15:21 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
977140

Deputatların qanunların köməyi ilə maddi məsuliyyət yaratmaq üzərində atəşli çalışmaları nəticəsində tezliklə qanunvericilik bazasında bir dənə də olsun aşağı cərimə qalmayacaq

BAKI, 30 mart — Sputnik. Milli Məclisin deputatları dövlət büdcəsini doldurmaq üçün təkcə vergi təzyiqlərini artırmayıblar, həmçinin cərimələri qaldırmaq yolu ilə inzibati sanksiyaları da sərtləşdiriblər. Deputatların qanunların köməyilə maddi məsuliyyət yaratmaq üzərində atəşli çalışmaları nəticəsində, tezliklə qanunvericilik bazasında bir dənə də olsun aşağı cərimə qalmayacaq.

Bu dəfə parlamentarilər fahişəliklə mübarizə aparmağı qarşıya məqsəd qoyublar və onların dili ilə desək, bu bəla ilə effektiv mübarizə aparmağın üsulunu tapıblar. Milli Məclis şəxsi yaşayış evlərini fahişəlik üçün kirayəyə verənlərə və fahişəxana saxlayanlara qarşı cəza tədbirlərini sərtləşdirməyi təklif edib. 

Bunun üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər təklif olunub. Sözügedən cinayətlərlə bağlı cərimələrə ictimai işlər, islah işləri və azadlıqdan məhrumetmə cəzasını artırmağı da əlavə etmək təklif olunub. Hazırda AR CM-nin 244-cü maddəsinə (əxlaqsızlıq yuvaları saxlama) görə, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə, 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri, yaxud da 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, yaxud qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əgər sözügedən qanun layihəsi qəbul olunsa, fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cərimələrin miqdarı 2 500-dən 3 500 manatadək artırılacaq.  

Parlamentarilər qumarxana (kazino) təşkil etmə və saxlamaya görə də cərimələri sərtləşdiriblər. Bu dəyişikliklərə görə, sözügedən cərimələr 10 mindən 15 min manata qədər artırılacaq. 

Sözügedən dəyişiklikləri Sputnik Azərbaycana şərh edən vəkil Vüqar Xasayev bildirib ki, əgər fahişəliklə mübarizənin səmərəliliyi nöqteyi-nəzərindən təhlil edilsə, sözügedən qanun layihəsi özü-özlüyündə absurddur. “Deputatlar qanunların qəbulu məsələsinə öz nəzər nöqtələrindən yanaşırlar və nəticədə qanun işləmir, çünki millət vəkilləri məsələnin kökünə baxmırlar. Bunun səbəblərini heç kəs bilmir. Onların ilk işi bu suala cavab olmalıdır: vətəndaşları mənzillərini kirayəyə verməyə nə məcbur edir? Əlbəttə, maddi ehtiyaclarının olması” – deyə ekspert bildirib. 

Lakin əgər vətəndaş bu işdən ziyan çəkmək istəmirsə, icarəçi ilə müqavilə bağlamalıdır və orada yaşayış forması razılaşdırılmalıdır. Vəkilin sözlərinə görə, qanun layihəsi həm də ona görə absurddur ki, şəxsi evlərin sahiblərinin göstərdiyi xidmətləri otellər də göstərir. Belə olan təqdirdə, sözügedən qanun hüquqi şəxslərə — otel sahiblərinə də şamil edilməlidir. Məlumdur ki, otellərdə otaq kirayələmək və fahişəliklə məşğul olmaq asandır. 

“Bu nonsensdir, gülməlidir. Bir tərəfdən Azərbaycan turizmin inkişafına dəstək verir, digər tərəfdən də belə axmaq qanunlar qəbul edir. Hansısa formada vətəndaş fahişə ilə anlaşır ki, kirayə edilmiş mənzilə gedəcəklər. Bu, onun şəxsi işidir və o, digər şəxslərin hüquqlarını pozmur” – deyə hüquqşünas bildirib. 

O, həmçinin qeyd edib ki, böyük ehtimalla sözügedən qanunvericiliyə dəyişikliklərin edilməsində məqsəd fahişəliklə mübarizə yox, dövlət büdcəsini doldurmaqdır. Fahişəlik hər yerdə mövcuddur. Digər ölkələrdə olduğu kimi, bizdə də fahişəliyi leqallaşdırmaq, seks sənayesinin nümayəndələrinin tibbi yoxlama prosesinə nəzarət etmək və onları vergiyə cəlb etmək olardı. 

“Bu qadınların əksəriyyəti fahişəliklə məşğul olmağa məcburdur. Hazırda onların sayı çoxdur, sovet vaxtı isə fahişələr az idi. O da var ki, əgər ölkədə sosial problemlər həll olunsa, fahişəlik də azalar” – deyə vəkil bildirib. 

Digər vəkil Oqtay Gərəkməzli isə deyib ki, burada söhbət əxlaqsızlıq yuvası ilə bağlı sübut olunmuş faktdan gedir. Əgər sübut olunsa ki, vətəndaş icarəçinin onun mənzilindən əxlaqsızlıq yuvası kimi istifadə edəcəyini bilirdi, o zaman onu cərimə gözləyir. Əgər evin sahibinin günahı sübut olunmasa (çünki o, mənzildə nə baş verdiyin bilməyə bilər), o zaman onu cərimə edə bilməzlər. 

"Parlamentarilərin əsas məqsədi dövlət büdcəsini doldurmaqdır. Çünki elmi cəhətdən sübuta yetirilib ki, cəzaların ağırlaşdırılması cinayətkarlıqla mübarizəyə təsir göstərmir” – deyə o, bildirib. 

Gərəkməzli qeyd edib ki, bütün bunlarla yanaşı, sözügedən qanun elə kağız üzərində də qalacaq. Çünki bu, hüquq-mühafizə orqanlarına mülkiyyət sahiblərinin əleyhinə dəlil yığmaq prosesində böyük çətinlik yaradacaq. 

Əsas mövzular