01:07 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
BakuBus avtobusu

Sürücünün diqqətini yayındıran sərnişini cərimə gözləyir

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
29121

"Giriş qapısının ağzında dayanan, tutacaqlardan tutmayan, avtobusu ona lazım olan yerdə saxlatmağa çalışan, sürücü saxlamayanda qapıları yumruqlayan sərnişinlər var"

BAKI, 6 mart — Sputnik. Azərbaycanda sərnişin daşımasında bir çox problemlərin olması heç kimə sirr deyil. Bu problemlər arasında təkcə sürücülərin sərnişinlərə deyil, sərnişinlərin sürücülərə və digər sərnişinlərə qarşı kobudluğu da var. Belə hallara tez-tez rast gəlmək olur. Xüsusilə də, sərnişinlərin sürücülərə qarşı kobud davranması, sürücünü təhqir etməsi hallarını qeyd etmək lazımdır. Sputnik Azərbaycan bu dəfə sərnişinin məsuliyyətə cəlb olunması məsələsini araşdırıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, təmsil etdiyi qurum hələlik həm sürücülərə, həm də sərnişinlərə qarşı liberal yanaşır: "Çalışırıq ki, maarifləndirmə yolu ilə vətəndaşlara sərnişin mədəniyyətini təbliğ edək. Sərnişinlər avtobusdan istifadə edərkən ümumi qaydalara riayət etməlidirlər. Həm də, bizim sərnişinləri cərimələmək hüququmuz yoxdur. Ümid edirik ki, maarifləndirmə işləri bir nəticə verəcək və sərnişinlər qaydalara riayət edəcəklər".

"BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev qeyd edib ki, son illərdə ictimai nəqliyyatın təşkil olunması sahəsində ciddi addımlar atılmaqdadır: "Sərnişindaşıma xidməti insanların tələblərinə uyğunlaşdırılmaqla yanaşı, bu sahədə beynəlxalq standartlar tətbiq olunur, daha mütərəqqi, qabaqcıl şəhərlərin, meqapolislərin təcrübəsindən istifadə edilir. Əlbəttə, xeyli yol da qət olunub, ancaq problemlər də mövcuddur".

"Hesab edirəm ki, problemlərdən biri, bəlkə də birincisi bu sahəyə insanların baxışı, münasibəti ilə bağlıdır. Avtobusa daxil olan kimi sürücüyə suallar verən, giriş qapısının ağzında dayanan, tutacaqlardan tutmayan, avtobusun salonunda uca səslə danışan, avtobusu ona lazım olan yerdə saxlatmağa çalışan, sürücü saxlamayanda qapıları yumruqlayan, müvəqqəti yaranmış tıxac səbəbindən dayanacağa 3-5 dəqiqə gecikən sürücünü təhqir edən sərnişinlər var. Bu, bir reallıqdır ki, bu gün ictimai nəqliyyata fərdi nəqliyyat vasitəsi kimi baxan sərnişinlərimiz mövcuddur" — M. Piriyev bildirib.

Mətbuat xidmətinin rəhbəri deyir ki, sərnişindaşıma fəaliyyətinin çoxtərəfli münasibətlər sistemi üzərində qurulan bir xidmət növü olduğunu unutmaq olmaz: "Burada sərnişinlər, daşıyıcı şirkətlər, eyni zamanda bu sahəyə yardımçı təşkilatlar, dövlət nəzarətini həyata keçirən qurumlar var. Ona görə də, şikayət edən və ya hər hansı məlumatı ötürən şəxs, media orqanı daşıdığı məsuliyyəti dərk etməli, bütün tərəflərin vəzifəsini, məsuliyyətini nəzərə almalı, hadisəni araşdırmamış günahkar təyin etməməlidir. Ona görə də, bir sahə ilə bağlı ciddi dəyikiliklər gözləyir, tələbkarlıq ediriksə, o zaman özümüz də bu istiqamətdə baxışlarımızı, münasibətlərimizi bir daha gözdən keçirməliyik. Xüsusən də bu münasibətlərin, sosial mühitin formalaşdığı ictimai nəqliyyat və sərnişindaşıma xidmətləri ilə bağlı bir sahədirsə. Çünki burada hər birimiz yeniliklər gözləyən iştirakçıyıq. Bu sahədə uzun illərdən bəri yaranmış neqativ vərdişləri birlikdə tərgitməli, streotipləri birlikdə qırmalıyıq".

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, sərnişinlərin hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirilə və həmiş şəxslər hərəkətinə görə cəzalandırıla bilər: "İnzibati Xətalar Məcəlləsində də xuliqanlıqla bağlı cərimə nəzərdə tutulur. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq oluna bilər".

K. Əliyev onu da qeyd edib ki, əgər vətəndaş nəzərdə tutulan qaydalara riayət etmirsə, digər sərnişinləri narahat edirsə və sürücünün diqqətini yayındırırsa, bu zaman cərimə tətbiq edilə bilər: "Qanunvericilikdə də var ki, nəqliyyat vasitələrinə minib düşərkən təhlükəsizliyə riayət etməyəndə, təhlükəsizlik kəmərini bağlamayanda, maşından və avtobusdan bayıra hər hansı əşya (zibil) atmasına və sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırmasına görə sərnişin məsuliyyətə cəlb edilə bilər. Bu 338.3 maddə ilə nizamlanır və Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Düzdür, demək olar ki, bu halla qarşılaşmamışıq. Amma belə hal olarsa, o zaman sürücü yol polisinə şikayət edərək sərnişini inzibati məsuliyyətə cəlb etdirə bilər".

Əlaqədar

Avtobus sürücüləri nəzarətə götürülüb
"Avtobus sürücülərini 8 saat əvəzinə 14-15 saat işlədirlər"
"Bütün avtobuslar dövlət nəzarətinə keçməlidir"
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilib
Sərnişin avtobusuna eşşək mindirdilər
BNA: Bu şəxslər avtobus sürə bilməyəcəklər
Avtobuslar üçün ayrılmış xüsusi zolaqlar tıxac problemini həll edəcəkmi?
İki yaşlı kişi avtobusda dalaşdı
Teqlər:
Mansur Piriyev, Mais Ağayev, Kamran Əliyev, məsuliyyət, sərnişin, Azərbaycan, sürücü, cərimə

Əsas mövzular