22:27 26 İyul 2017
Canlı yayım
Baku 2017 yarışları üçün ayrılmış xətt

İslamiada ilə bağlı ağır ittiham təsdiqini tapmadı

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
1221440

Hər iki strukturun nümayəndələri əmindirlər ki, İslamiada üçün nəzərdə tutulmuş zolaqlarda hərəkətə icazə verən yapışqanlı etiketin satışı mümkün deyil

BAKI, 19 may — Sputnik. İslamiadaya aid nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlara giriş üçün xüsusi icazənin əldə edilməsi ilə bağlı proses çox ciddi xarakter daşıyır. Bunu Sputnik Azərbaycan-a IV İslam Həmrəyliyi Oyunlarının (İslamiada) Təşkilat Komitəsinin ictimaiyyətlə əlaqələrə məsul olan nümayəndəsi Səmayə Cəfərova bildirib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə IV İslam Həmrəyliyi Oyunlarının avtomobillərinin hərəkəti üçün nəzərdə tutulan yol zolaqlarında hərəkətə icazə verən xüsusi avtomobil etiketlərini 500 manata almağın mümkün olduğu barədə kəskin müzakirələr gedir.

Təşkilat Komitəsinin xüsusi ayrılmış zolaqlarda hərəkət üçün verdiyi icazə kağızı olmadan orada hərəkət edən sürücülər inzibati qaydada 40 manat cərimə ilə cəzalandırılır. Cəfərova sözügedən etiketlərin satılması ilə bağlı şayiələri təkzib edib və bildirib ki, bu etiketlər yalnız beynəlxalq tədbirin təşkilatçıları və iştirakçılarına verilir.

Eyni zamanda, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da 500 manat söhbətinin sadəcə şayiə olduğunu deyib. O, bəyan edib ki, bu əks-təbliğat ölkənin imicini korlamaq üçün aparılır: "Mən IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin tədbirlərində iştirak etmişəm və şəxsən şahid olmuşam ki, fərqləndirici nişanlar yalnız onlar üçün ayrılmış maşınlara verilib".

Əsədov hesab edir ki, heç kəs İslam Oyunlarının axırına kimi "sarı zolaq"la hərəkət etmək üçün pul verməyə və fərqləndirici nişanı almağa razı olmaz. O, həmçinin qeyd edib ki, fərqləndirici nişanları saxtalaşdırmaq da mümkün deyil, çünki onda müşahidə kameralarının qeydə ala biləcəyi xüsusi holoqram var.

Sarı zolaqdan qanunsuz istifadəyə gəlincə, Əsədov bildirib ki, mayın 5-dən indiyə kimi yol polisi bu qanun pozuntusuna görə 900-dən artıq inzibati protokol yazıb. O, ictimaiyyətin diqqətinə onu da çatdırıb ki, yol polisi paytaxt yollarında tıxaclar müşahidə olunan zaman sürücülərə sarı zolaqdan istifadə etməyə icazə verir və bu zaman kameralar bunu qanun pozuntusu kimi qeydə almır.

"Pik saatlarda yollarda yüksək sıxlığın yaranmasının qarşısını almaq məqsədilə biz özümüz hərəkəti tənzimləyirik və bir sıra sürücülərə sarı zolaqla hərəkət etməyi məsləhət görürük. Belə hallarda kamera onları çəkmir" – deyə yol polisinin nümayəndəsi bildirib.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarına mayın 12-də start verilib və ayın 22-də başa çatacaq. İslamiadada 20 idman növü üzrə yarışlar keçirilir: yüngül atletika, suya tullanma, üzgüçülük, su polosu, 3х3 basketbol, futbol, bədii və idman gimnastikası, uşu, stolüstü tennis, həndbol, cüdo, yunan-roma və sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo və ağır atletika. Oyunlarda 54 ölkədən 3 mindən artıq idmançı iştirak edir.

Əlaqədar

İslam Oyunları: Komanda hesabında lider dəyişmir
Yığmamız İslamiadanın bu gününü 13 medalla başa vurub
İslamiadanın azərbaycanlı medalçıları: əsas azarkeşlərdir
IV İslam Həmrəyliyi Oyunlarının açılışından möhtəşəm şounun görüntüləri
Mehriban Əliyeva: "Biz İslam aləmini bir araya gətiririk"
İslam Həmrəyliyi Oyunları açıq elan edilib
Teqlər:
icazə kağızı, 500 manat, Təşkilat Komitəsi, Səmayə Cəfərova, İslamiada, IV İslam Həmrəyliyi Oyunları, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi, Vaqif Əsədov

Əsas mövzular