CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saçlarını kəsib çaya atan qadınlar və ya yeddi şifrənin sirri

© Sputnik / Rahim MuradovLənkəranda Torpaq çərşənbəsi
Lənkəranda Torpaq çərşənbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Torpaq çərşənbəsi bu bölgəmizdə xüsusi adətlərlə qeyd edilir

Rahim Zakiroglu, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Novruz bayramınadək 4 çərşənbə qeyd olunur ki, bunlar Su, Od, Yel və Torpaq çərşənbələridir. Su çərşənbəsində suların donu açılır, Od çərşənbəsində tonqalların qalanması ilə yerə istilik, hərarət gəlir, Yel çərşənbəsində bahar ab-havası ruhumuzu təzələyir və nəhayət sonuncu Torpaq çərşənbəsində yer oyanır, torpaq nəfəs alır.

© Sputnik / Rahim MuradovTorpaq çərşənbəsi Lənkəranda bayram kimi qarşılanır
Torpaq çərşənbəsi Lənkəranda bayram kimi qarşılanır - Sputnik Azərbaycan
Torpaq çərşənbəsi Lənkəranda bayram kimi qarşılanır

Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya elə "Torpaq çərşənbəsi" adlanır. İnanclara əsasən, Torpaq çərşənbəsi zamanı torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Torpağın oyanışını əcdadlarımız şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılayıblar. Bu inamla bağlı xalq arasında yayılan əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir dövrdə Sel (su), Atəş və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gedirlər. Burada yatan Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun da öz növbəsində "Adamları fəlakətə salan özü fəlakətə düşər" deyib yerindən qalxır. Sel (su), Atəş, Yel və Torpaq xatunlar əl-ələ verib:

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə ömür, təzə məhsul, il gəldi

— oxuya-oxuya işıqlı dünyaya qalxırlar. Məhz həmin gün "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" böyük bayram kimi qeyd edilir.

Azərbaycanın hər bir bölgəsi bu çərşənbələri özünəməxsus şəkildə qeyd edir. Lənkəranda isə yalnız bir çərşənbəni — Torpaq çərşənbəsini xüsusi təmtəraqla qeyd edirlər. 

© Sputnik / Rahim MuradovMinlərlə lənkəranlının iştirak etdiyi "Su üstünə getmək" mərasimi səhər sübh saatlarından günortaya kimi davam edir
Minlərlə lənkəranlının iştirak etdiyi Su üstünə getmək mərasimi səhər sübh saatlarından günortaya kimi davam edir - Sputnik Azərbaycan
Minlərlə lənkəranlının iştirak etdiyi "Su üstünə getmək" mərasimi səhər sübh saatlarından günortaya kimi davam edir

Torpaq çərşənbəsi Lənkəranda bayram kimi qarşılanır. Çərşənbə axşamı ertədən evdar xanımlar evin xalça-palazlarını bayıra çıxarır, tozunu çırpıb yazqabağı havaya verirlər ki, evdəki ab-hava da yenilənsin. Evin kişiləri isə torpağı cana gətirmək üçün bağ-bağçanı, ağacların dibini şumlayır, gövdələrini əhəngləyirlər.

Lənkəranda İlaxır çərşənbəni xüsusi bayram səviyyəsinə qaldıran cəhətlərdən biri də çərşənbə süfrəsidir. Çərşənbə süfrəsində "S" hərfi ilə başlayan 7 əlamət olmalıdır: Su, sarımsaq, səbzi kükü, simuzər (balıq), səməni, səbzi tərə və 7-ci də sini qab. Bütün bunlar hamısı sininin içərisinə yerləşdirilir.

Lənkəranlılar İlaxır çərşənbə axşamı süfrəyə oturmazdan əvvəl həyətlərində ocaq qalayıb üzərindən tullanırlar, özü də qalanan ocaqlar mütləq 7 ədəd olmalıdır. 7 dəfə bu ocaqların üzərindən atlanırlar. Səhəri gün sübh saatlarından isə axar su hövzələrinə gedirlər. Ağırlıqlarını, pisliklərini çayda atır və gələn günlərinin xoş keçməsini arzu edirlər.

© Sputnik / Rahim Muradovİnsanlar özləri ilə gətirdikləri bardaqları çaydan su ilə doldurub əl-üzlərini yuyurlar
İnsanlar özləri ilə gətirdikləri bardaqları çaydan su ilə doldurub əl-üzlərini yuyurlar - Sputnik Azərbaycan
İnsanlar özləri ilə gətirdikləri bardaqları çaydan su ilə doldurub əl-üzlərini yuyurlar

Cavan qızlar saçlarından bir az kəsib çaya atırlar ki, üzlərinə gələn il saçları çay kimi uzun, sağlam və gur olsun. Bəzi qism adamlar isə çaya öz köhnə paltarlarını atırlar ki, gələn ilə təzə paltar geyinsinlər. İnsanlar özləri ilə gətirdikləri bardaqları çaydan su ilə doldurub əl-üzlərini yuyurlar. Hər kəs ötən ilin qalığı kimi suya nəsə atır, suyun paklığına and verib Yaradana öz diləklərini ünvanlayır.

Bəzi inanclara əsasən, bardaqlara doldurulan suya "lal su" da deyilir. Belə ki, bardağa sul dolduran insan doldurduğu suyu evə aparır və evə qədər su aparan şəxs heç bir kəlmə də söz deməməlidir. Yalnız həmini suyu evin künc-bucağına səpəndən sonra öz xoş niyyətini dilə gətirir.

Minlərlə lənkəranlının iştirak etdiyi "Su üstünə getmək" mərasimi səhər sübh saatlarından günortaya kimi davam edir. Lənkəranlılar ən çox Lənkərançayın Xəzər вənizinə axıdığı yerə, daha dəqiq desək, şəhərlə Sütəmurdov kəndinin birləşdiyi yerə gedirlər.

Xəbər lenti
0