02:42 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4932112

Qarabağ müharibəsində şəhid olmuş rus gənc ölümü ilə özünə azərbaycanlıların qəlbində böyük bir abidə ucaldıb

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 28 mart — Sputnik. Onun üçün zamanın axarı dayanıb. Daha yaş üstünə yaş gəlmir. Nə qışda çiyni üstə yaranan qar təpəciyindən xəbəri olur, nə yazda yerin, göyün oyanışından. İpək saçlarını yağış yuyur, külək darayır. Vaxtaşırı sinəsinə sərilən güllər də bir ucdan solub gedir…

Aleksandr Anatolyeviç Mixayluk
© Photo : Ailənin şəxsi arxivi
Aleksandr Anatolyeviç Mixayluk

Doğmaları Rusiyaya köçüb, dostlarının hərəsi bir yana dağılıb gedib. Bircə o, 23 ildir ki, bir ünvanda tərpənməz qalır: Saatlı şəhərindəki "rus qəbiristanlığı"nda.

Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan vətəndaşı Aleksandr Anatolyeviç Mixayluk barədə çoxdan idi ki, yazı hazırlamaq istəyirdik. Ailə üzvləri ölkədən köçdüyündən, vaxtilə yaşadığı ev satıldığından, yaxınları, keçmiş sinif yoldaşları ilə çətinliklə əlaqə yarada bildiyimizdən, bu bəxtsiz gəncin "ömür kitabı"nın ayrı-ayrı səhifələrini əldə etmək xeyli vaxt apardı.

Aleksandr Mixayluk
© Photo : Ailənin şəxsi arxivi
Aleksandr Mixayluk (ön cərgədə sağdan 4-cü)

"Sakit, sözəbaxan uşaq idi"

Hazırda Saatlı şəhərindəki "SU-17" adlanan yaşayış massivində qalan Mixaylenko Lyubov Semyonovna Mixayluklar ailəsi ilə qonşu olduqlarını deyir: "Qonşu olmaqla yanaşı, Saşanın ata və anası ilə eyni idarədə — "SU-17"-də işləmişəm. Marqarita Aleksandrovna məndən 2 yaş kiçikdir — 1948-ci il təvəllüdlüdür. O, Anatoli ilə 1969-cu ildə Permdə ailə qurandan sonra Saatlıya köçüb".

Mixaylenko Lyubov Semyonovna
© Sputnik / Kamal Almuradlı
Mixaylenko Lyubov Semyonovna

"Amma uşaqları hələ balaca olanda — 1981-ci ildə qaynaqçı işləyən ərini tok vurdu. Qadın üç körpə uşağı çox çətinliklə böyüdüb boya-başa çatdırdı" — Semyonovna danışır.

Deyir ki, Saşa evin sonbeşiyi olduğundan bir az ərköyün idi: "Amma deyim ki, çox sakit, sözəbaxan uşaq idi, əlindən bir zərərli iş gəlməzdi. Onu qonşuların hamısı çox istəyirdilər. Elə erkən yaşda ölümü ilə də hamını yandırdı".

"O, saflıq təcəssümü idi…"

Aleksandr Mixayluk 1975-ci il fevralın 8-də doğulub. Saatlı şəhərindəki 33 saylı dəmiryolu məktəbində oxuyub. Hazırda bu rayonda yaşayan Azər Məmmədov onu ən yaxın uşaqlıq dostu kimi xatırlayır: "Sinifdə 33 şagird olmuşuq. Onlardan 5-6 nəfəri rusdilli ailədən idi. Ümumiyyətlə, biz oxuyan dövrdə rayonumuzda rusların sayı get-gedə azalırdı. Amma tam səmimi deyim ki, milli mənsubiyyətə görə bizdə heç vaxt ayrı-seçkilik olmayıb. Elə "Saşok"un (biz Aleksandrı belə adlandırırdıq) ən yaxın dostları azərbaycanlı uşaqlar idi. O, azərbaycanca daha yaxşı bilirdi, nəinki rusca".

Azər Məmmədov
© Sputnik / Kamal Almuradlı
Azər Məmmədov

"Çaya çimməyə, balıq tutmağa gedirdik. O, yaxşı futbol oynayırdı. Şən, incə yumorlu uşaq idi. Ona kəskin söz deyiləndə, irad bildiriləndə, sifəti qıpqırmızı olurdu — bu, həyadan, saflıqdan irəli gəlirdi. Dərslərini çox da yaxşı oxumasa da, intizamına görə müəllimlər ona güzəşt edirdilər. Ölümü barədə xəbəri sevimli müəllimimiz Valentina Malyarova çatdırdı və hamımızı toplayıb onların evinə apardı" — A. Məmmədov əlavə edir.

8-ci sinfi bitirəndən sonra A. Mixayluk yerli texniki məktəbə keçib. Burada həm orta təhsilini tamamlayıb, həm də avtomobillərin təmiri üzrə çilingər peşəsinə yiyələnib. Bu peşə ona Orduda xidmət keçərkən hərbi texnikaları idarə etmək imkanı verib.

