CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşı bir əsri keçmiş azərbaycanlı: "Bir başıpapaqlı qalmamışdı..."

© Sputnik / Shahperi AbbasovaRəziyyə Nəbiyeva
Rəziyyə Nəbiyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda onun 5 oğlu, 1 qızı, 15 nəvəsi, 10 nəticəsi və 2 kötükcəsi var

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Uzunömürlülüyün fizioloji əsaslarının öyrənilməsi 3 model üzrə — eyni zonanın dağlıq, dağətəyi və aran əraziləri üzrə aparılır. Azərbaycanın şimal-qərb bölgəsi ecazkar təbiəti ilə bərabər, həm də uzunömürlülər diyarıdır.

Müsahibimiz Rəziyyə Nəbiyevanın 102 yaşı var. Ondan doğum gününü soruşduqda deyir: "1915-ci ildə, qış aylarında anadan olmuşam. O dövrdə heç kim ad gününü bilmirdi. Təxmini deyirdilər ki, hansı fəsildə anadan olmusan. İndi insanlar hər il ad günü qeyd edirlər. O dövrdə heç kimin yadına düşmürdü ad günü".

© Sputnik / Shahperi Abbasova102 yaşlı Rəziyyə Nəbiyeva: Uzunömürlülüyümün sirri sağlam qidalanmağımdır
102 yaşlı Rəziyyə Nəbiyeva: Uzunömürlülüyümün sirri sağlam qidalanmağımdır - Sputnik Azərbaycan
102 yaşlı Rəziyyə Nəbiyeva: Uzunömürlülüyümün sirri sağlam qidalanmağımdır

R. Nəbiyeva Şəkinin Göynük kəndində dünyaya gəlib. Hazırda Qax rayonunun Tanqıt kəndində yaşayır. Deyir ki, yaşı yüzü keçsə də, özünü 100 yaşındakı kimi hiss etmir: "Bu yaxınlarda Bakıya getdim, həkim məni yoxladı. Həkim deyir, "ciyərlərin, ürəyin çox sağlamdır". Səbəb bilirsən, nədir? Mən sağlam qidalanmışam. Ac qalaram, indiki yeməklərdən yemərəm. Kolbasa, sosiska, dükan toyuqları mənlik deyil. Həmişə kəpəkli undan bişən çörək yemişəm. İndi də dükanda satılan undan bişirilən çörəyi yemirəm. Həmişə möhkəm yeyib, möhkəm də işləmişəm".

Rəziyyə nənənin ailə qurma tarixçəsi də maraqlı olub: "On dörd yaşımda ərə getdim. Heç ərimi tanımırdım. Dedilər, "bu adama ərə gedəcəksən", mən də getdim. Bizim dövrümüzdə bizdən soruşmurdular, "sən ərə getmək istəyirsən, ya yox". Sonra müharibə başladı, qayınlarım, qardaşlarım, yoldaşım, bir sözlə, nəsildə bir nəfər də olsun, başıpapaqlı qalmadı, hamısı müharibəyə getdi. Yoldaşım müharibədən qayıtmadı. Bilmədim, itkin düşüb, ya ölüb, xəbərim olmadı".

İkinci Dünya Müharibəsi dünyadakı milyonlarla insan kimi Raziyə nənənin də taleyini dəyişib: "Allah bizə bir də müharibə göstərməsin. Müharibə vaxtı sırğalarımı satıb bir kilo un almışdım. Unun da içinə gicitkən töküb çörək bişirirdim".

"İkinci dəfə ailə qurdum. İkinci ərim də tez rəhmətə getdi. Ona ərə gedəndə 2 yetimi var idi. Onları da böyütdüm. 5 oğlum, 1 qızım, 15 nəvəm, 10 nəticəm və 2 kötükcəm var. Öz uşaqlarımdan başqa kiçik qardaşlarım da var idi, onları da mən böyütmüşəm" – Rəziyyə nənə anladır.

© Sputnik / Shahperi AbbasovaRəziyyə Nəbiyeva
Rəziyyə Nəbiyeva - Sputnik Azərbaycan
Rəziyyə Nəbiyeva

Dediyinə görə, nənəsi də uzunömürlü olub, 120 yaşında rəhmətə gedib. 102 yaşlı nənə hazırkı müğənniləri bəyənmir, onun öz favoritləri var.

"Cavanlığımda ən çox Zeynəbə (xalq artisti Zeynəb Xanlarovanı nəzərdə tutur – Ş. A.), Qulu Əsgərova qulaq asırdım. O vaxtın sənətkarları ayrı cür idi. İndikilərin nə oxuduğunu bilmək olmur. Sovet dövründə hər adam əlinə mikrofon götürüb səhnəyə çıxa bilməzdi. Səsi, sənəti olanlar üzə çıxırdılar. Amma deyim ki, Sovet dövrünün pis tərəfləri də var idi. O vaxt bizə namaz qılmağa, oruc tutmağa, "Quran" oxumağa icazə verilmirdi. Amma mən həmişə xəlvətcə öz ibadətimi eləmişəm" – 102 yaşlı həmsöhbətimiz danışır.

© Sputnik / Shahperi AbbasovaRəziyyə Nəbiyeva 1915-ci ildə Şəkinin Baş Göynük kəndində anadan olub
Rəziyyə Nəbiyeva 1915-ci ildə Şəkinin Baş Göynük kəndində anadan olub - Sputnik Azərbaycan
Rəziyyə Nəbiyeva 1915-ci ildə Şəkinin Baş Göynük kəndində anadan olub

Rəziyyə nənə müasir gənclərdən də xeyli gileyləndi: "Mənim dövrümün adamları çox işgüzar olublar. Ona görə də sağlam və gümrah idilər. İndiki cavanlar hər işlərini texnika ilə edirlər. Mən qoca arvadam, öz paltarlarımı əlimlə yuyuram. İndikilər deyirlər, mütləq maşın olsun. O vaxt tütün sahəsinə getmək üçün neçə kilometr piyada yol gedirdim. İndiki cavanlar rahatlığa qaçırlar, 5 metr yolu piyada getmək istəmirlər. Ona görə də canları zəifdir".

Ömrünün çox hissəsini sovet dövründə yaşasa da, Rəziyyə nənə o dövrün təəssübünü çəkmir. Deyir ki, indiki dövr hamısından yaxşıdır: "Kim deyirsə ki, heyf Sovet dövründən, yalan deyir. İndi hər şey daha yaxşıdır. Mən o dövrü də görmüşəm, bu dövrü də".

"Sovet hökuməti qurulanda mən özümü qanan uşaq idim. Kolxoz quruculuğunu da yaşamışam, repressiyaları da, müharibəni də, sovetin dağılmasını da, müstəqillik dövrünü də. Demə ki, nənə qocalıb, ağlı qaçıb. Amma mənim ağlım üstümdədir. Bu dövrün qədrini bilin. Keçmişə baxıb köks ötürmək lazım deyil. Keçmişdə yaxşı heç nə yoxdur. Elə bu dövr yaxşıdır. Çalışın, bu dövrün dadını çıxarın!" – deyə həmsöhbətimiz fikrini yekunlaşdırır.

Xəbər lenti
0