22:33 25 Aprel 2017
Canlı yayım
Sükan arxasında siqaret çəkən sürücü, arxiv şəkli

"Qadağan edilsə də, avtobusda siqaret çəkəcəm!"

© Sputnik / Aleksey Malgavko
CƏMİYYƏT
Qısa URL
23111

Tütün məhsullarından istifadənin məhdudlaşdırılması ictimai nəqliyyat vasitələsinin sürücülərini çətin vəziyyətə salıb

BAKI, 18 apr — Sputnik. Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı açıqlanıb. Bu siyahı yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin son variantında əksini tapıb. Layihə səsə qoyularaq, birinci oxunuşda qəbul olunub. Qanun layihəsinin 10-cu maddəsinə (tütün çəkilməsinə icazə verilməyən yerlər) görə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillərində də tütün çəkilməsinə icazə verilmir.

Sputnik Azərbaycan-ın əməkdaşı taksi və avtobus sürücüləri arasında yeni qanun layihəsi ilə bağlı sorğu keçirib. Taksi sürücüsü Samir Abdullayev bildirir ki, bu qanunun tətbiq edilməsi çox önəmlidir: "Mən avtomobildə sərnişin olanda onsuz da siqaret çəkmirəm. Çox az hal olur ki, əsəbi oluram, çəkirəm. Onda da sərnişin narazılığını bildirsə, atıram. Bu qanun xüsusilə avtobus sürücüləri üçün vacibdir. Çünki onlar bütün gün sərnişindaşıma ilə məşğuldur. Taksi belədir ki, sərnişini düşürdün, boşsan, çəkə də bilərsən".

S. Abdullayev qeyd edir ki, siqaretin qadağan edilməsi sağlamlıq üçün də vacibdir: "Bəzi insanlar deyirlər ki, siqaret vərdişdir, ata bilmirəm. Ancaq siqaretin çox yerdə qadağan edilməsi insanlar məcbur edəcək ki, siqareti azaltsın. İnsan bütün günü işini atıb, siqaret çəkmək üçün yer tapmaq üçün gəzə bilməz. Mən bu qanunu dəstəkləyirəm".

"Amma sərnişinə siqaret çəkməyi qadağan etmək hüququm yoxdur. Mən ona deyə bilmirəm ki, çəkmə. Sərnişindir, pulunu verib, yolunu gedir. Siqaret də çəkə bilər. Əgər bu, qayda pozuntusudursa, biz hər gün onlarla içkili adam aparırıq. O zaman gərək bizi hər addımbaşı cərimə etsinlər?" — sürücü irad bildirir.

Digər taksi sürücüsü Anar Abbasov da bu qanunun tərəfdarı olduğunu deyir. O, hesab edir ki, bu qanun dünyanın bir çox ölkələrində tətbiq olunduğu üçün Azərbaycanda da tətbiq olunmalıdır: "Əlbəttə, yaxşı qanundur. Yoxsa hara gedirsənsə, siqaret qoxusu adamı narahat edir. Mən çəkmirəm və etiraf edim ki, bəzən sərnişinlərim çəkəndə əsəbləşirəm. Avtomobilimi çox sevdiyim üçün siqaret qoxusunun içəri dolmasını sevmirəm. Çox az halda olur ki, sərnişinə siqaret çəkməyə icazə verim".

Avtobus sürücüsü Elçin İbrahimov isə deyir ki, özü avtobusda siqaret çəkmir, amma sərnişinlərdən çəkən olur və buna görə də sürücü bir neçə dəfə sərnişinlərlə mübahisə etməli olub: "Axşam saatlarında Masazırdan qayıdırdım. Arxada 7-8 gənc əyləşmişdi. Düzü, elə səsləri məni narahat edirdi. Bir neçə dəfə sakit olmalarını xahiş etdim. Fikir vermədilər. Görünür, içkili idilər, deyəsən dənizdən qayıdırdılar. Bir neçə dəqiqə sonra avtobusu siqaret dumanı bürüdü. Dözə bilmədim, avtobusu kənara verib, saxladm. Siqaret çəkən sərnişinə avtobusu tərk etməyi xahiş etdim. O isə mənim gözümün qarşısında siqareti oturacağa basaraq söndürdü. Digər dostları da mənimlə mübahisə etməyə başladılar. Azlıq çoxluğa tabedir, siqaret tüstüsündə "Memar Əcəmi"yə qədər gəldik".

