CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial mənzillərlə bağlı gözləntilər ümidverici deyil

© Sputnik / Murad OrujovСтроительство жилого дома в Баку, фото из архива
Строительство жилого дома в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Sosial evlər heç bir formada əmlak bazarına təsir etməyəcək. Ən azından yaxın 3 ildə heç nə olmayacaq"

BAKI, 14 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti nəticəsində hazırlanan "Güzəştli mənzil" elektron sisteminin yaradılması və mayın 1-dən etibarən istifadəyə verilməsi nəzərdə tutulur. Sosial təminatı az olan yüzlərlə gənc ailə "Güzəştli mənzil" layihəsini gözləsə də, onların ümidi puç olub. Çünki sosial evləri ancaq 4 faizli dövlət ipoteka kreditini alan şəxslər əldə edə biləcəklər.

© Sputnik / Fuad HasanovƏmlak eksperti Nüsrət İbrahimov
Əmlak eksperti Nüsrət İbrahimov - Sputnik Azərbaycan
Əmlak eksperti Nüsrət İbrahimov

Sputnik Azərbaycan əmlak bazarında gözlənilən dəyişikliklərlə bağlı ekspertlərin rəyini öyrənib. Əmlak eksperti Nüsrət İbrahimov bildirib ki, bu, başlanğıc mərhələdir: "Başlanğıcda hər bir şirkət ehtiyatlı addım atır. Burada da bir qədər ehtiyatlı olmaq lazımdır. Mənim fikrimcə, bu səbəbdən də ilk evlərin dövlət ipoteka fondunun işləyən sistemi ilə satışa çıxarılması düzgün yanaşmadır. Amma ola bilsin ki, növbəti mərhələlərdə siyahı daha da genişlənsin və digər insanların da ev almaq şansı olsun. Bu, gözlənilən haldır".

"Ümumən sosial evlərin tikintisi mənzil bazarında təklif bolluğunu yaradan layihədir. Sosial evlərin tikilməsi də bazara yeni evlərin çıxarılması deməkdir. Bu da rəqabəti artıracaq və əmlak bazarında qiymətlərin stabilləşməsinə səbəb olacaq" — İbrahimov bildirib.

Ekspertin sözlərinə görə, evlərin qiymətinin düşməsi mümkün deyil: "Manat 2 ildə qiymətini çox itirib. Ona görə də, yaxın 2-3 ildə evlərin qiymətinin artımı qaçılmaz olacaq. Sosial evlər isə gələcəkdə, təxminən 3 ildən sonra evlərin qiymətlərinin stabilləşməsinə kömək edəcək. Yaxın 2-3 ildə isə qiymətlərin bahalaşması qaçılmazdır".

Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı söyləyib ki, adından da göründüyü kimi bu fond sosial mənzil fondudur: "Burada mütləq şəkildə aztəminatlı ailələrin mənzillə təmin edilməsi məsələsi təmin edilməliydi. İndiki layihə isə kommersiya layihəsidir. 4 faizlik ipoteka kredit fondunun şərtlərinin eynisidir. Burda yeganə fərq proqramın 5 il fəaliyyət göstərən müəllimlər və bəzi idmançılara aid edilməsidir. Bu, orta umumtəhsil məktəblərində işləyən müəllimlər üçün yaxşı haldır. Hər halda hər kəs ümid edirdi ki, dəyişikliklər olacaq".

© Sputnik / Sabina AliyevaRamil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru  - Sputnik Azərbaycan
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Ekspertin sözlərinə görə, layihənin tutumu müəyyən qədər məhduddur və yaxın gələcəkdə yeniliklərin tətbiq olunması qeyri-mümkündür: "Təəssüflər olsun ki, burada hələlik yeni fikir görmədim. Sosial evlər heç bir formada əmlak bazarına təsir etməyəcək. Ən azından yaxın 3 ildə heç nə olmayacaq. Hesab etmirəm ki, burada sosial evlərinin tikintisi əmlak bazarına təsir edəcək".

İqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, sosial evlərin birinci mərhələdə sosial kateqoriyalı vətəndaşlara veriləcəyi öncədən bəlli idi: "Çünki sosial ipoteka üçün nəzərdə tutulan 50 milyon manat dövlət büdcəsindən sosial evlərin inşası üçün yönəldilib. Bu da o deməkdir ki, bu kateqoriyaya aid olan insanlara sosial evlərin verilməsi gözlənilən hal idi. Birinci il 2000 mənzilin hazırlanıb bu kateqoriyaya aid olan insanlara verilməsi nəzərdə tutulur. Növbəti illərdə, hər il 3000 mənzil olmaqla, sosial evlər yenidən gənc ailələrə təqdim olunacaq. Ümid edirəm ki, digər illərdə siyahı artırılacaq".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Ekspertin sözlərinə görə, ölkə üzrə mənzil tələbatının ödənilməsi üçün hər il 30 min sosial ev satışa çıxarılmalıdır: "Sosial evlərin sayı isə illik cəmi 3 min ədəddir. Bu da əmlak bazarında ev tərtibatının cəmi 10 faizi deməkdir. Belə olanda isə bunun mənzil qiymətlərinə və mənzil bazarında olan şirkətlərin işinə təsiri olmayacaq".

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən, aşağıdakı kateqoriyalara aid olan şəxslər güzəştli mənzil əldə etmək hüququna malikdirlər.

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
1) şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
2) Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
3) məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
4) ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
5) ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
6) fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
7) idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Bununla yanaşı, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də güzəştli mənzil əldə etmək hüququna malikdirlər:
1) elmlər doktoru elmi dərəcəsi olan şəxs;
2) ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
3) ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
4) ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Xəbər lenti
0