olunur".

Ekspertin fikrincə, digər tərəfdən, bundan sonrakı dövrdə ödənişlərin böyük bir qisminin nağdsız formada həyata keçirilməsi mümkündür: "Və vətəndaşlar öz evində oturaraq kommunal xidmətlərin və digərlərinin ödənişini həyata keçirə bilirlər. Bu, onların əlavə vaxt itkisinin, xərclərinin qarşısını alır".

"Nağdsız formada pensiyanın ödənilməsi vətəndaşların bu imkanlardan istifadəsinə də şərait yaradacaq. Böyük ehtimalla, növbəti addım ödənilən vəsaitlərin, yəni, əmək pensiyaları daxil olmaqla digər bütün istiqamətlərdə əmək haqları və s. müəyyən həddi qədər xərclənmə tələbi ortaya qoyulacaq. Hazırda baş verən proseslər ona doğru aparır" — R. Həsənov vurğulayıb.

O bildirib ki, bir sıra hallarda ucqar kənddə yaşayan bir vətəndaş hər hansı bir formada bu vəsaiti nağdlaşdıran zaman çətinliklə üzləşir: "Rayon mərkəzlərinə getməlidir, bank filialları tapmalıdır. Ucqar kənddə yaşayan vətəndaş, təxminən pensiyasının 10 faizini xərcləməlidir ki, bunu nağdlaşdırsın. Böyük ehtimalla, hazırda infrastruktur ilə bağlı müəyyən işlər görülüb ki, belə bir dəyişiklik qəbul edilib".

Ekspertin sözlərinə görə, hazırki şərtlər daxilində vətəndaşın hesabına köçürülmüş pul istənilən formada həm nağdlaşdırıla, həm də nağdsız formada xərclənə bilər: "Gələcəkdə isə böyük ehtimal ilə müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Bir praktika söyləyim. Artıq Naxçıvanda bununla bağlı işlər başlayıb. Belə ki, pensiyaçılara və əmək haqqı alanlara məcburi şəkildə əmək haqqının müəyyən faizi qədər – 50 faizi qədər nağdsız xərcləmə məcburiyyəti qoyulub. Bu, indiki halda doğru deyil. Amma böyük ehtimal ilə bu təcrübə gələcəkdə bütöv Azərbaycanı əhatə edəcək".

"Ümumiyyətlə götürəndə, bu proses nağdsız ödəniş sisteminin inkişaf etməsinə, eyni zamanda, korrupsiya hallarının aradan qaldırılmasına müəyyən qədər dəstək məqsədilə həyata keçirilir. Son dövrlərdə məsələn, dövlət büdcəsi vəsaitlərinin hesaba köçürülməsi və hesabdan çıxarılması məsələlərinə düzəlişlər edilib. Dövlət büdcəsi vəsaitlərinin hesabdan çıxarılması, yalnız müəyyən məbləğ həcmində nağd şəkildə həyata keçirilə bilər" — həmsöhbətimiz qeyd edib.

O, digər xərcləmələrin bütövlükdə nağdsız formada həyata keçirilməli olduğunu bildirib: "Bu isə uzun müddət Azərbaycanda ənənə halını almış dövlət büdcəsi vəsaitlərinin yağmalanması, yəni, korrupsiya predmetinə çevrilməsi amilinin müəyyən qədər qarşısını almaq məqsədilə həyata keçirilir. Bu, dövlət büdcəsinin gəlirlərinin azaldığı bir dövrdə müəyyən qədər yeyintilərin, vəsait itkisinin qarşısını almaqdır".

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında, burada ciddi bir dəyişikliyin olmadığını deyib: "Onsuz da pensiyalar nağdsız ödənilir. Yəni, karta köçürülür, təqaüdçülərin əksəriyyəti bunu nağdlaşdırır. Halbuki həmin kartlar ilə alış-veriş də etmək mümkündür".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

"Ancaq əhalidə bu alışqanlıq yoxdur deyə vəsaiti nağdlaşdırırdı. İndi də aşağı-yuxarı belə olacaq. Ancaq bəzi rayon mərkəzlərində, uzaq kəndlərdə hələ az da olsa, təqaüdlərin poçt vasitəsilə nağd şəkildə çatdırılması mümkün idi, belə bir imkan var idi. Ən azından buna qadağa yox idi. İndi bu da aradan qaldırılır. Yəni, bütün təqaüdçülərə təqaüdlər ancaq kartlara, nağdsız şəkildə ödəniş vasitəsilə həyata keçiriləcək" — Cəfərli söyləyib.

Onun sözlərinə görə, hökumət nağdsız ödənişləri təşviq etmək istəyirsə, əhalidə alışqanlıq yaratmalıdır: "Yəni, əhalinin nağdsız alış-verişə marağı artmalıdır. Təəssüf ki, bu, baş vermir. Bu sahədə ancaq qadağalar yolu ilə irəliləyiş əldə etmək mümkün olmayacaq".

Ekspertin fikrincə, ən azından əhaliyə sosial çarxlar vasitəsilə nağdsız ödənişlərin üstünlükləri göstərilməlidir: "Və yaxud da nağdsız ödəniş edilərkən, dükanlarda verilən kassa çeki avtomatik lotereya biletinə çevrilə bilər. Bir çox belə təşviq üsulları var. Amma hələ ki bundan istifadə olunmur".

Əlaqədar

Nağdsız hesablaşma ölkə iqtisadiyyatına nə qazandırır?
Diqqət: Nağd ödəmə dövrü bitdi - cərimələnə bilərsiniz
Bank hesabından nağd pulun götürülməsində məhdudiyyət var?
Siqaretin nağdsız satışına icazə verilib?
Mərkəzi Bankdan radikal addım: nağd pul kütləsi nəzarətə götürüldü
Banklar plastik kartlardan nağd pul çıxarılmasında komissiyanı artırır
Teqlər:
nağdsız ödəniş, Rəşad Həsənov, Sputnik Azərbaycan, kənd, Natiq Cəfərli, vətəndaş, iqtisadçı-ekspert, Milli Məclis, pensiya, qanun

Əsas mövzular