CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"O çaydan bir neçə saat dayanmadan qırmızı qanlı su axdı"

© Sputnik / Leyla AbdullayevaƏslən Axısqa Türkü olan, II Dünya Müharibəsinin I qrup əlil veteranı Əhmədov Məmməd
Əslən Axısqa Türkü olan, II Dünya Müharibəsinin I qrup əlil veteranı Əhmədov Məmməd - Sputnik Azərbaycan
Abunə olmaq
"Almaniyadakı Reyn çayı insan qanından al qırmızı idi. O çaydan bir neçə saat dayanmadan qırmızı qanlı su axırdı".

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Əslən Axısqa türkü olan Şabran rayonunun Söhbətli kənd sakini, II Dünya Müharibəsinin I qrup əlil veteranı Əhmədov Məmməd Seyfət oğlunun 100 yaşının olmasına baxmayaraq, ürəyi hələ də çalışmaq, yaşamaq əzmi ilə döyünür.

"Mən 1917-ci ilin yanvarın 11-də Gürcüstanda — Axısqada dünyaya göz açmışam. Mənim atam çox varlı bir kişi idi. Bizə qarşı Gürcüstanda həmişə ayri-seçkilik salırdılar. Mən kənd məktəbini yaxşi qiymətlərlə oxuyurdum. Amma məktəb 7 illik olduğuna görə, bizi şəhər məktəbinə yolladılar. Atam varlı olduğuna görə, məni şəhər məktəbinə götürmək istəmədilər. Buna görə də, günlərlə ağladım və ac qaldım. Çünki oxumağı çox istəyirdim. Sonra Stalindən tapşırıq gəldi ki, "oğul ataya, ata da oğula cavabdeh deyil". Bundan sonra məni məktəbə götürdülər" – Əhmədov Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib.

© Sputnik / Leyla AbdullayevaMəmməd babanın 100 yaşının olmasına baxmayaraq, həyətində fiziki əməklə məşğul olur
Məmməd babanın 100 yaşının olmasına baxmayaraq, həyətində fiziki əməklə məşğul olur - Sputnik Azərbaycan
Məmməd babanın 100 yaşının olmasına baxmayaraq, həyətində fiziki əməklə məşğul olur

Əhmədov öz həyat tarixçəsini danışdıqca həm kövrəlir, həm də fərəhlənir. Çünki o, həyatın bütün keşməkeşlərini, əzablarını yaşayıb. Vətən həsrəti, müharibənin əzabli günləri Məmməd kişini sarsıtsa da, onun yaşamaq eşqini söndürə bilməyib. Yüz yaşı olmasına baxmayaraq, gözlərində həyat işarəsi, yaşamaq ehtirası sezilir.

"Bizi 1940-cı ildə yığıb Finlandiyaya apardılar. Bir müddət orada vuruşduq. Martın 18-də uğrunda döyüşdüyümüz ərazini ələ keçirdik və bir müddət savaşı dayandırdıq. Həmin vaxt 389-cu "At alayı"nda vuruşurdum. Böyük Vətən Müharibəsində vuruşa-vuruşa Moldovaya qədər gedib çıxdıq. Həmin vaxt çox ac idik və bizə az miqdarda, demək olar, qramla çörək verirdilər. Əsgərlər aclığa tab gətirə bilməyib, qarğıdalı ağacının içini yeyirdilər. Mən dəfələrlə onlara dedim ki, yeməyin, ölə bilərsiz, amma qulaq asmadılar və bir çoxu dünyasını dəyişdi. Hər an ölümlə üz-üzə idik. Hər səhər açılanda, bir də axşam hava qaralanda ölmədiyimizə görə çox şükür edirdik" – deyə keçmiş döyüşçü bildirir.

Tankçı olduğunu deyən Əhmədov sovet tanklarının alman tanklarına baxanda zəif olduğunu vurğulayır: "Onların tanklarını güllə deşmirdi. Onlar texnika baxımından bizdən qat-qat güclü idilər."

© Sputnik / Leyla AbdullayevaTankçı olduğunu deyən Məmməd baba sovet tanklarının alman tanklarına baxanda zəif olduğunu deyir
Tankçı olduğunu deyən Məmməd baba sovet tanklarının alman tanklarına baxanda zəif olduğunu deyir - Sputnik Azərbaycan
Tankçı olduğunu deyən Məmməd baba sovet tanklarının alman tanklarına baxanda zəif olduğunu deyir

Moldovadakı döyüşlərdən danışan qoca düşməni geri oturdandan sonra onlara 2 aylıq istirahət verildiyini bildirir. "Bizə çoxlu yeyib içmək gətirdilər. Hamı yeyirdi, mənim mədəm isə ac qalmaqdan o qədər kiçilmişdi ki, çox yeyib xəstələnməkdən qorxurdum. Ona görə də, doyunca yeyə bilmədim" – deyir müsahibimiz.

