16:04 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Yasamal qəbiristanlığı

Qəbiristanlıqda dəhşət: bir qəbirdə bir neçə nəfəri basdırdılar

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
38710

"Bəzən elə adamlarla rastlaşmaq mümkündür ki, misal üçün, anasının qəbrini açıb onun yanına qardaşını qoyur. Az da olsa, belə hallar mövcuddur. Bütün bunlar qəbiristanlıqda yer çatışmazlığı ilə bağlıdır"

BAKI, 8 may — Sputnik. Bəzi qohumlar öz yaxınlarının köhnə qəbirlərini Bakı qəbiristanlığında qoruyurlar.

Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Tresti (BƏVXT) baş mühəndisi Sabir Həsənov Sputnik Azərbaycan-a bildirib ki, paytaxtın bəzi sakinləri şəhərin mərkəzindəki qəbiristanlıqlardakı yer çatışmazlığı problemini özləri həll edirlər.

"İslam dinində belə bir qayda var ki, əgər üstündən bir neçə onillik keçibsə, nəvəni babanın qəbrində dəfn etmək olar. Onun sümüklərini bir tərəfə yığıb yerində digər adamı dəfn etmək mümkündür. Şəriət qanunlarına görə, qəbir torpağa qarışmalıdır və tədricən itməlidir" – Həsənov bildirib. 

Onun sözlərinə görə, bununla belə, heç kəs mərkəzi qəbristanlıqdakı yaxınlarının yerlərini itirmək istəmir və oranı digər qohumları üçün saxlayır. Lakin belə hallarla tez-tez rastlaşmırıq. Bunu heç də hamı istəmir. Bir çoxları cəsədin başqa yerdə dəfn olunmasını daha düzgün hesab edirlər. Əlbəttə, burada psixoloji faktor böyük rol oynayır.

Bəzən elə adamlarla rastlaşmaq mümkündür ki, misal üçün, anasının qəbrini açıb onun yanına qardaşını qoyur. Az da olsa, belə hallar mövcuddur. Bütün bunlar qəbiristanlıqda yer çatışmazlığı ilə bağlıdır.

Həsənovun sözlərinə görə, hazırda BƏVXT-in nəzdində 32 qəbiristanlıq var. Bakının mərkəzində ölüləri dəfn etmək üçün çoxdandır ki, yer yoxdur. Bəzi kiçik sahələr var ki, illər əvvəl şəhərin ayrı-ayrı sakinləri tərəfindən tutulub. Onlar ölmüş həyat yoldaşlarının yanında özləri üçün yer hasarlayıblar. 

Artıq ikinci ildir ki, BƏVXT bütün ailə üzvləri üçün dəfn yeri ayırmır. Normativlərə əsasən, hər bir adama 5 kvadratmetr yer düşür. Əlavə olaraq həyat yoldaşı üçün 5 kvadratmetr yer götürmək olar.

Dəfn üçün əlavə yerlər Bakıdan kənardakı qəbiristanlıqlarda var. Yer çatışmazlığı problemini həll etmək məqsədilə qəbirlər üçün yeni ərazilərin ayrılması məsələsi qaldırılmalıdır.

BƏVXT nümayəndəsi eyni zamanda dəfnin mərhumun doğmalarına neçəyə başa gəldiyini də açıqlayıb. 

"Bakıda 100-ə yaxın qəbiristanlıq var. Onlardan sadəcə 32-si bizə tabedir. Qalanları bələdiyyələrin və icra hakimiyyətlərinin nəzdindədir. Bizim dövlət qəbiristanlıqlarında dəfn üçün yerlər pulsuzdur" — Həsənov bildirib.

Lakin bütün bunlarla yanaşı, 63 manat məbləğində dövlət rüsumu var. Bu, müsəlmanlara aiddir. Digər dinlərin nümayəndələri üçün bu rüsumun məbləği 79 manatdır. Bu, qəbir yerinə sərf olunan ərazinin ölçüsü ilə əlaqədardır. Əlavə olaraq mərhumun yaxınları tikinti materiallarına 200 manata qədər vəsait xərcləməlidirlər. Söhbət qəbir üçün lazım olan daş, kərpic, sement, qum və qəbirqazanın xərcindən gedir.

Yeri gəlmişkən, sağ qalanlar rəhmətliklərə öləndən sonra da dinclik vermirlər. Bəzən qəbiristanlığın işçiləri vandalizm faktları ilə rastlaşırlar. Elə hallar olur ki, metallom toplayanlar heç bir tərəddüd etmədən qəbirlərin qırağındakı dəmir barmaqlıqları sökürlər. 

Bəzən yaxınları qəbirləri xaricə, yaxud da başqa rayonlara köçürmək qərarına gəlirlər. Lakin bunun üçün hamıya icazə verilmir. Çünki ilk növbədə mərhumla qohumluq əlaqələrini təsdiqləyən sənəd təqdim olunmalıdır. Sonra Sanitar-epidemioloji stansiyadan ölümün səbəbləri barədə arayış almaq lazımdır. Əgər mərhum yoluxucu xəstəliklərdən vəfat edibsə, ona toxunmağa heç kəsə icazə verilmir.

Eyni zamanda məzarları 1 il ərzində açmaq olmaz. Əgər meyit nəm torpaqda basdırılıbsa, onda dəfn olunandan sonrakı ilk 3 il ərzində onu köçürmək olmaz.

Həsənovun sözlərinə görə, meyitin qalıqları sink tabutda daşınır. İl ərzində BƏVXT-ə qalıqların köçürülməsi ilə bağlı 10-dan artıq müraciət daxil olmur.

Yasamal rayonundakı qəbiristanlığın köçürülməsi ilə bağlı söhbətlərə də aydınlıq gətirən Həsənov bildirib ki, bu məsələ planlaşdırılmayıb.

Əlaqədar

Bakıda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb
Onları “Kimsəsizlər qəbiristanlığı”nda dəfn edirlər
Bakıda qəbiristanlıqların "qaynar xətti" varmış
Qəbiristanlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub
İki milyard insan bu qəbirdən nə çıxacağını gözləyirdi və...
Teqlər:
dəfn, qəbir, bələdiyyə, qəbiristanlıq, Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Sabir Həsənov, Bakı

Əsas mövzular