CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir tikinti özbaşınalığı: sakinlər prezidentə müraciət etdilər

© Sputnik / Irade JELILAsif Məhərrəmov küçəsi 46, 50 saylı binaların həyəti
Asif Məhərrəmov küçəsi 46, 50 saylı binaların həyəti - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhəri Asif Məhərrəmov küçəsi 46, 50 saylı binanın sakinləri Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayətçidir

BAKI, 9 may — Sputnik. Son zamanlar paytaxtın müəyyən ərazilərində tikinti şirkətləri və sakinlər arasında narazılıqlar səngimək bilmir. Xüsusən də, paytaxtın Nəsimi rayonunun Süleyman Rüstəm və Asif Məhərrəmov küçəsinin sakinləri çıxılmaz vəziyyətdə qalıblar. Xatırladaq ki, bir neçə gün öncə S. Rüstəm küçəsində olaraq, sakinlərin problemlərini işıqlandırmışdıq.

Sputnik Azərbaycan-ın əməkdaşı dünən Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 46, 50 saylı binaların sakinləri ilə görüşərək, onların narazılıqlarının dinləyib. Sakinlər isə Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayətçidirlər. 

© Sputnik / Irade JELILAsif Məhərrəmov küçəsi 46, 50 saylı binaların həyəti
Asif Məhərrəmov küçəsi 46, 50 saylı binaların həyəti  - Sputnik Azərbaycan
Asif Məhərrəmov küçəsi 46, 50 saylı binaların həyəti

50-ci binada yaşayan Mahirə Kərimova bildirir ki, may ayının 5-dən etibarən 46 və 50 saylı binaların arasında yeni binanın tikintisinə başlanılıb: "Prezident qərar verib ki, bütün "xruşşovka" binalar sökülsün və yerində müasir standartlara uyğun binalar tikilib əhaliyə təhvil verilsin. Bununla razılaşdıq. İşbazlar da hər şeydən istifadə edirlər. Binaların arasında olan torpaq sahəsini çəpərləyib, həyətimizdə tikinti işlərinə başlayıblar. Həyətimiz hər tərəfdən mühasirəyə alınıb. Uşaqlarımız, qocalarımız, xəstələrimiz həyətə düşə bilmir, toz-torpaqdan pəncərəni açıb nəfəs ala bilmirik".

Bina sakininin sözlərinə görə, artıq elə vəziyyət yaranıb ki, həyətə heç bir tərəfdən yanğınsöndürən, təcili yardım və digər nəqliyyat vasitələrinin daxil olması mümkün deyil. Həyət maili olduğuna görə, tikintiyə başlanılan zaman 50-ci binanın özülünü də bir metrə yaxın qazıblar. Yəni, bina da qəzalı vəziyyətə düşüb.

© Sputnik / Irade JELILMahirə Kərimova
Mahirə Kərimova - Sputnik Azərbaycan
Mahirə Kərimova

M. Kərimovanın sözlərinə görə, ərazidə çoxmərtəbəli bina tikiləcək: "Bizə deyirlər ki, siz bizi şantaj edirsiniz. Mənə pul təklif edirlər ki, sus, danışma! Bəs biz necə yaşamalıyıq? Bu həyət bizim uşaqlarımızın oyun yeridir, nəfəs ala bilmək üçün oturduğumuz yerdir. Burada bina tikilsə, nəfəs almaq mümkün olmayacaq. Binalar arasında məsafə çox azdır".

46 saylı binanın sakini Ənbər Rüstəmovanın sözlərinə görə, tikinti ilə məşğul olan şirkətin (şirkətin adı bilinmir — red.) nümayəndələri onlara yaşamağa rahatlıq vermir: "O gün vəziyyətim pisləşmişdi, "təcili yardım" çağırdım. İnanın, qoymadılar "təcili yardım" gəlsin. Deyirlər ki, siz bizi şantaj etmək istəyirsiniz. Sonra tanışlıqla həkim gəlib mənə baxıb. Belə insafsızlıq olmaz".

© Sputnik / Irade JELILƏnbər Rüstəmova
Ənbər Rüstəmova - Sputnik Azərbaycan
Ənbər Rüstəmova

Sakinlərin sözlərinə görə, tikinti şirkətinin nümayəndələri deyir ki, ərazidə "şahmat məktəbi" tikiləcək. Binalar arasında məsafə çox az olduğu üçün sakinlər ərazidə hansısa tikintinin aparılmasını istəmirlər. Onların fikrincə, ərazidə aparılan tikinti işləri qanunsuzdur: "Əllərində heç bir sərəncam, qərardad yoxdur ki, deyək, dövlət layihəsidir. Dövlətin layihəsi olandan sonra biz kimik ki? Sadəcə düşünürük ki, ərazidə tikinti Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının sifarişi ilə tikilir və qanunsuzdur".

Qeyd edək ki, sakinlər ərazidə tikinti aparılmasına razı olmadıqları haqda ölkə prezidentinə məktub göndərib və Nəsimi Rayon İcra Hakimiyyətində məsələyə aydınlıq gətirilməsi üçün müraciət ediblər.

Əraziyə cavabdeh olan 31 saylı Mənzil İstismar Sahəsinin rəisi Vidadi Həsənovun verdiyi açıqlamaya görə, ərazidə şahmat məktəbi tikiləcək: "Layihə dövlət əhəmiyyətlidir. Ərazidə 4 mərtəbəli şahmat məktəbi tikiləcək".

Sakinlər onu da iddia edirlər ki, şirkət işçiləri həyətdə olan ağacları kəsib, dibinə beton töküblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Bərafərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ərazidə yoxlama aparılıb, bütün ağaclar qeydiyyata alınıb və heç bir ağac kəsintisi faktına rast gəlinməyib: "Əməkdaşlarımız ərazidə sakinlərin iştirakı ilə yoxlamalar aparıb və heç bir ağac kəsintisi faktı qeydiyyata alınmayıb. Biz bütün ağacları qeydiyyata almışıq. Orada sakinlər tikinti işlərinin aparılmasından narazı olduğu üçün bizə də müraciət ediblər ki, ağaclar kəsilməsin. Ərazi hazırda bizim nəzarətimizdədir".

Xəbər lenti
0