CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş axtaranların "qanını qaraltmaq" istəməzdik, amma...

© pixabay / DariuszSankowskiAvtoyuma məntəqəsinin işçisi, arxiv şəkli
Avtoyuma məntəqəsinin işçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ən azı 2 xarici dil bilməli, kompüterdə mükəmməl işləməli və 3 ilə kimi iş təcrübəsi olmalıdır - qarşılığında 300 manat əməkhaqqı

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda iş tapmaq ən böyük müşküllərdən birinə çevrilib. Söhbət təkcə iş yerlərinin sayının məhdud olması ilə deyil, həm də boş iş yerlərinə qəbulun şərtlərinin absurd səviyyəyə çatdırılması ilə bağlıdır.

İstehsalat sexi, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sahibkar iş yerlərini niyə gizlədir?

Bəzi şirkətlər işə qəbul edəcəkləri şəxsin ən azı 2 dil (bəzən isə 3 dil) bilməsini, kompüterdə mükəmməl işləməsini, eləcə də 3 ilə kimi iş təcrübəsi olmasını istəyir. Əmək haqqı bölməsində isə ağır şərtlərə rəğmən 300-500 manat yazılır.

Bundan əlavə, ciddi yaş məhdudiyyəti də tətbiq edilir. İşəgötürənlərin böyük əksəriyyəti 35 (çox az halda 40-45) yaşa qədər məhdudiyyət tətbiq edir. Belə şərtlər isə insanların haqlı narazılığına səbəb olur. Sputnik Azərbaycan-ın əməkdaşı işə qəbulla bağlı mütəxəssislərlə danışıb.

"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın sədri Sahib Məmmədov bildirib ki, belə vəziyyətə Azərbaycanda işçi qüvvəsinin çox olması, iş yerlərinin isə az olması gətirib çıxarır: "Şirkət rəhbəri çalışır ki, işə götürəcəyi adam çox bacarıqlı biri olsun. İndi olmasa da, gələcəkdə lazım olarsa, onun bu bacarıqlarından istifadə edə bilsin".

"O ki qaldı əmək haqqının az olmasına, bu şərtlərə razı olub müraciət edən çox olduğu üçün əmək haqqı artırılmır. Vakansiya ilə bağlı müraciət edən olmasa, işəgötürən məcbur olub əmək haqqını artıracaq. Deməli, hətta əmək haqqı kiçik, şərtləri ağır olan işə tələbat da çox olduğu üçün belədir" – deyə Sahib Məmmədov əlavə edib.

Liqa rəhbəri belə tələblərin bütün vakansiyalara tətbiq edilməsinin əmək qanunvericiliyinə zidd olduğunu deyib: "Bir insan fəhlə işləyəcəksə, niyə ondan ingilis dili tələb olunmalıdır? Məsələn, ingilis dilində danışan bir əcnəbinin rəhbərlik etdiyi komandada 30 fəhlə işləyirsə, o əcnəbidən Azərbaycan dilini öyrənməyi tələb etmək əvəzinə, 30 fəhlədən ingilis dili bilməyi tələb edirlər. Bu da doğru deyil".

Bakı Dövlət Universitetinin qarşısında tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
İşsizlik probleminin kökü nədədir?

Mütəxəssis bildirib ki, qanunvericiliyin işə qəbulla bağlı dəqiq tələbləri var: "Şəxsin vəzifə funksiyasına daxil olmayan şərtlər qoyulması qanunsuzdur. Formal olaraq, həmin şəxs məhkəməyə müraciət edə bilər. Amma məhkəmədən sonra şirkət həmin şəxsi işə götürər? Təbii ki, yox".

Dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu məsələ günün aktual mövzularından biridir: "Həqiqətən də işə qəbul zamanı vakansiya üzrə həddindən artıq bilik tələb edilir. Amma tələb olunanlar iş ilə uyğun deyil. Məsələn, bəzi iş yerlərində yüksək səviyyədə iş bilikləri tələb olunur. Bu qədər tələbə uyğun əmək haqqı verilməlidir. Əks halda, bu düzgün deyil. Təəssüflər olsun ki, bəzi hallarda insanlar məcbur olaraq bu şərtlər əsasında işləyirlər. Ona görə də işə götürənlər çox rahatlıqla belə şərtlər irəli sürürlər".

"Əmək Məcəlləsinə görə, işə götürən tələbləri və maaşı özü müəyyən edir. Sadəcə, işə qəbul zamanı həmin insan işə götürənə deyə bilər ki, bu tələbləri bilmirəm və iş zamanı həmin tələblərinizə ehtiyacım olmayacaq. İş axtaran şəxs müsahibə zamanı öz hüquqlarıni bilməlidir və tələb etməlidir. Təəssüf ki, biz öz hüquqlarımızı bilmirik" — deyə İ.Hüseynov əlavə edib.

İşə qəbul və təlimlər üzrə mütəxəssis Sevinc Nağıyeva isə problemi belə izah edib: "Təcrübəmdən deyə bilərəm ki, hansısa vəzifə üzrə vakansiya olanda həmin şöbənin menecerinə yaxınlaşıb o işçidə axtardıqları keyfiyyətləri öyrənirik və bu tələblərə uyğun mütəxəssis axtarırıq. Amma tələblər çoxaldıqca əmək haqqı da təbii ki, artır. Xarici bazarla işləyən mütəxəssislərdən yüksək dil biliklərinin tələb olunması normal haldır, amma yerli bazarla işləyən işçilərdən yüksək dil biliklərini tələb edə bilmərik".

HR mütəxəssis qeyd edib ki, əmək haqqı ilə razı olmayan namizədlər də olur: "Bəzi namizədlər başqa yerlərdə daha yüksək maaşla işlədikərindən, eyni vakansiya üzrə bizdə işləmək üçün müraciət edəndə daha yüksək maaş tələb edirlər. Qeyd etməliyəm ki, namizədlərlə birinci mərhələdə telefon vasitəsi ilə danışan zaman onlara əmək haqqı deyilməlidir. Onlar bununla razılaşdıqdan sonra işə qəbul üçün digər mərhələlərə dəvət edilməlidir".

Xəbər lenti
0