11:19 30 May 2017
Canlı yayım
Məhkəmə

Ədalət yerini tapdı, indilik...

© Foto: PUBLIC DOMAIN
CƏMİYYƏT
Qısa URL
İsmayıl MƏMMƏDLİ
1187725

Cəmiyyət kifayət qədər fəallıq göstərərək, hələ diri olduğunu nümayiş etdirdi

BAKI, 15 may — Sputnik. Mayın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsinin əks-sədası hələ də davam edir. Belə ki, həmin vaxt naməlum bir sürücü idarə etdiyi avtomobillə, yolu keçən, iki uşaq anası Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada, həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin və DİN-in "Təhlükəsiz şəhər" Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisəni "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə, 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli adlı yeniyetmə törədib. Yəni, məşhur bir biznesmenin oğlu, bir məmurun da yaxın qohumu. Və o da məlum olub ki, A. Fərəcli yetkinlik yaşına çatmadığı üçün, barəsində ciddi ölçü götürmək mümkün olmayacaq.

Təbii ki, kimsə bədbəxt hadisələrdən sığortalı deyil. Heç birimiziln ömür kitabına "Beşikdən qəbirədək dərd-sərdən azad olunsun" dərkənarı atılmayıb. Ən azından, belə bir zəmanətimizin olması haqda məlumatlandırılmamışıq. Deməli, söhbət məsələnin başqa tərəfindən gedir.

Bu hadisədə cəmiyyət kifayət qədər fəallıq göstərərək, hələ diri olduğunu nümayiş etdirdi. Belə ki, küçədə insan öldürüb (olsun ehtiyatsızlıqdan) ərazidən qaçan biznesmen oğlunun yetkinlik yaşına çatmadığı və bu səbəbdən mühakimə olunmayacağı xəbəri ictimaiyyətin kəskin reaksiyasına səbəb oldu. Müxtəlif əhali qruplarının, həyatına son qoyulan kasıb qadının müdafiəsinə qalxması, onun qanının yerdə qalmaması üçün ictimai basqı yaratması, hadisəni törətmiş qaqaşın və atasının barəsində sonradan daha sərt tədbir görülməsində əvəzsiz rol oynadı.

Məsələn, Sputnik Azərbaycan-ın sosial şəbəkə istifadəçilərinə ünvanlandığı "Bu cür hallarda yetkinlik yaşına çatmayan şəxslərlə necə davranılmasına tərəfdarsınız" sualına verilən cavablar da birmənalı mövqe olduğunu göstərdi. Respondentlərin, demək olar ki, hamısı ya yeniyetmənin, ya da atasının cəzalandırılmasına tərəfdar olduğunu qeyd edib.

Yəni, cəmiyyət bu (və bu kimi) olayda mütləq şəkildə cəza mexanizminin işə düşməsini istəyir. Bir qisim, yeniyetməyə qarşı daha humanist davranaraq, onun yerinə atasının — indi azyaşlı dedikləri uşağın altına 200 min manatlıq "Porsche" verib (99 BS 999 seriya nömrəli!) küçəyə buraxan şəxsin barəsində sərt tədbir görülməsindən yana çıxış edir. Başqa bir qisim isə yeniyetmənin özünə də güzəşt edilməməsinin tərəfdarıdır. Misal olaraq, Anar Musayev adlı sorğu iştirakçısı kimi: "Azyaşlı uşaqlar üçün tərbiyə müəssisələri var, əsgərliyə qədər orada islah işlərinə cəlb edilsin, daha sonra isə Murov dağına göndərilsin. Atası isə məsuliyyətə cəlb edilməlidir".

Beləliklə, bütün bu ictimai qəzəb-tələb aksiyasının fonunda, hüquq mühafizə orqanlarından hadisə ilə bağlı ikinci rəsmi açıqlama gəldi: "Hadisəni törədən 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli saxlanılıb. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bundan əlavə, sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda, avtomobilini 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə, Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir".

Göründüyü kimi, fəal vətəndaş mövqeləri nəticəsində, ədalət ilkin mərhələdə və qismən təmin olundu. Bundan sonrakı mərhələdə ədalətinmi, yoxsa qanunvericilikdəki hansısa boşluqlarınmı daha ağır gələcəyini isə zaman göstərəcək…

Əlaqədar

Qəzada ölən şirkət işçisinin iki övladı qaldı
Səfir qəza nəticəsində vəfat etdi
Prokuror və sürücüsü yol qəzasında öldü
Paytaxt yaxınlığında ağır qəza
Azərbaycanda daha bir avtobus qəzası
Yenə məktəbli avtobusu, yenə qəza
Teqlər:
Ağaəli Fərəcli, yeniyetmə, biznesmen, azyaşlı, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, bədbəxt hadisə, məsuliyyət, yol-nəqliyyat hadisəsi, ata, polis, cəmiyyət, avtomobil

Əsas mövzular