CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əgər ölkədən çıxdıqdan sonra başınıza bir iş gələrsə...

© AFP 2023 / ANDREJ ISAKOVICXarici ölkəyə səyahət
Xarici ölkəyə səyahət - Sputnik Azərbaycan
Abunə olmaq
Səyahət sığortası, dünyanın hər hansı bir ölkəsinə səfər edərkən, baş verə biləcək qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı tam tibbi yardımın göstərilməsi və tibbi xərclərin ödənilməsinə zəmanət verir

BAKI, 27 aprel — Sputnik. İstirahəti mənalı və maraqlı keçirmək hər birimizin arzusudur. Ancaq səyahət zamanı təhlükəsizliyi də düşünmək önəmlidir. Yad ölkə, başqa iqlim şəraiti, fərqli hava…

Tələbə. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Ekspertlərdən həyacan təbili: xaricə axın başlaya bilər

Qaçılmaz qəzalar hər zaman insanı yaxalaya bilər. Heç kim başına gələcəklərdən sığortalanmasa da, turizm və sığorta şirkətləri səyahətə gedənlərə səfər sığortasını təklif edir. Təəssüf olsun ki, insanlar cüzi məbləği ödəməmək üçün sığortadan imtina edirlər.

Sığorta meneceri Günay Vəlibəyovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, səyahət sığortası, dünyanın hər hansı bir ölkəsinə səfər edərkən, baş verə biləcək qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı tam tibbi yardımın göstərilməsi və tibbi xərclərin ödənilməsinə zəmanət verir: "Səyahətçinin səyahət sığortasına həkim xidmətləri və təyin edilmiş dərman vasitələrinə dair xərcinin ödənilməsi, klinikaya tibbi daşınma ilə bağlı xərclərin, o cümlədən, stasionar şəraitdə qalma, müayinə və müalicə xərclərinin (əməliyyat xərcləri də daxil olmaqla) ödənilməsi, təcili stomatoloji xidmət haqqının ödənilməsi, aparılmış müalicədən sonra vətənə təxliyyə ilə əlaqəli xərclərin ödənilməsi, nəzarətsiz qalmış həddi-buluğa çatmamış uşaqların vətənə təxliyyə edilməsi ilə əlaqəli xərclərin ödənilməsi, baqajın itməsi və ya zədələnməsi, səyahətin ləğv edilməsi, dayandırılması və ya gecikməsi, sığorta olunanın yaxın qohumunun nəqliyyat və hoteldə qalma xərcləri, sığorta şəhadətnaməsinin kateqoriyası ilə uyğun olan digər xərclərin ödənilməsi daxildir".

Menecer bildirir ki, tibbi xərclər ya bilavasitə tibb müəssisəsinə ödənilir, ya da sığorta olunan tərəfindən ödənildiyi təqdirdə, assistans mərkəzi ilə öncədən razılaşdırılma şərti ilə birbaşa müştərinin özünə qaytarılır: "Turist qidadan zəhərlənə, səfər zamanı qəzaya düşə bilər, bədəninin bir orqanında zədə yarana, yaxud da səyahət zamanı düşdüyü ölkənin havasından allergik problemlər yaşaya bilər. Bunların hamısı, yəni səfərlə, səyahətlə əlaqəli yaranan bütün problemlər səyahət sığortasına aiddir".

"Amma şəxs səfər etdiyi ölkədə dişini çəkdirirsə, yaxud hansısa bir estetik əməliyyat və yaxud ürək əməliyyatı etdirirsə, bunların heç biri səyahət sığortasına şamil olunmur" — Vəlibəyova qeyd edir.

Müsahibimizin sözlərinə görə, səyahət sığortasının qiyməti qarşılayacağı məbləğə və səyahət növünə görə dəyişir: "Məsələn, Azərbaycanda 10 minə qədər olan səyahət sığortası ilə yanaşı, 10-25 manat dəyərində də səyahət sığortaları var. Əgər etdiyiniz səyahət ekstremaldırsa, təbii ki, sığortanın məbləği artır".

Vəlibəyova qeyd edir ki, sığorta şirkətlərinin əməkdaşlıq etdiyi xəstəxanalar və şirkətlər olur və sığorta haqqı o zaman ödənilir ki, sığorta edilən bütün sənədləri təqdim edə bilsin: "Sığorta edilən şəxs hadisə baş verən zaman sığorta müqaviləsində göstərilən nömrəyə zəng etməlidir. Bundan sonra sığorta əməkdaşlarının məsləhəti ilə əməliyyatlar həyata keçirilir. Sığorta hadisəsi zamanı xərclər ya anında, ya assistant şirkətlər tərəfindən, ya da ölkəyə qayıtdıqdan sonra sığorta şirkəti tərəfindən (tələb olunan sənədlər təqdim edilmək şərti ilə) ödənilir".

