06:33 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Tənha qadın, arxiv şəkli

Ruhi xəstə ilə evləndirilən qadın yaşadığı müsibətləri anladır

CC0 / Pexels / Lonely Woman
CƏMİYYƏT
Qısa URL
154410

"Düşünürdüm ki, ailə həyatı quraram, öz ev-eşiyim, xoşbəxt ailəm olar. Amma sən demə həyat yoldaşım 1 saylı Maştağa psixiatriya xəstəxanasında müalicə alıb".

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 may — Sputnik. Deyirlər ki, insanları seçimləri yönləndirir. Yəni, nəyi seçirsənsə, onu da yaşamağa məcbursan. Amma bəzən hər şey tərsinə ola bilir. Seçimlərin də, yaşadığın həyat da səndən asılı olmur. Taleyinə yazılanı yaşayırsan. Gülnar kimi…

Kəmalə Həsənova
© Sputnik / Irade JELIL

Gülnarın öz həyatını seçimləri üzərində qurmaq imkanları olmayıb. Kiçik yaşlarında valideynləri ayrılıb, nənəsinin himayəsində böyüyüb, ruhi xəstə ilə ailə qurub və bu gün azyaşlı körpəsinə təkbaşına baxmaq məcburiyyətindədir. Sabirabadda yaşayan Gülnar Səfərliyeva Sputnik Azərbaycan-a öz həyat hekayəsini danışıb.

1995-ci ildə qaçqın ailəsində dünyaya gələn Gülnarənin valideynləri, o, uşaq olarkən ayrılıblar. Gülnarın nənəsi himayəsinə götürərək böyüdüb. Gənc qız hazırda da nənəsi ilə birlikdə yaşayır.

"Nənəm dünyasını dəyişsə, məni bu evdən çıxaracaqlar. Çünki xalalarım da bu evə qeydiyyatdadırlar. Bir anam var, ağır əsəb xəstəsidir. Amma buna baxmayaraq çalışır, pambıqçılqıla məşğul olur" — müsahibimiz deyir.

Çətinliklə böyüyən Gülnar, 2014-cü ildə ailə həyatı qurur və bir övladı dünyaya gəlir. Amma onun bəxti bu dəfə də gətirmir. Həyat yoldaşı nevroasteniya xəstəsi olur.

"Heç kim oğlunu evləndirmək üçün hansısa qapıya gedəndə övladının xəstə olduğunu demir. Qayınanamgil də elçi gələndə demişdilər ki, uşaqlıqda yıxılıb, bir az əsəbidir. Bizdə də belə şey problem hesab edilmir. Anam da razılaşıb, vermişdi məni" — Gülnar danışır.

Dediyinə görə, düşünürmüş ki, ailə həyatı qurar, öz ev-eşiyi, xoşbəxt ailəsi olar: "Amma sən demə, həyat yoldaşım 1 saylı Maştağa Psixiatriya Xəstəxanasında müalicə alıb. Onun beynində sağalmaz qıcolma xəstəliyi də var. Hazırda epilepsiyadan əziyyət çəkir. İşləmək qabiliyyətini itirib. Valideynləri də övladlarına sahib çıxa bilmədi. Dərmanlarını mütəmadi ala bilmədiyimiz üçün, o, özünü gündən-günə daha da çox pis hiss edirdi. Məni vurur, boğurdu, əlindən güclə alırdılar. Məcbur olub, ayrılmaq qərarı verdim".

Gülnar Səfərliyevanın oğlu
© Photo : Səfərliyevlər ailəsinin arxivi
Gülnar Səfərliyevanın oğlu

Gülnarın bir övladı olsa da, həyat yoldaşı xəstə olduğu üçün, ona aliment kəsilmir. Uşaq 2 yaşında olduğu üçün qadın övladını qoyub işləyə də bilmir: "Qaldığımız yer mərkəzdən çox uzaqdır. Yaxınlığımızda nə aptek var, nə mağaza. Heç pulum da yoxdur ki, uşağıma baxa bilim. Çox çarəsiz vəziyyətdəyəm. Qayınanamgilin maddi vəziyyətləri yaxşıdır. Qayınatam xəstəxana işçisidir. 90 manat aliment kəsiblər, amma onu da vermirlər ki, övladımı saxlaya bilim".

Həmsöhbətimiz övladını 2014-cü ildən bu yana tək saxladığını bildirir: "Amma keçmiş həyat yoldaşım tərəfdən bir nəfər də olsun qapını açıb maraqlanmayıb ki, bu uşağı necə saxlayırsan. Vallah aciz deyiləm, çarəsizəm".

Gülnar Səfərəliyeva 2014-cü ildə pedaqoji kolleci bitirib. İncəsənət müəlliməsidir. Amma iş tapa bilmir: "Mənə məktəbdə 3-4 saat iş versələr, övladımı saxlaya bilərəm. Amma deyirlər ki, məktəbdə müəllimə var, sənə ehtiyac yoxdur".

Özünün də dediyi kimi, Gülnar çarəsiz vəziyyətdədir. Uşağına baxan olmadığı üçün işləyə də bilmir. Hazırda anasının təqaüdü ilə dolanırlar. Sosial müavinət almaq üçün bir neçə dəfə müraciət etsə də, Sabirabad sosial müdafiə şöbəsindən müxtəlif bəhanələrlə süründürməçiliyə salıblar.

Hazırda gənc qadın azyaşlı körpəsi ilə nənəsinin verdiyi bir otaqlı evə sığınıb. Evin şəraiti də körpənin yaşaması üçün uyğun deyil. Gülnarə müvafiq qurumlardan ona yardım etməyi xahiş edir: "Heç olmasa rəsm müəllimi kimi çalışmağıma və ya sosial yardım almağa kömək etsinlər. Çox çarəsiz vəziyyətdəyəm".

Bu da bir insan taleyidir. Özü də dediyi kimi, aciz deyil, çarəsiz bir insanın həyatı… Gülnara kömək etmək istəyən hər kəs redaksiyamızla əlaqə saxlaya bilər.

Əlaqədar

Məşum qəzanın qurbanı: "Dedilər, get, nə bilirsənsə, elə"
Odla su arasında: o məşum gecədən bir xatirə
Üç oğul itirən ana: "Qorxuram ki, ölərəm..."
"Kaş gözlərim açılaydı, anamın üzünü bircə dəfə görəydim..."
"Gecəni birgə keçirdiyim yaşlı kişini səhər televizorda görəndə şoka düşdüm"
Teqlər:
Gülnar Səfərliyeva, tale, ər, valideyn, ailə, həyat, insan

Əsas mövzular