21:52 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
37601

Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə tətbiq olunur

BAKI, 28 aprel — Sputnik. Milli Məclis "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Qanuna görə, bir sıra ərazilərdə, o cümlədən restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) siqaret çəkilməsinə icazə verilmir. Həmçinin, qeyd edilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan edilməsini və 10.1-ci maddədə göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

Qanun hələ qüvvəyə minməsə də, bəzi ekspertlər onun tam işləməyəcəyini iddia edirlər. Onların fikrincə, xüsusən də kafe və restoranlarda "siqaret qadağası"nın qarşısını almaq mümkün olmayacaq, bu, bəzi hallarda rüşvətə, digər hallarda isə hətta cinayət məsuliyyəti yarada biləcək hərəkətlərə gətirib çıxaracaq.

Restoranda inzibatçı vəzifəsində çalışan Samir Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq xeyli müddətdir, bir çox kafe və restoranlarda siqaret çəkən və çəkməyən insanlar üçün ayrıca salonlar yaradılıb: "Yəni siqaret çəkənlər bir salonda, çəkməyənlər isə digər salonda əyləşə bilərlər. Təbii ki, siqaretin qapalı sahələrdə qadağan edilməsi təqdirəlayiq haldır. Çünki bəzi insanlar var ki, siqaret çəkilməsinə icazə verilməyən salonlarda belə, siqaret çəkmək istəyirlər. Onu başa salırıq ki, bu salonda çəkmək olmaz. Amma yenə problemlər yaranır. Cərimələrin tətbiq edilməsi lazımdır".

"Amma bunun icra mexanizmi də yaradılmalıdır. Çünki biz nə qədər çalışsaq da, müştəri cərimə ödəmək istəməyəcək. Müştəri ilə mübahisə isə iaşə obyektini, kafeni, restoranı gözdən salacaq, bu da müştərinin itirilməsi ilə nəticələnəcək" — inzibatçı bildirib.

S. Əhmədov qeyd edir ki, restoran və kafelərdə əsasən içkiyə görə mübahisələr düşür: "Elə müştəri olur ki, içki məclisi qurur. Bir xeyli içdikdən sonra siqaret də yandırır. Çünki içkinin təsirindən harada olduğunu unudur. Belə müştərilərə xəbərdarlıq edirik. Cərimələrin tətbiqi reallaşsa, yaxşı olar".

Digər müsahibimiz Azim Ağayev paytaxtda iki restoranın idarəçisidir. Deyir ki, restoranlarda ancaq giriş hissəsində siqaret çəkməyə icazə verilir. Müştərilər də bunu normal qəbul edir: "2-3 ildir ki, bu sahədəyəm, amma siqaretə görə müştərilərlə heç bir zaman mübahisəmiz yaşanmayıb. Restoranlarımız ailəvi restorandır və gələn müştərilər bir-birinə hörmət etmək məcburiyyətindədir".

Kiçik kafesi olan Zeynəb Əliyeva isə deyir ki, kafedə siqaret çəkilməsinə əvvəldən icazə olmayıb. Yəni, kim isə siqaret çəkmək istəyirsə, çıxıb çöldə çəkə bilər: "Mən siqaret qoxusunu sevmirəm, buna görə də əvvəldən icazə verməmişəm. Kim siqaret çəkmək istəyirsə, çöldə çəkib içəri daxil olmalıdır".

Qanuna gəldikdə, Z. Əliyeva bildirir ki, o, kafesində siqaret çəkməyə icazə vermədiyi üçün, siqaret çəkən şəxslər özləri qanun barədə düşünməldirlər: "Siqaret çəkən şəxs özü düşünməldir ki, siqareti harada çəksə, ona cərimə tətbiq etməzlər. Siqaret çəkmək istəyən onsuz da çəkməyə yer tapacaq. Düşünmürəm ki, bu cərimələr insanları siqaret çəkməkdən uzaqlaşdırsın. Elə adam var ki, gündə 2-3 qutu siqaret çəkir. Belə adamı cərimə ilə siqaretdən uzaqlaşdırmaq olar?"

Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna riayət edilməsi İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi ilə tənzimlənir: "Bu Məcəllənin müəyyən maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə tətbiq olunur".

Müsahibimiz bildirir ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Əlaqədar

Filtrsiz siqaretlər tamamilə satışdan çıxarıla bilər
Siqaret qutularının üzərindəki qeydlər də narazılığa səbəb oldu
Öncə siqaret çəkənlərin hüquqları, yoxsa ondan zərər çəkənlərin?
Cəmiyyətdən siqaretlə bağlı sərt tələb
"Anti-reklam adı altında siqareti reklam edirlər"
"Qadağan edilsə də, avtobusda siqaret çəkəcəm!"
Hökumət siqaretlə mübarizəni gücləndirir
Millət vəkili bir daha siqaret məsələsinə toxundu
Teqlər:
Samir Əhmədov, tütün məmulatları, hüquqşünas, müştəri, ictimai-iaşə obyekti, çayxana, Sputnik Azərbaycan, qanun layihəsi, kafe, restoran, içki, siqaret, Milli Məclis

Əsas mövzular