09:58 17 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli

"Adam öldürən yeniyetmənin əvəzinə atası cəzalandırılsın"

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
464250

"Həmin iş adamı zəhmət çəksin, ölən qadının uşaqlarının 20 yaşı olana kimi təhsil, yaşayış və ev xərclərini ödəmək üçün adlarına hesab açsın"

BAKI, 10 may — Sputnik. Son günlər sosial şəbəkədə ən çox müzakirə olunan hadisələrdən biri, məşhur iş adamının 16 yaşlı oğlunun, 200 minlik maşınla iki uşaq anasını vuraraq öldürməsi oldu. Əlbəttə, heç bir sürücü bədbəxt hadisədən sığortalanmayıb və hər bir şəxs hansısa ağır qəzaya düşə və törədə bilər. Amma son hadisədə bir neçə ciddi məqam var.

Əvvəla, sükan arxasında sürücülük hüququ olmayan 16 yaşlı yeniyetmə olub. Həmin yeniyetmənin "avtoşluq" etməsinin görüntüləri bundan əvvəl də internetdə yayılıb. Yəni, qadının vurularaq öldürülməsi, nə qədər acınacaqlı olsa da, qanunauyğunluğa çevrilir. Çünki zamanında özbaşınalığının qarşısı alınmayan gənc "avtoş" nə zamansa ağır qəza törətməliydi!

İkincisi, 16 yaşlı gənc qəza törətdikdən sonra hadisə yerindən qaçıb. Nəhayət, cinayətkar (insan ölümü ilə nəticələnən qəza törədəndən sonra hadisə yerindən qaçması onu cinayətkar adlandırmağa imkan verir) çox imkanlı şəxsin övladıdır, azyaşlı olduğuna və atasının imkanı hesabına cinayət məsuliyyətindən yaxa qurtaracağı müzakirə olunurdu.

Papanın gül balası
© Karikatura
Papanın gül balası

Yuxarıda sadalananlar isə insanların ilk baxışdan adi görünə biləcək yol qəzasına kəskin reaksiyasına səbəb olub. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkədə bununla bağlı sorğu keçirib və bu cür hallarda yetkinlik yaşına çatmayan şəxslərlə necə davranılması ilə bağlı sual verib:

Cəlil Əvəzov: "Oğlunun yerinə atası cəza çəkməlidir".

Cəlal Səfərov: "Azyaşlılar üçün də xüsusi cəzaçəkmə müəssisələri var, kasıb balaları ordadırlar".

Anar Musayev: "Azyaşlı uşaqlar üçün tərbiyə müəssisələri var, əsgərliyə qədər orada islah işlərinə cəlb edilsin, daha sonra isə Murov dağında göndərilsin. Atası isə məsuliyyətə cəlb edilməlidir".

Mehriban Zeynalova: "Həmin iş adamı zəhmət çəksin, ölən qadının uşaqlarının 20 yaşı olana kimi təhsil, yaşayış və ev xərclərini ödəmək üçün adlarına hesab açsın. Məhkəmə bunu etsə, hesab edərəm ki, ədalətli qərar oldu".

Nərgiz Bayramova: "Adam tanıyıram ki, səhvən dostu ilə zarafatlaşanda, dostu ölmüşdü. 11 yaslı uşağı məsuliyyətə cəlb elədilər".

Telli Pənahqızı: "Kiminsə cibinə girən azyaşlını mühakimə edib uşaq islah-əmək koloniyasına göndərirlər, bunu niyə göndərməsinlər ki? Niyə pulu çox olanları, imkanlıları mühakimə etmirlər, niyə onların pullu mövqeyi bütün qanunları şahı ola bilir? Nə qədər cavan canlar, günahsız insanlar bu cür alçaqların güdazına gedirlər".

Nara Rəşidova: "Ona o bahalı maşını alan atasına cəza verilməsinin tərəfdarıyam".

Elşən Ağalar: "Onun yaşı aşağıdırsa, valideynə cəza tətbiq edilməlidir. Mən şəxsən belə hallarda cəzanın daha sərt olmasının tərəfdarıyam. Valideynin həbsi belə, nəzərə alınmalıdır".

Arzu Murad: "Kim deyir ki, yetkinlik yaşına çatmayanların cəzası olmur? Olur. Uşaq cəzaçəkmə müəssisələri var. Amma belə halda cəza ataya düşür ki, o yaşda uşağa maşın verib. Neçə olur o yaşda maşın sürə bilir, cəza çəkə bilmir?"

Xatırladaq ki, mayın 3-ü saat 16.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin bütün səylərinə baxmayaraq, orada ölüb.

Sabunçu Rayon Polis İdarəsinin və DİN-in "Təhlükəsiz şəhər" Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni "Porsche" markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağaəli Fərəcli müəyyən edilərək saxlanılıb. "Təhlükəsiz şəhər" Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A. Fərəclinin olduğunu təsdiq edir.

Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda avtomobilini 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Əlaqədar

Paytaxt yaxınlığında ağır qəza
Azərbaycanda daha bir avtobus qəzası
Velosipedçi qəzada öldü
Yenə məktəbli avtobusu, yenə qəza
Qadın sürücüdən inanılmaz qəza: 11 maşın sıradan çıxdı
Göyçayda ağır qəza, keçmiş rəis dünyasını dəyişdi
Teqlər:
16 yaşlı, yeniyetmə, azyaşlı, oğul, ata, müzakirə, qəza, cəza, uşaq

Əsas mövzular