BakuBus MMC-nin avtobusları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sərnişinlərin sığortalanması: yaxşıdır, ya pis?

Ekspert onu da diqqətə çatdırır ki, xroniki xəstəliklər sığorta edilmir.

Hüquqşünas Elnur Aslanovun Sputnik Azərbaycan-a verdiyi şərhə görə, Azərbaycan Respublikasının "Sığorta fəaliyyəti haqqında" 25 dekabr 2007-ci il tarixli Qanununa uyğun olaraq, səfər sığortası qeyri-həyat sığortasına aid edilir: "Səfər sığortası sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutmaqla, bir sıra hallar üzrə həyata keçirilə bilər. Bura sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi zamanı xərclərin tam və ya qismən ödənilməsi, bədbəxt hadisə nəticəsində sağlamlığın pozulması ilə əlaqədar zəruri tibbi xərclərin ödənilməsi, sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi daxildir".

Bundan başqa, "Turizm haqqında" Azərbaycan Respublikasının 4 iyun 1999-cu il tarixli Qanunun 13-cü maddəsinə əsasən, turistlərin qəflətən xəstələnməkdən və bədbəxt hadisələrdən sığortalanması nəzərdə tutulub. Belə ki, sığorta şəhadətnaməsində turistlərin getdiyi, müvəqqəti qalacağı ölkədə, yaxud yerdə sığorta hadisəsi olduqda, onlara tibbi yardım xərclərinin və bu hadisə ilə bağlı digər xərclərin ödənilməsi nəzərdə tutulmalıdır. Sığorta şəhadətnaməsi Azərbaycan dilində və turistlərin getdiyi ölkənin və ya ölkələrin dövlət dilində tərtib olunur.

Bununla yanaşı, Qanunun 12-ci maddəsində qeyd edilib ki, yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) göndərilən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımi tibbi yoxlamadan keçməli və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunmalıdırlar. Turist qruplarını müşayiət edən şəxslərin proqram əsasında minimum tibbi hazırlığı, tibbi ləvazimatı və ilkin yardım üçün tibb çantası olmalıdır. Sayı 100 nəfərdən artıq olan turist qrupları ixtisaslaşdırılmış həkim tərəfindən müşayiət olunmalıdır.

Əvvəllər ölkə qanunvericiliyində səyahət sığortası anlayışından istifadə olunmur və sığorta yalnız tibbi sığorta ilə məhdudlaşırdı. Lakin qanunvericiliyə edilən son dəyişiklik səfər zamanı meydana çıxa biləcək risklərin geniş kateqoriyasını əhatə edir. Yəni, təkcə səfər edənin sağlamlığı deyil, onun hərəkətləri nəticəsində meydana çıxan risklərin sığortalanması məsələsi də hüquqi tənzimetmə zərurətini meydana çıxarıb.

Məhz bu baxımdan, həmin halların sığortalanması ayrı-ayrı qanunvericilik aktları ilə tənzimlənir. Məsələn, tibbi sığorta, habelə onun formaları sayılan icbari və könüllü tibbi sığorta ilə bütün hüquqi münasibətlər "Tibbi sığorta haqqında" 28 oktyabr 1999-cu il tarixli Qanunla tənzimlənir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.

Elnur Aslanov qeyd edir ki, həmçinin, Azərbaycan Respublikasının "İcbari sığortalar haqqında" 24 iyun 2011-ci il Qanunun 4–1-ci fəslinə əsasən, "Yaşıl Kart" sisteminin tətbiqi də nəzərdə tutulub. "Yaşıl Kart" sistemi avtonəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi ölkədən xaricdə istifadəsi zamanı üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta ödənişlərinin verilməsini təmin edən, BMT-nin Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən beynəlxalq avtonəqliyyat vasitələri sığortası kart sistemi hesab olunur.

Səfər sığortasının digər aspektləri isə müxtəlif normativ-hüquqi aktlarla tənzimlənir. Nümunə qismində Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli Qərarı ilə tənzimlənən "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları", yaxud "Hava, dəmiryol, dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin icbari sığortasının aparılması, sığorta tədiyyələrinin və sığorta məbləğlərinin müəyyən edilməsi və verilməsı qaydaları haqqında" Təlimatı göstərmək olar. Səfər sığortası ilə bağlı meydana çıxan hüquqpozmalar isə inzibati, mülki və cinayət məsuliyyətinin yaranmasına səbəb olur.

Xəbər lenti
0