CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropanı at belində fəth edən azərbaycanlı

© Sputnik / Ilham MustafayevTofiq Hüseynov
Tofiq Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
"Azad etdiyimiz ərazidə soyğun törədən əsgərləri, komandir gözlərimizin qarşısında güllələtdi"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Dünyanın ən dəhşətli bəlalarından olan faşizm üzərində qələbədən 72 il ötür. Azərbaycan xalqı da istər ön cəbhədə, istər arxa cəbhədə qələbə üçün öz töhfəsini verib, Vətəni işğaldan qurtarmaq üçün malını, canını fəda edib.

Gəncə şəhər sakini Tofiq Hüseynov da gənc yaşlarından odun-alovun içinə atılan və qələbədə öz payı olan veteranlarımızdandır. O, 1922-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Hələ məktəb yaşlarından hərbi təyyarəçi olmaq istəsə də, səhhəti buna imkan verməyib.

© Sputnik / Ilham MustafayevTofiq Hüseynov
Tofiq Hüseynov - Sputnik Azərbaycan
Tofiq Hüseynov

Orta məktəbi bitirdikdən sonra, 1941-də hərbi xidmətə çağırılıb. 1942-ci ilə kimi Gürcüstan SSRİ-nin Qori şəhərində təlim keçib və ilk döyüşü olaraq Maykop yaxınlığında Marixal aşırımının azad edilməsi əməliyyatlarında iştirak edib. Bu döyüşdən sonra Tofiq Hüseyinov III Ukrayna ordusunun tərkibində 45-ci Qazax süvari qvardiyasının sıralarına qoşularaq, Avropanın içərilərinə kimi şərəfli döyüş yolu keçib. O, 3 dəfə Ali Baş Komandanın imzası ilə yazılı təşəkkürnamə, 1945-ci ildə rəşadətə görə medalı ilə təltif edilib.

"Hər dəqiqəmiz ölüm idi. At belində düşmən səngərinə ilk çatan, ilk döyüşə girən ordu idik. Plan üzrə artilleriya hazırlığı aparılır, ardından düşmən səngərdə başını qaldırmağa imkan tapmamış bir göz qırpımında əldə qılınc alırdıq başlarının üstünü. O səbəbdən də ən çox itki verən atlı ordu olurdu" – danışır müsahibimiz.

Dediyinə görə, onların təmizlədiyi səngərlərə, arxalarınca piyada ordu yerləşir, daha sonra artilleriya və digər qüvvələr daxil olur və növbəti hücumun planı hazırlanırdı: "Beləcə addım-addım, səngər-səngər Avropanın 5 dövlətində — Rumıniya, Çexoslovakiya, Yuqoslaviya, Macarıstan və Avstriyada mövqeləri ələ keçirdik. Qələbəni 1945-ci ilin mayında Avstriyanın paytaxtı Vyanada qeyd etdik".

Qələbənin qazanılmasında bir neçə səbəb sadalayır 95 yaşlı veteran: "Birinci növbədə bütün əsgərlərdə qələbəyə, rəhbərə inam, komandirlərə inam böyük idi. Komandir əsgərlə çiyin-çiyinə düşmən səngərinə şığıyanda əsgər daha da ruhlanırdı. Daha fədakarlıqla döyüşürdü. Stalinin "bir addım geri çəkilmək olmaz" əmri var idi. Qorxaqlar, fərarilər yerindəcə güllələnirdi. Azad edilən yerlərdə mülki əhalini incitmək, qarət, oğurluq qəti qadağan idi. Hər səhər düzülüşündə kamanda verilirdi ki, əsgərlər çantaları yerə qoysun və iki addım geriyə çəkilsin. Yoxlayırdılar ki, qarət edən olub, ya yox".

© Sputnik / Ilham MustafayevGəncə şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları təşkilatı
Gəncə şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları təşkilatı - Sputnik Azərbaycan
Gəncə şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları təşkilatı

Bu barədə bir əhvalat da danışır Tofiq Hüseynov: "Rumıniyada olanda döyüşdən çıxıb dincəlirdik. Birdən əmr gəldi ki, "qalxın". Fikirləşdik ki, yenə hücum başlayır. Qalxdıq, düzüldük. Komandir 3 əsgər gətirdi. Cərgənin qarşısında bu əsgərlərə Stalinin əmrinə tabe olmayıb, qarət, oğurluq və zorlama etdikləri üçün ölüm hökmü çıxardı. Özlərinə dayandıqları yerə çuxur qazdırıldı və əsgərlərə atəş açmağı əmri verildi. Heç kim düz atmaq istəmirdi. Rumıniyaya kimi birgə döyüşmüş ordunun əsgərləriydik. Kimi ayağına, kimi qırağa atırdı. Komandir kim düz atmazsa, onun da onların yanına çıxarılacağını dedi. Bu nizam-intizamın sayəsiydi ki, ağır müharibədən qələbə ilə çıxmağı bacardı Sovet İttifaqı".

Uğurlu döyüşlərlə yanaşı, müharibənin çətinliklərindən də danışır həmsöhbətimiz: "Müharibə — qələbəsindən, məğlubiyyətindən asılı olmayaraq, bütün halı ilə dəhşətlidir. Aclıq, susuzluq, hər gün insan itkisi, hər gün dəyişən sıra yoldaşların… Bunlar hələ müharibənin bir hissəsidir. Elə çətin günlərimiz olurdu ki, ölən əsgər yoldaşının çantasından çörək götürüb yemək halına düşürdük. "Suxoy payok" verilirdi. Qızdıra bilmirdik. Bir işıq gələn yeri darmadağın edirdi düşmən".

Tofiq Hüseynov ordudan tərxis olduqdan sonra mülki həyatında da çox nailiyyətlərə imza atıb. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri işləyib. Hazırda 95 yaşının olmasına baxmayaraq, yenə ictimai fəaliyyətlə məşğuldur. O, Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır.

Müsahibimiz bu yaşda belə gümrah qalmasının səbəbinə də ötəri toxunur: Ömür boyu dedi-qodudan uzaq yaşamaq, öz çörəyini yeyib özgə malında gözü olmamaq…

Xəbər lenti
0