07:14 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
12241

Milli Məclis pensiya yaşını və pensiyaya çıxmaq üçün tələb olunan iş stajını artırdı

BAKI, 10 mart — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanunda dəyişikliklər müzakirəyə çıxarılıb. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib.

O deyib ki, qanun 47 maddədən ibarətdir və bunun 22 maddəsinə 98 adda dəyişiklik təklif edilir. Dəyişikliyə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.

Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

H. Rəcəblinin sözlərinə görə, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir: "II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir".

2017-ci il yanvarın 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əmək haqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Milli Məclisin deputatları dəyişiklik layihəsi ilə bağlı çıxış ediblər, təkliflər irəli sürüblər. Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

Hadı Rəcəbli bildirib ki, "Əmək pensiyaları haqqında" qanun layihəsində Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur: "Layihəyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır".

O, bildirib ki, dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb: "Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub".

"Qanun layihəsinə edilən təkliflərdən biri də pensiyanın baza hissəsinin ləğvi ilə bağlıdır. Əvvəl pensiyanın sığorta hissəsi indeksləşirdi, baza hissəsi indeksləşmirdi. Qanun layihəsində pensiyanın baza hissəsi məfhumu aradan götürülür. Bu da insanların ödədiyi məbləğə uyğun olaraq pensiya haqqı deməkdir. Burada baza hissəsi olmayacaq. Pensiyada bir hissə olduğundan indeksləşdirmə olanda daha çox insanlar pensiya məbləğinin artımından faydalana biləcək" — millət vəkili bildirib.

O, qeyd edib ki, məcburi dövlət sosial sığorta haqqının 22%-ni işəgötürən, 3%-ni isə vətəndaş ödəyir. Vətəndaşın ödədiyi məbləğin 50%-i onun hesabında əks olunurdu, digər 50%-i isə Dövlət Sosial Müdafiə Fondunun sərəncamında qalırdı. Bu ədalətsizlik idi. Bizim təklifimizlə vətəndaşın ödədiyi vəsaitin 50%-i yox, 90%-i onun hesabında toplanacaq. Bu da gələcəkdə onun pensiya məbləğinin yüksək olmasına gətirib çıxaracaq.

H.Rəcəbli bildirib ki, qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması maddəsinə təklif edilən dəyişikliyə əsasən, sığorta olunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək olan dövr üzrə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 70 faiz artırılmaqla, 2017-ci il 1 yanvar tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Əlaqədar

Məmur övladlarına xaricdə təhsil almaq qadağan edilməlidir?!
Minlərlə məmur işdən azad edildi
Bu rayonda məmurların yuxusu ərşə çəkilib
Məmur süründürməçiliyindən qurtuluruq
Bu gün pensiya məsələsi həll olunacaq
Pensiya həddini 120 yaşadək artırmaq təklif olunur
Vüqar Bayramlı: Pensiya yaşının artırılması məqsədəuyğun deyil
Teqlər:
əmək pensiyası, pensiya yaşı, dövlət qulluqçusu, qanun layihəsi, yaş həddi, Milli Məclis, deputat, millət vəkili

Əsas mövzular