Ölü bilib meyitlərin arasına atmışdılar

Müsahibimizin sözlərinə görə, 1943-cü il yanvarın 4-də Stalinqrad döyüşlərində ağır qəlpə yarası alıb. Onu ölü bilib meyitlərin içinə atıblarmış:

"Bir neçə saat sonra əsgərlərimiz meyitləri üst-üstünə yığanda, bir ukraynalı tibb bacısı xırıltı səsi gəldiyini eşidib. Görüb ki, nəfəs alıram, məni tez hospitala yerləşdirmələrini xahiş edib. Bir müddət hospitalda yatıb sağalandan sonra yenə də cəbhəyə qayıtdım"

Əhmədov deyir ki, Stalinqrad uğrunda gedən döyüşlərdə də əzmkarlıqla vuruşublar. O, döyüşə-döyüşə Berlinə qədər gedib çıxıb. "Berlini biz azad elədik. Bu, mənim üçün fəxrdir"- deyə Məmməd kişi şəstlə bildirir.

Məmməd kişi Almaniya döyüşlərini belə xatırlayır: "Ən çətin döyüşlər Almaniyada baş verdi. Çox sayda itkimiz vardı. Qarşi tərəf də çox itki vermişdi. Amma qələbə çalacağımıza inanırdıq. Dayanmadan getdik və Berlinə çatdıq. O hissləri sözlə ifadə eləmək çox çətindir. Almaniyadakı Reyn çayı insan qanından al qırmızı idi. O çaydan bir neçə saat dayanmadan qırmızı qanlı su axırdı.

"Geri qayıdanda evimizdə heç kimi tapmadım"

Əhmədov müharibə bitdikdən sonra bayramı qeyd edib evinə — Gürcüstana qayıdır. Amma burada qohum-əqrəbasından heç kimin qalmadığın görüb dəhşətə gəlir. Bütün nəslinin Özbəkistana sürgün edildiyini öyrənir və qərara gəlir ki, ailəsinin dalınca getsin. Özbəkistana gedib ailəsini, qardaşlarını tapır. Orada ona təzyiq göstərib deyirlər ki, "sən də sürgün edilmisən". Amma Məmməd kişi hərbi biletini, sənədlərini göstərib müharibədə olduğunu və oradan gəldiyini deyir. Bundan sonra onu rahat buraxırlar.

© Sputnik / Leyla AbdullayevaMəmməd kişinin 5 övladı – 1 oğlu və 4 qızı var
Məmməd kişinin 5 övladı – 1 oğlu və 4 qızı var - Sputnik Azərbaycan
Məmməd kişinin 5 övladı – 1 oğlu və 4 qızı var

Müharibədən sonra yeddi illik sevgisinə sahib çıxan Əhmədov öz ailəsi haqqında danışır: "Yeddi il idi nişanli idim. Hələ əsgərliyə getməmişdən əvvəl nişanlanmışdım. Həyat yoldaşım mənə həqiqətən dost, həyat, ömür-gün yoldaşı oldu. Müharibədə olanda 5 il mənim yolumu gözlədi. Qayıdandan sonra onu da Özbəkistanda tapdım və evləndik. Keçən il evlənməyimizin 70 illiyini qeyd etdik, təəssüf ki, aprel ayında dünyasını dəyişdi".

Məmməd kişinin 5 övladı – 1 oğlu və 4 qızı var.

Yüz yaşın içində olmasına baxmayaraq, o, hələ də həyətlərində əkib-becərməklə məşğul olur.

Əhmədov altı dildə danışmağı və yazmağı bacarır: rus, ingilis, alman, türk, özbək və öz dilimizdə. Qəzet oxumaq onun hobbisidir.

Əhmədov Azərbaycan xalqına, onlara isti yuva, isti münasibət bəslədiklərinə görə minnətdardır. O, Özbəkistandakı sürgün həyatından sonra, 1992-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. "Bura artiq bizim vətənimizdir və nəvələrim də, nəticələrim də bu torpaq üçün son damla qanını tökməyə hazırdır" – deyir qoca müharibə veteranı.

Qeyd edək ki, Prezident İlham Əliyev Məmməd Əhmədovu 9 May — Qələbə günü münasibətilə görüşə dəvət edib.

Xəbər lenti
0