04:10 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
CƏMİYYƏT
Qısa URL
274 0 0

Su alan zaman adı yeni olan, səliqəsiz qablaşdırılan, müxtəlif rəngli sular almaq olmaz

BAKI, 16 may — Sputnik. Havalar isindikcə, sərinləşdirici sulara tələbat da artır. Mağazalara müxtəlif firmaların istehsal etdiyi, amma mənşəyi çox ciddi şübhələr doğuran qablaşdırılmış sular yol tapır. Yol kənarında, bazarlarda isə vəziyyət daha acınacaqlıdır. Belə yerlərdə heç bir gigiyenik normalara uyğun olmayan şəkildə, dəfələrlə istifadə edilən, natəmiz şəkildə yuyulan stəkanlarda sular satılır. Susuzluğunu yatırmaq istəyən hər kəs ağına-bozuna baxmadan bu sulardan alır.

Heç şadlıq saraylarında da vəziyyət fərqli deyil. Bəzən toy məclislərində masanın üzərində, adı heç kəsə bəlli olmayan, heç bir mağazada satılmayan və ancaq elə həmin şadlıq sarayında görünən şirələr qoyulur. Bu suların keyfiyyəti isə alıcılara bəlli deyil…

"Su İstehsalçıları" İctimai Birliyinin sədri Dövlət Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, Azərbaycanda istehsal edilən sular müasir standartlara uyğun avadanlıqlarla istehsal olunur. Suyun keyfiyyəti isə Avropa ölkələrində istehsal olunan suların keyfiyyətindən yüksəkdir.

"Amma təəssüflər olsun ki, biz öz brendlərimizə qiymət verə bilmirik. Bizim su mənbələrimiz dağlıq zonalardadır, buzlaq sularıdır. Ölkədə nə atom elektrik stansiyaları, nə də su mənbələrinə yaxın kimya zavodları var. Ölkəmiz günəşli ölkədir, bu da suyun yetişməsi üçün vacib olan amillərdəndir" — Məmmədov bildirir.

Onun sözlərinə görə, Azərbaycanda istehsal edilən su yeraltı su deyil, dağlardan gələn sulardır: "Avropada istehsal edilən sular isə artezian sulardır. Ölkədə azad bazar sistemi olduğu üçün Azərbaycana Şotlandiyadan, Almaniyadan, Finlandiyadan, Fransadan, İrandan, Türkiyədən, xüsusilə də Gürcüstandan sular gətirilir və eləcə də Azərbaycan suları Rusiya, Qazaxıstan, Belarus, Türkiyə və ərəb ölkələrinə göndərilir".

İctimai Birlik rəhbəri hesab edir ki, bu gün Azərbaycanda ticarət sistemində çox böyük nöqsanlar var və onlardan biri də nəzarət sisteminin olmamasıdır: "Sularımız dünya bazarındakı sularla rəqabət aparmaq gücündədir. Ancaq bizim suları çox zaman mağazaların qarşısında günəş altında saxlayırlar. Bu zaman qabların tərkibində olan elementlərlə suyun tərkibində olan elementlər reaksiyaya girir. Bu da suyun tərkibinə zərər vurur və insan sağlamlığı üçün təhlükə yaradır".

"Suyu alın və gün altında saxlayın. Sonra suyu açanda görəcəksiniz ki, sudan iy gəlir. Buna görə də, çox zaman suların üzərində "soyuq halda için" yazılır. Çünki su soyuq halda içiləndə onun iyi və dadı bilinmir. Ancaq həmin suyu 30 dəqiqə otaq şəraitində saxlayıb, qoxulasanız, görəcəksiniz ki, sudan iy gəlir. Suların üzərində "5-20 C-yə qədər şəraitdə saxlamaq olar" yazılıb. Yəni 20 C-dən artıq şəraitdə saxlamaq olmaz. Eyni zamanda suları günəş şüaları altında saxlamaq olmaz" — həmsöhbətimiz qeyd edir.

Xəstələr bu sudan içməklə şəfa tapacaqlarına inanarlar
© Sputnik / Shahperi Abbasova

D. Məmmədovun sözlərinə görə, müasir zavodlar daha suların plastik şüşələrdə təkrar istehsalına icazə vermir: "Öz brendlərini, markalarını qoruyub saxlayırlar. Yay gələndə bir çox rayonlarda gizli sexlər fəaliyyətə başlayır. Onlar xərc çəkməmək üçün xüsusi adamlar tutaraq restoranlardan, zibil yeşiklərindən işlənmiş butulkaları yığır, köhnə hamam vannalarının içində yuyur və təkrar su istehsal edirlər. Belə sexlər ölkəmizdə çoxdur və dəfələrlə aşkarlanıb. Həmin şəxslər bu gün də öz fəaliyyətlərini davam etdirirlər".

Ekspert bir məqama da diqqət çəkir: "Hazırda bir çox şadlıq saraylarında fikir versəniz, görərsiniz ki, stolun üzərində yeni peyda olmuş, daha əvvəl mağazalarda qarşınıza çıxmamış sular var. Buna görə də çalışın ki, mağazalarda olmayan, satılmayan sulardan istifadə etməyin. Bu sular çox zaman yol kənarlarında, mağaza olmayan ərazilərədə satılır. İnsanlar belə suları məcbur qalaraq alırlar. Məsələn, yayda Koroğlu metrosunun yaxınlığında belə sular satılır".

D. Məmmədov xəbərdarlıq edir ki, plastik şüşələrdən ikinci dəfə su istehsalı üçün istifadə etmək olmaz: "Bu, insan həyatı üçün çox təhlükəlidir. Buna görə də, su alan zaman adı yeni olan, səliqəsiz qablaşdırılmış, müxtəlif rəngli suları almaq olmaz".

Əlaqədar

"O çaydan bir neçə saat dayanmadan qırmızı qanlı su axdı"
Bakının bu hissəsində su olmayacaq
Susayan kobra kəndlilərdən su istədi
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatı yaxşılaşdırılır
Su çərşənbəsi: adət və ənənələr
Teqlər:
plastik şüşə, satılır, "Su İstehsalçıları" İctimai Birliyi, Dövlət Məmmədov, sərinləşdirici, su, restoran

Əsas mövzular