CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibkarlara güzəşt bitdi, sərt nəzarət bərpa olunur

© Sputnik / Anar MustafayevTikinti prosesi
Tikinti prosesi - Sputnik Azərbaycan
Abunə olmaq
"İstehsalat sahələrində kameraların quraşdırılması, istehsalat yerlərinə monitorinqlərin həyata keçirilməsi və birbaşa canlı olaraq bu prosesin izlənməsi problemin qarşısını almış olacaq"

BAKI, 4 may — Sputnik. Prezident İlham Əliyev "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. İlkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tədbirlər görüləcək.

© Photo : İ.HÜSEYNLİNİN ARXİVİ Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli - Sputnik Azərbaycan
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq. Qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq.

Məsələ ilə bağlı Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, qeyri-rəsmi əmək münasibətləri məsələsi ölkədə uzun müddət hökm sürən problem olub: "İstər tikinti şirkətlərində, istər istehsal ilə məşğul olan obyektlərdə işçilərin, əmək müqavilələrinin sayı gizlədilir. Bu, kifayət qədər problem yaradır. Ən başlıcası isə birbaşa əmək müqaviləsi olmadan, xüsusən tikinti şirkətlərinin cəlb etdiyi fəhlələr və digər kateqoriyalı işçilərin tikintidə baş verən bədbəxt hadisələrdən sığortalanması imkanları məhdudlaşır. Baş verən bədbəxt hadisə gizlədilir, üstü örtülür və s. Bunların qarşısını almaq üçün gücləndirilmiş tədbirlər həyata keçirilməlidir".

Ekspertin fikrincə, bu, işəgötürənlə işçi arasında baş verən sövdələşmə olduğuna görə, adətən bunun üstünü açmaq, xüsusən istehsalatda çalışan işçi sayını müəyyənləşdirmək bir qədər çətin məsələdir: "Yəni, iki şəxs arasında baş verən sövdələşmədə bu problemləri ortaya qoymaq, aşkarlamaq üçün imkanlar yetərsizləşir. Bu mənada istehsalat sahələrində kameraların quraşdırılması, istehsalat yerlərinə monitorinqlərin həyata keçirilməsi və birbaşa canlı olaraq bu prosesin izlənməsi müəyyən mənada problemin qarşısını almış olacaq. Eyni zamanda, bədbəxt hadisələrdən sığortalanmanı sürətləndirəcək. Bunu tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınmasına xidmət etmiş, təkan vermiş hal kimi qəbul etmək olar".

"Bu məsələ diqqətdə saxlanılmalıdır. Məsələn, kameraların işlək vəziyyətdə olması. Tikinti sahəsində kameralar quraşdırılarsa, bunların işlək vəziyyətdə olması çox mühüm amildir. Zəmanətimiz yoxdur ki, kameraları quraşdıran şirkətlə həmin tikinti ilə məşğul olan şirkətlərin arasında müəyyən vaxt dönəmində onların qeyri-işlək vəziyyətə gətirilməsi ilə bağlı hər hansı bir sövdələşmə olmayacaq. Bu proseslərin özünə də nəzarət etmək lazımdır" — İ. Hüseynli bildirib.

© Photo : Facebook / Sahib Mammadov“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov - Sputnik Azərbaycan
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

Ekspertin fikrincə, istehsalatda qeyri-rəsmi əmək münasibətləri şəraitində qanunsuz olaraq fəaliyyət göstərən işçilərin özlərinin də sosial hüquqlarının pozulması halları baş alıb gedir: "İstehsalatda çalışan bütün işçilər əmək müqaviləsi şərtləri altında qanuna müvafiq işlə təmin olunduğu halda, onların sosial ödəmələri, Dövlət Sosial Müdafiə Fonduna ödəniş məsələləri də gündəmə gələcək. Bu, eyni zamanda, büdcə vəsaitlərinin artmasına gətirib çıxardacaq".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə vəziyyətin çox ciddi olduğunu deyib: "Dövlət başçısı bu məsələyə dəfələrlə qayıtmalı olub. Əvvəl əmək müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə dəyişikliklər olub, hətta cinayət məsuliyyəti müəyyən olub, sonra elektron qeydiyyat sistemi tətbiq olunub".

"İndiki fərman konkret mexanizmlər göstərir. Ona görə də ümidliyəm ki, pilot dövründə müəyyən irəliləyiş olacaq. Fərmanda da göstərilir ki, bu, pilot məsələdir. Gözləyək görək necə olacaq. Burada yeniliklərdən biri odur ki, "ASAN Xidmət" bu prosesə cəlb olunur. Ümid edirəm ki, Fövqəladə Hallar Nazirliyi bütün tikinti şirkətlərində bu kamera sistemini tətbiq edə biləcək" — Məmmədov qeyd edib.

Onun fikrincə, bunun müəyyən riskləri də olacaq: "Bəziləri artıq əmək müqaviləsi bağlamaq istəmədikdə işçiləri ixtisara salacaqlar. Amma bu sahədəki vəziyyət bu cür qala bilməz. Bu, əvvəl-axır dəyişməlidir. Dövlət başçısı sahibkarlara böyük bir jest edib. Onlara avans kimi 2 il müddətinə yoxlamaları dayandırıb. Amma işəgötürənlər bundan nəticə çıxartmadı, o cümlədən tikinti sektoru nəticə çıxartmadı. Əksinə, sui-istifadə etməyə başladılar. İşçilərlə müqavilə bağlamamaq, keyfiyyətsiz məhsul istehsal etmək və s. kimi qanunsuz addımlar atdılar. Artıq fərmanla göstərilir ki, o nəzarət bərpa olunur".

Qeyd edək ki, fərmana görə, tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş reyestrlə inteqrasiya ediləcək.

Xəbər lenti
0