11:10 30 May 2017
Canlı yayım
Geyim mağazası

Kirayə götürülən paltarlarla bağlı ilginc faktlar

© Sputnik / Ilya Pitalev
CƏMİYYƏT
Qısa URL
56911

Bəyə böhtan atıb ondan 2400 manat pul tələb ediblər

BAKI, 19 mart — Sputnik. Bayramlarda, toylarda, ziyafətlərdə insanlar çox zaman paltar almaqdansa, kirayə götürməyə üstünlük verirlər. Paltar kirayə verən mağazalarda hər yaş üçün geyimlər var. Amma onları kimin geyindiyi, hansı üsullarla təmizləndiyi, ümumiyyətlə təmizlənib təmizlənmədiyi heç kimə məlum deyil.   

Metronun Neftçilər və Xalqlar Dostluğu stansiyaları ətrafında geyimlərin kirayəsi ilə məşğul olan kifayət qədər mağaza var. Mağazalardan birinin əməkdaşı Lalə Abdullayevanın sözlərinə görə, mağazada ziyafət geyimləri və gəlinliklər kirayə verilir: “Mağaza ancaq brend geyimlərin kirayəsi ilə məşğul olduğu üçün burada icarə verilən paltarların icarə qiyməti 30 manatdan başlayıb, 300 manata qədər davam edir. Geyimlərimiz 1-3 gün müddətinə verilir. Geyim götürən zaman şəxsiyyət vəsiqəsi və ya hər hansı bir sənəd bizdə saxlanılır ki, geyim geri qaytarılsın”. 

Satıcı bildirir ki, geyimlərin təmizlənməsi kimyəvi qaydada həyata keçirilir, xüsusi dərmanlar və buxar vasitəsilə təmizlənmə aparılır.

Kişi və uşaq geyimlərinin kirayəsi mağazasının əməkdaşı İlahə İbrahimovanın sözlərinə görə, mağazada 3 yaşından böyüklər üçün geyimlər kirayə verilir. Bura kişilər üçün toy kostyumları, uşaqlar üçün sünnət toyu geyimləri, milli geyimlər və s. kirayə verilir. Bu mağazada qiymətlər nisbətən münasibdir. Yəni 1 günlük kirayə qiyməti 10 manatdan başlayır: “Geyimlərimiz xüsusi üsullarla təmizlənir, dərmanlanır və dizenfeksiya edilir. Bundan sonra yenidən kirayə verilə bilər. Məsələn, bir gəlinlik 2 günlüyə götürülür. İki gün sonra günorta saatlarında paltar geri gətirilir. Biz geyimi gələn kimi nəzərdən keçiririk ki, söküyü, cırığı olmasın. Sonra geyim kimyəvi təmizlənməyə verilir. 2-3 saat sonra geyim yenidən istifadəyə hazır olur. Başqa mağazaları bilmirəm, amma biz buna çox diqqət edirik”.

Modelyer Arzu Əliyeva bildirir ki, “Modalar evi”ndə ancaq milli geyimlər kirayə verilir. Burada 5 yaşından yuxarı uşaqlar və böyüklər üçün geyimlər var.   

Toy üçün kirayə paltar götürən Aysel Əliyevanın sözlərinə görə, çox pul verib paltar almaqdansa, müəyyən məbləğə kirayə götürmək daha sərfəlidir: “Məsələn, 100 manat verib hansısa paltarı alırıq, 1-2 dəfə toya və ya ziyafətə geydikdən sonra o geyimi geymək istəmirik. Həmin paltarı satmaq da mümkün olmur. Amma kirayəyə 10-15 manat ödəyib, paltarı götürüb istədiyimiz tədbirə geyinirik. Həm az xərcimiz çıxır, həm də gözəl görünürük”. 

Əliyeva bildirir ki, geyimlərin necə təmizlənməsindən xəbərsizdir. O, adətən geyim kirayə götürən zaman paltarın qoxusuna fikir verir: “Mənim üçün qoxu çox önəmlidir. Paltar götürən zaman iyləyirəm. Əgər hər hansı ətir və yaxud tər qoxusu gələrsə, mən o geyimi götürmürəm”. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, kirayə bazarı haqqında rəhbərlik etdiyi quruma şikayətlər daxil olur: “Bu problemlə bağlı təşkilatımıza ildə 2-3 şikayət daxil olur. Bu sahədə böyük problemlər var. İstehlakçıların aldadılması, istehlakçılara böhtan atılması faktları var. İstehlakçıya bildiriblər ki, güya paltara ləkə salıb. Bəyin hərbi biletinin və pasportunun götürülərək, ona böhtan atılması və 2400 manat pul tələb edilməsi faktı var”.

Hüseynovun sözlərinə görə, ən ciddi problem toya az qalmış şifahi müqavilə şərtlərinin pozulmasıdır: “Toya az qalmış  geyimlər hazır olmayıb, istehlakçı geyimi başqa yerdən götürməli olub, sonra istehlakçını məhkəməyə verib, pul da qoparmağa nail olublar. Bu problemlər xüsusən toylarda baş verir”.

AİB sədrinin fikrincə, “yaxşı olar ki, gəlinlik paltarları alınsın və toy günündən yadigar olaraq saxlanılsın. Kirayə paltar götürmək bir biznesdir və təəssüflər olsun ki, inkişaf edir”. 

Eyyub Hüseynov qeyd edir ki, müvafiq qanunvericiliyə görə, mağazadan alınan uşaq geyimlərinin geri qaytarılmasına qadağa qoyulsa da, uşaq geyimləri sərbəst şəkildə kirayəyə verilir. Bu da istehlakçı hüquqlarının zəif olması və qanunlardakı boşluqdan irəli gəlir.  

Dermatoloq Elçin Sadıqovun sözlərinə görə, kirayə geyimlər vasitəsilə dərinin parazit xəstəliklərinin yayılması halları daha çox müşahidə edilir: “Buraya bitlilik, qoturluq kimi xəstəlikləri misal göstərmək olar. Bu geyimlərin haradan gəldiyi, hansı şəraitdə saxlanıldığı, kimlərin geyindiyi məlum deyil. Həmçinin, kirayə ayaqqabılar ayaqlarda göbələk xəstəliyinin yaranmasına səbəb olur. Buna görə də, kirayə geyim götürən zaman çox diqqətli olmaq lazımdır”. 

Əlaqədar

Təntənəli toy mərasimləri qadağan edildi
"Toy marşı"nın tarixçəsi
Şəmkirdə toy karvanında qəza: 9 nəfər xəsarət aldı
Toy karvanındakı avtomobillərlə bağlı sərt qadağa təklif olunur
Teqlər:
Toy paltarının kirayəsi, Elçin Sadıqov, Lalə Abdullayeva, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Bakı

Əsas mövzular