1993-cü ilin iki günü

1993-cü ilin aprelin 3-də qonşular, dostlar Mixayluklar ailəsinin yaşadığı evə toplanırlar. Aleksandrın hərbi xidmətə yola salınması münasibətilə xudmani bir məclis qurulur. Qonaqlar yeyib-içir, danışıb-gülür, xoş arzular bildirirlər. Amma hər kəsin içində narahatlıq da vardı. Axı həmin vaxt cəbhədə ağır döyüşlər gedir, ərazilərin işğalı, ölənlər, yaralananlar, itkin düşənlər barədə qorxunc xəbərlər gəlirdi.

Təxminən oktyabr ayında bu evdə bir də məclis qurulur. Bu dəfə hamı əsgər geyimində olan arıq bir oğlanı diqqətlə dinləyir, ona yerbəyerdən suallar verirlər. Qonaqları yola salandan sonra ana oğluna "sən yeməyini yaxşı yeyə bilmədin" deyir və yenidən onu süfrə başına gətirir. Bu dəfə ananın gözləməyə hövsələsi çatmır, uşaq yaşlarında yedirdiyi kimi, hər tikəni özü onun ağzına zorla dürtür. Bacısı Aleksandrın içməyə macal tapmadığından soyuyan çayını tez-tez dəyişməli olur.

Şəhid bacısının xatirələri

"Bu, ailə üzvlərimizin sonuncu dəfə bir yerdə yığışmağı oldu. O zaman qısamüddətli məzuniyyət verib Saşanı evə buraxmışdılar" — hazırda Rusiyanın Tver vilayətində yaşayan Tatyana Əsgərova-Mixayluk belə yazır.

Tatyana Əsgərova-Mixayluk
© Photo : Ailənin şəxsi arxivi
Tatyana Əsgərova-Mixayluk

Biz onu Saatlı tarix-diyarşünaslıq muzeyi tərəfindən çəkilmiş "Şəhidlik zirvəsi" filmindən tanıyırdıq. Elə buradaca qeyd edək ki, Tatyana xanımın ilk ərinin — Viktorun anası rus, atası isə azərbaycanlı olub, qaynı Valeri Əsgərov da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşdə həlak olub.

Şəhid bacısını soraqlayıb "odnoklassniki" sosial şəbəkəsində tapmış və ona qardaşı ilə bağlı suallar ünvanlamışdıq. Demə, qadın yenicə gənc övladını itiribmiş və bu faciənin yaratdığı sarsıntıdan hələ də ayılmayıbmış. Amma özünü ələ alır və qardaşı ilə bağlı xatirələrini bizimlə bölüşür.

"Saşa fevralın 11-də Tərtər ətrafında gedən döyüşdə snyaperdən açılan mərminin qəlpəsindən yaralanmışdı. Biz sonradan öyrəndik ki, onu təcili olaraq Gəncədəki hospitala aparıblar və həmin qəlpəni çıxarmaq üçün əməliyyat ediblər. Amma həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Bir gün sonra qardaşımın nəşi evə hərbi maşında gətirildi və elə həmin gün dəfn olundu" — şəhid bacısı yazır.

"Saşanı son mənzilə yola salmağa gələnlər o qədər çox idi ki, həyətimiz, küçəmiz adamları tutmurdu. Rayonun rəhbər işçiləri, icra başçısı, hərbi komissar da onların arasında idi. Hamı cənazənin altına çiyin verməyə can atırdı" — Tatyana xanım əlavə edir.

"O, canından artıq sevdiyi Vətənində həmişəlik olaraq qaldı"

Saatlının keçmiş sakini bildirir ki, ailə vəziyyəti ilə əlaqədar ilk olaraq o, Rusiyaya köçüb, ardınca qardaşı Viktor anası ilə birgə ölkədən çıxıblar.

Marqarita Aleksandrovna
© Sputnik / Kamal Almuradlı
Aleksandrın anası Marqarita Aleksandrovna

Tatyana Əsgərova-Mixayluk qonşu və tanışları ilə əlaqələrinin bu günədək kəsilmədiyini deyir: "Bəziləri ilə internetlə, telefonla əlaqə saxlayıram. Bizə Azərbaycanda yaşamaq üçün heç nə mane olmurdu, sadəcə belə alındı. Bircə Saşa hamımızdan etibarlı oldu — canından artıq sevdiyi Vətənində həmişəlik olaraq qaldı. Sevdiyi qız da vardı, amma bilmirəm ona ürəyini açmağa macal tapmışdımı. Lənətə gəlmiş bu müharibə qardaşımın bütün arzularını ürəyində qoydu…"

Əlaqədar

"Alo, Bakı! Sizi "Ulduz"la birləşdirirəm"
Rus nazirin atasının qəbri Saatlıda aşkarlandı
Nərgiztəpə — oğuz elinin alınmaz qalası
Repressiya aparatını "əridən" sevgi
Teqlər:
Tatyana Əsgərova-Mixayluk, Saşa, Tver, Mixaylenko Lyubov Semyonovna, "SU-17", Aleksandr Anatolyeviç Mixayluk, Qarabağ müharibəsi, Saatlı, Azər Məmmədov, rus, müharibə, ailə, şəhid, Azərbaycan

Əsas mövzular