Sürücü bildirir ki, belə sərnişinlərlə tez-tez qarşılaşır və hesab edir ki, qanun olsa və işləsə, sürücülərin də işi rahatlaşar.

Siqaret çəkmək qadağandır
© Karikatura
Siqaret çəkmək qadağandır

Nadir adlı digər avtobus sürücüsü isə qismən fərqli düşünür: "Məsuliyyətli sürücü cərimə olsa da — olmasa da, siqaret çəkmir. Eləcə də məsuliyyətsiz sürücü üçün qanunun olub-olmaması fərq etmir. Bəzən mən də çəkirəm. Avtobus sürücüsü olmaq çətin işdir. Adamın əsəbləri sıradan çıxır. Gündə yüzlərlə sərnişinlə həmsöhbət oluruq. Biri ağıllı olur, biri dəli, biri deyir qapımda saxla, digəri deyir, pulum yoxdur. Adamda əsəb qalar? Çox əsəbi olanda özümü toparlamaq üçün çəkirəm. Cərimə onsuz da var. Qanun qüvvəyə minsə də, əsəblərimi sakitləşdirmək üçün çəkəcəyəm. Çünki hər gün yüzlərlə insanın həyatına cavabdehəm".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində bütün nəqliyyat vasitələrində siqaret çəkilməsi ilə bağlı müəyyən müddəalar var. Belə ki, İnzibati Xətalar Məcəslləinin 134-cü maddəsində qeyd edilir ki, hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə yüz manat miqdarında cərimə edilir.

"Məcəllənin 140-cı maddəsində qeyd olunur ki, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq edilir və ya 5 manatdan 15 manatadək miqdarda cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi ilə bağlıdır. 212.1. maddəsinə görə, bu məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə tətbiq edilir" — hüquqşünas deyir.

Digər hüquqşünas Ərşad Hüseynovun bildirdiyinə görə, indinin özündə də ictimai nəqliyyatda siqaret çəkilməsi qadağandır: "Ancaq fərdi avtomobillərlə bağlı belə bir qadağa yoxdur. Avropa ölkələrində isə hərkətdə olduğu halda fərdi avtomobil sürücülərinə də siqaret çəkməyə icazə verilmir".

"Azərbaycanda ictmai nəqliyyatda qanun nə sürücüyə, nə vətəndaşa siqaret çəkməyə icazə verir. Gəmidə, qatarda isə siqaret çəkmək üçün xüsusi yerlər olur. Taksilərdə isə siqaret çəkmək sürücü və sərnişinin qarşılıqlı razılaşması əsasında ola bilər. Avtobusda siqaret çəkməyin cəriməsi 40-50 manatdır. Taksilərdə isə məxsusi olaraq cərimə yoxdur" — Hüseynov vurğulayır.

Hüquqşünas bildirir ki, hazırkı vəziyyətdə qanun siqaret çəkən sərnişinlər üçün cərimələr nəzərdə tutub. Bu məbləğ 30 manatdır.

Əlaqədar

Hökumət siqaretlə mübarizəni gücləndirir
Millət vəkili bir daha siqaret məsələsinə toxundu
Azərbaycanda siqaret almaq istəyənlərdən şəxsiyyət vəsiqəsi tələb olunacaq
İlham Əliyevdən siqaret açıqlaması gəldi
Milli Məclis siqaret müzakirələrinə son qoydu
Siqaret çəkilməsi ilə bağlı sərt məhdudiyyətlərə necə baxırsınız?
Ekspert: “Siqaret bütünlüklə qadağan olunmalıdır”
Spirtli içki və siqaretlərlə bağlı mühüm xəbər
Teqlər:
tütün məmulatları, sərnişin, taksi, siqaret, avtobus, Azərbaycan, sürücü, avtomobil

Əsas mövzular